Modern.az

Bir gözünü itirən QAZİ: “Vaxt vardı, doğma torpaqlarımıza durbinlə baxırdıq”  - FOTOLAR

Bir gözünü itirən QAZİ: “Vaxt vardı, doğma torpaqlarımıza durbinlə baxırdıq”  - FOTOLAR

Reportaj

31 May 2021, 15:49

Baş gizir Xəyyam Fətəliyev: “Nəinki gözüm, bütün hər şeyim bu Vətənə, torpağa qurbandır”


Budəfəki müsahibəmizdə sizə Vətən müharibəsində bir gözünü itirmiş, düşmənin xeyli sayda hərbi təyinatlı texnikasını ələ keçirmiş Kəlbəcər rayon sakini, hazırda Yevlaxda yaşayan qazi, baş gizir Xəyyam Yaqub oğlu Fətəliyevdən danışacağıq. Vətən müharibəsinin qızğın döyüşləri zamanı düşmənə qənim kəsilən qazimiz ələ keçirdiyi hərbi qənimətləri arxa cəbhəyə gətirərkən erməni gülləsinə tuş gəlir və bir gözünü itirir.


Arayış:
Xəyyam Yaqub oğlu Fətəliyev 1987-ci il yanvarın 12-də Kəlbəcər rayonunun Moz kəndində anadan olub. Doğma torpaqlar işğal olunduğu üçün Xəyyam ailəsi ilə birgə Yevlax rayonunda məskunlaşıb. Həmin rayonun 3 sayılı orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra hərbçi olmağı qərara alıb. 2012-ci ildən Beyləqan, Füzuli istiqamətində hərbidə xidmət edən qazimizin ürəyi günü-gündən vətən, torpaq həsrəti ilə közərirdi. Baş gizir kimi xidmətini davam etdirən Xəyyam Fətəliyev 2016-cı ilin aprel ayında Füzuli istiqamətində döyüşüb. Döyüş zamanı iki dəfə minaya düşməsinə baxmayaraq, ölüm ondan yan keçib. Daha sonra Xəyyam hərbi xidmətə Ağcabədidə davam edib.
Ötən ilin sentyabrında Vətən müharibəsinə qatılan Xəyyamın döyüş yolu Murovdağ yüksəkliyindən başlayıb. Daha sonra isə Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Xəyyam Fətəliyev elə oktyabr ayının 11-də qənimət kimi götürülən tankı sürüb gətirərkən düşmən tərəfindən raket atəşinə tutulub və döyüş meydanında ağır yaralanıb.


Baş gizir döyüş yolu haqqında daha ətraflı Modern.az-a danışıb.


“Bu vəziyyətdə də vətənim üçün qisas almağa gedərəm”

“Mənim uşaqlıqdan hərbiyə həvəsim olub. 1992-93-cü illərdə ana-bacılarımızın, qız-gəlinlərimizin başlarına açdıqları oyunların qisasını almaq üçün hərbçi olmağı seçmişəm. Hər zaman düşünürdüm ki, vaxt gələcək, bizim qadınlarımızın qisası alınacaq. Şükürlər olsun ki, həmin gün gəldi və mənə o qisası almaq qismət oldu.

Mən hərb sahəsini seçəndə ailəmi, gələcəyimi gözə alıb seçmişdim. İçimdə olan qisas hissi mənə rahatlıq vermirdi. Bu gün artıq şəhidlərimizin ruhunun rahatlıq tapdığını, qisasımız alındığı üçün çox rahatam. Günü bu gün orduya çağırılsam, yenə düşməndən qisas almağa gedərəm.

Biz bu günə qədər doğma torpaqlarımıza durbinlə baxırdıq. Amma qazandığımız Qələbə nəticəsində xalqımız artıq əzəli Azərbaycan torpağı olan Qarabağda rahatlıqla gəzə biləcək.

Mənim xatirələrimdə çəkdiyim əziyyət yox, torpaqlarımızın azad olunması sevinci qalıb. Biz azərbaycanlıyıq və hamımız Azərbaycan üçün yaşamışıq. Torpaqlarımıza fərq qoymuruq. Mən fəxr edirəm ki, bizim düşməndə olan torpaqlarımız yoxdur.

Ən böyük ağrılı yerimiz düşmən tapdağında olan torpaqlarımız idi, ona da məlhəm tapdıq. Bədəndəki yaralar gec-tez sağalacaq. O cür partlayışın, odun-alovun içindən sağ çıxmışam, Allahıma şükür etməliyəm. Nəinki gözüm, canım da Vətənə qurbandır”.



“Yeddi erməni snayper qadınının üzərindən maşınla keçmişəm”

“Vətən müharibəsindən təxminən 3 ay öncə general-mayor Mais Bərxudarov erməniyə qan uddurduğum üçün qolundakı saatı açıb bizim evə hədiyyə göndərmişdi.
Vətən müharibəsinə Murovdağ istiqamətindən başlamışam. Qızğın döyüşlər zamanı insan ölümlə qalım arasında vuruşur. Hamımızın tək məqsədi var idi: düşməni məğlub etmək.

Murovdağ istiqamətində döyüşəndə erməni postuna girib, tankın oçində olan bütün erməniləri güllələdim. Daha sonra həmin erməni tankı ilə qarşıdan gələn maşın kalonunu vurdum, ardınca Azərbaycan bayrağını erməni postunun üzərinə sancdım.

Bəzi məqamlar var ki, danışa bilmirəm. Belə deyim, müharibənin həm görünən, həm də görünməyən hissəsi var. O görünməyən hissədə ermənilərin başlarına çox oyunlar açılıb. Bir dəfə erməni qaınlardan ibarət 7 snayper təcili tibbi yardım maşını ilə gedirdi. Mənim maşınım 81 tondu. Bax həmin maşınla onların üstündən keçmişəm.

Tərtər istiqamətində döyüşən zaman erməni postuna atəş açdım. Onları məhv etdikdən sonra tanklarını, təcili tibbi yardım maşınlarını və digər texnikalarını hərbi qənimət kimi ələ keçirdim. Hərbi qənimətləri arxa cəbhəyə gətirən zaman raket atəşinə tutuldum. Atəş nəticəsində mən sol gözümü itirdim, sağ gözüm isə 9% faiz görür. Bədənimin bir çox yerində qəlpələr var, 12 dəfə əməliyyat olmuşam”.


“Mühasirəyə düşən zaman bir arzum vardı...”

“Döyüş zamanı təbii ki, hər an ölümlə üzləşuirsən. Yaxın, qardaş bildiyin insanı itirmək çox ağırdır. Mənim yaxın olduğum döyüş yoldaşlarım var idi. Onları itirməyim mənə çox pis təsir etdi. Ürəyimdə hər zaman yerlərini saxlayıram. Həftədə ən azı bir dəfə onlara baş çəkirəm.

Mühasirəyə düşdüyüm zaman bir istəyim var idi: Allahdan arzu edirdim ki, mühasirədə ölməyib, qisasımı alım. Ölümdən qorxmurdum, amma qisas almaq istəyirdim. Şəhid olum, amma qisas alım...

Heyfslənirəm ki, doğma ata-baba yurdum olan Kəlbəcər ərazisində gedən döyüşlərə qədər iştirak edə bilmədim. Təsəlli tapıram ki, sonda Kəlbəcər də, Qələbə də bizim oldu. Azərbaycan əsgəri tutduğu mövqeləri, yaşayış məskənlərini sonacan qoruyub saxlaya bildi, aciz, qorxaq erməni kimi döyüş meydanından qaçmadı, daim irəli addımladı, gücünü göstərdi, haqqını aldı”.



Qazimiz 2009-cu ildə Ruhiyyə xanımla ailə həyatı qurub. Dörd övladı var: Yaqub, Ayxan, Yağmur və Zümray. Ən kiçik övladı olan Zümray təzə dünyaya gəlib, müharibədən sonrakı hədiyyədir…


Xəyyam sağlıq durumundan danışarkən bildirib ki,ona  donor göz qoyulub, amma qəlpə beyni doğradığına görə bədəni qəbul etməyib:


“İsraildən həkimlər gəldi. Başımda 8 qəlpə var idi, 6-sını israilli həkimlər çıxartdı. Hazırda iki qəlpə var. 12 dəfə əməliyyat keçirmişəm.

Ən böyük övladım Yaqubun 11 yaşı var. Mənimlə söhbət edəndə hər zaman hərbidən sual verir. Həftə sonları oğlumu xidmət etdiyim əraziyə aparırdım. Ermənilərin bizim xalqımıza qarşı törətdiyi təcavüzdən danışıb, ona torpaq sevgisini başa salırdım. Balaca oğlum Ayxanın 6 yaşı var. Mənə sual verdi ki, “Ata, sən Kəlbəcərdən didərgin düşəndə neçə yaşın var idi”. Dedim ki, oğlum 6 yaşım vardı. Mənə dedi ki, “Ata, mən sənlə və döyüşən igidlərimizlə fəxr edirəm. Çünki mənim də 6 yaşım var və mən də ata yurdumu görəcəm”.



Qazimizin ömür-gün yoldaşı Ruhiyyə Fətəliyeva qeyd edib ki, onun geri qayıdacağına hər zaman inanıb:

“Biz Xəyyamla sevib ailə həyatı qurmuşuq. Fəxr edirəm ki, Xəyyam kimi həyat yoldaşım var. O döyüşdə olanda heç vaxt qorxmadım. Bilirdim ki, geri qayıdacaq. Düzdür, yaralanmağı çox təsir etdi, amma əsas odur ki, qisasımız alındı. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin”.


Baş gizir Xəyyam Fətəliyev qəhrəmanlıqlarına görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.


Allah sizi qorusun, igid əsgər!



Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub