Modern.az

Dünyada və Azərbaycanda böhran təhsili

Dünyada və Azərbaycanda böhran təhsili

Təhsil

1 İyun 2021, 09:12

Sona Əliyeva

Koronovirus pandemiyasının təhsilə təsiri

Koronavirus pandemiyasının müvəqqəti davam edəcəyi düşünülməməlidir. Çünki urbanizasiya prosesinin artması, qlobal hərəkətliliyin sürətlənməsi və dəyişən qidalanma rejimlərimiz sayəsində qlobal epidemiyaların on ildən bir fərqli miqyasda təkrarlanacağı proqnozlaşdırılır. Bu, "evdə təhsil" (home schooling) və interaktiv virtual/onlayn təhsilin yaxın illərdə daha çox yayılacağını göstərir.

Bu gün informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı digər sahələrdə olduğu kimi, təhsilin də rəqəmsallaşdırılmasını sürətləndirir. Dünyanın bəzi universitetləri on illərdir bu sahəyə investisiya qoyur. Məsafədən təhsil verərərək sertifikatlar və diplomlar verirlər. Bu  tendensiyalar yaxın illərdə geniş vüsət alacaq. Eyni zamanda, təhsildə rəqəmsallaşma artıq bir zərurətə çevriləcək.


Koronavirus pandemiyasından sonrakı dövrdə də,  onlayn  təhsil artıq bir seçim deyil, məcburiyyət olacaq


Hal-hazırda, yaşadığımız pandemiya şəraitində  virtual sinif imkanları təklif edən platformaların istifadəsi  çox sürətlə artır. Google Classroom, Moodle, JoVE, Kahoot!, Pearson, Cisco Webex ClassMaster, Zoom, Adobe Connect, Learning Age, Bloomz, CirQlive, Edhelper, G Suit for Education, Kiron kimi platformalar ibtidai sinifdən başlayaraq  doktorontura təhsilinə qədər təhsilin bütün pillələrində bütün dünyada aktiv istifadə olunur. Həmçinin, dövlət və qeyri-hökumət təşkilatları da bu platformalarda fəaliyyətlərini, maarifləndirici təlimlərini  davam etdirirlər.

Ölkəmizdə də, ilk yoluxmanın qeydə alındığı 28 fevral 2020- ci il tarixindən başlayaraq hər bir sahədə mövcud fövqəladə hadisə  ilə əlaqədar müxtəlif qərarlar alınmağa başladı. Təhsil Nazirliyi  pandemiya ilə əlaqədar 2 mart tarixindən əhalinin ən hərəkətli qrupu olan uşaq və gənclərin təhsilinin dayandırılmasına qərar verdi. Nazirlər Kabinetinin digər qərarı ilə ölkə ərazisində 7 martdan etibarən ölkə ərzasində təhsilə  fasilə verilməsi elan edildi.

Demək olar ki, hər bir ailənin təhsillə birbaşa və dolayı əlaqəsi olduğunu  nəzərə alaraq, alınan və tətbiq olunan qərarın doğru olduğunu  söyləmək olar. O gündən bu günə qədər fasilələrlə təhsil ocaqları fəaliyyətinə gah onlayn,  gah da ənənəvi qaydada davam edir. Görünən odur ki, pandemiya yaxın müddətdə bitməyəcək və bitəcəyi zaman da məlum deyil.

Bəs dünyada və ölkəmizdə baş alıb gedən qeyri müəyyənlikdə təhsil sistemimiz hansı uzunmüddətli, çevik, alternativ proqram və strategiyalara malikdir?

Uzun zamandır ölkədə distant təhsillə bağlı müzakiərələr gedirdi, lakin birmənalı olaraq distant təhsilə keçidlə bağlı hüquqi və maddi texniki baza hazırlıqları  aparılmırdı. Hələ də bu  təhsilalma forması ilə bağlı ziddiyyətlər var, amma, görünən odur ki, artıq seçim və məcburiyyətimiz onlayn təhsildən yanadır. Təssüf ki, kütləvi şəkildə şagirdlərə sərbəst öyrənmə bacarıqları öyrədə bilmədiyimiz  təhsilimizdə distant təhsilə keçid kifayət qədər ləng, keyfiyyətsiz və ağrılı proses olaraq qalmaqdadır.


Azərbaycanın cari reallığında təhsilin rəqəmsallaşması prosesində 4 kriteriyanın ödənilməsi çox vacibdir.

  • Texnoloji infrastrukturun yaxşılaşdırılması
  • Təhsil işçilərinin onlayn mühitdə təlim bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması
  • Onlayn mühitdə effektiv təhsil məzmununun yaradılması
  • Onlayn təhsil formasına uyğunlaşdırılmış ölçmə- dəyərləndirmə sisteminin yaradılması. 

 

Xüsusilə son 10 ildə Azərbaycanda təhsilin texnoloji maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində önəmli qərarlar alınıb. Proqramlar qəbul olunub və həyata keçirilib. Pandemiya dövründə qısa müddət ərzində televiziya vasitəsilə teledərslərin yayımı, internet resusrslarında tədris materiallarının yerləşdirilməsi, Virtual Məktəb layihəsi vasitəsilə interaktiv  şəkildə tədrisin genişləndirilməsi kimi  böhran dövründə çevik qərarların alınmasıyla gələcəyə yönəlik mühüm addımlar da atılıb.

 

Lakin unutmaq olmaz ki, indiki  halda hər evə çata bilən onlayn təhsil infrastrukturunun və onun tələbə bazasının formalaşdırılması çox vacibdir. Azərbaycanda ucqar kənd və rayonlarda yaşayan bərabər internet resurslara və texnoloji imkanlara sahib olmayan ailələr və onların təhsildən kənarda qalan övladları var.

 

Həmçinin böhran dövrününün təhsilinin idarə olunmasında kifayət qədər bacarıq və səriştəsi olan, bu və ya digər formalarda keyfiyyətli təhsili təşkil və təmin edəcək təhsil idarəedicilərinə də ciddi ehtiyacın olduğu inkarolunmaz faktdır. İndiki halda həm də,  rəqəmsal infrastruktur sərişətsinin olması təhsil idarəedicilərinin fəlaiyyətini təmin edən ən vacib meyarlardan biridir. Çünki yerindən, şəraitdən asılı olmayaraq keyfiyyətli təhsilin verilməsi və “təhsildə ədalət”  prinsipinin ödənilməsi üçün bütün imkanların təmin edilməsi vacibdir, ehtiyacdır və təhsil almaq hər bir şəxsin hüququdur.

 

Onlayn təhsildə müvəfəqiyyətin ən vacib komponenti yenə də insan resurslarıdır- təhsil işçiləri, müəllimlər, təhsil idarəediciləridir. Onların hamımız üçün yeni olan böhran- pandemiya şərtləri altında yeni təhsilalma forması-onlayn təhsilə adaptasiyası baxımından ciddi şəkildə maarifləndirilməsinə və  dəstəklənməsinə ehtiyac var.

 

Cəmiyyətin bir çox üzvü kimi müəllimlərin də  müəyyən qrupu yeni texnologiyaların istifadəsində tərəddüdlüdürlər və ya bu kimi bacarıq və səriştələri zəifdir. Bundan başqa  onlayn təhsilə olan baxış və yanaşma da əksərən  yanlışdır, çünki onlayn təhsil məsafədən informasiya, bilik  ötürülməsindən ibarət olmamalıdır, onlayn təhsil yeni şərtlərdə təhsil ocaqlarında həyata keçirilən təlim-tədris prosesinin virtual məkana ötürülməsindən, əxlaqi-tərbiyəvi mühitin, şəxsiyyətin formalaşması prosesində məktəbin oynadığı rolun bu və ya digər formada virtual məkana inteqrasiyasından ibarət olmalıdır. Artıq mövcud vəziyyətdə təlim-tədris prosesinin məənəvi-psixoloji aspektləri analiz olunmalı,   təhsilin məzmunu yenilənməlidir. Bizim təhsil sistemimizdə isə bununla bağlı araşdırma nəticələri hələ ki, yoxdur...

Bilik və informasiyanın ötürülməsi məsələsinə gəldikdə isə, internet resurslarında istənilən mövzuda istənilən dərs, mühazirə mətnlərini istənilən dildə vizual və ya yazılı  formada tapmaq mümkündür. Demək ki, informasiyanın əldə olunması və ötürülməsi, tədris mühiti ilə eyniləşirilə bilməz...

 

Artıq bir ildən çoxdur ki. Təhsilin bütün pillələrində onlayn təhsilalma formasında tədris davam etdirilir. Ənənəvi təhsilə fasilə verildiyi bu mərhələdə təhsilalanlaeın zamanlarını daha faydalı keçirməsi və təhsillərinə davam etməsi yaxşı haldır. Lakin, təhsilalanların müəllim nəzarətindən kənarda rəqəmsal təhsil alma imkanları arzuolunmayan nəticələrə də gətirib çıxara bilər. Təlim tədris prosesinin effektivliyinin artırılması baxımından müəllimin şagirdləri izləməsi və prosesi əlaqəli şəkildə həyata keçirməsi şərtdir.

 

Danılmaz reallıqdır ki, bir çox təhsilalanlar onlayn təhsilalma formasında bir çox sui istifadəyə yol verirlər, bu istər dərslərin davamlı izlənməsi ilə bağlıdır, istərsə də qiymətləndirmə prosesi ilə.. Bu məqamda vicdanlı müəllimin vəzifələri artmaqda davam edir və hər bir şagirdin qeyri - müəyyən zamanda onlayn təhsilini daha səmərəli davam etdirməsi üçün, təhsilalanların öyrənmə mühitinin necə olması, rəqəmsal mühitdə təqdim olunan mühazirələrin, dəərslərin izlənmə müddətinin təqibi, valideyin-şagird arasındakı ünsiyyət kimi şagirdin akademik - psixoloji inkişafına təsir edəcək ünsürləri izləməsi, müdaxiləyə ehtiyac duyulduğu  məqamlarda lazımi müdaxilələri etməsi öhdəliyi də müəllimlərə həvalə edilir...

 

Müəllimlərin özlərinin də virtual təhsil prosesinin idarə olunmasında, təhsil texnologiyalarının istifadəsində ciddi şəkildə dəstəyə ehtiyacı var.  Virtual tədris bir çox məqamlarda ənənəvi dərslə eynidir. Lakin bir çox cəhətləri  ilə də fərqlənir. Bütün sinif üzərində tam nəzarət və motivasiya imkanları çox məhduddur. Müəllim bədən dilindən də istifadə edə bilmir, həmçinn sinifdaxilində şagirdlərin öz həmyaşıdlarından öyrənmə imkanları da azdır. Virtual dərsdə şagird diqqətinin davamlılığını qorumaq və onu motivasiya etmək, həvəsləndirmək müəllimin ən çətin vəzifələrindəndir. Virtual dərsin bu  kimi zəif cəhətləri dərsdən sonra qiymətləndirmə prosesinə yenidən baxmağa vadar edir və burda da yeni mexanizmlərin hazırlanması vacibdir.

 

Şagirdləri maraqlandıracaq təhsil materiallarını hazırlamaq, internet resurslarında faydalı təlim materiallarını tapmaq  və ya internet resurslarını effektiv tədris materiallarına çevirmək və ya ya tədris vasitəsi kimi istifadə etməsi üçün müəllimlərə  peşəkar metodiki kömək göstərilməlidir. Ənənəvi təhsildən fərqli olaraq biliklərin birbaşa ötürülməsindən çox, müəllim tədris fəaliyyətinin planlaşdırılması, idarə edilməsi,  fikir, düşüncə formalaşdırılması və tədris prosesinin  lideri rolunda çıxış etməlidir.

 

Onlayn təhsil davamında “davamlı müəllim inkişafı” üçün böyük bir fürsət yaradır. Başqa çıxış yolu olmadığından müəllimlər də səmərəli onlayn təlimlərə ehtiyac duyacaq  və faydalanacaqlar. Azərbaycan milli təhsil sistemində bunun bir fürsətə çevrilməsi çox vacibdir. Uzun illərdir ki, müzakirə və mübahisə predmeti olan distant təhsilin təcrübədə sınaqdan keçirilməsi, effektivliyinin yoxlanılması üçün  ideal zamanlamadır. Üstəlik, aparılan araşdırmalarda distant təhsil sisteminin müsbət keyfiyyətlərinin və boşluqlarının aşkarlanması hansı təhsil pillələrində istifadə olunması eləcə də yeni təhsil  məızmunu fonunda müəllimləri aktivləşdirəcək virtual mexanizmlərin hazırlanması üçün də faydalı olacaq.

 

Müəllimlərin ehtiyac duyquqları ilkin mövzularda 3 dəqiqəlik maarifləndirici videolar, virtual seminar mühitləri, virtual təhsil üçün uyğun ölçmə və qiymətləndirmə txnikalarının yaradılması, virtual tədris materallarından necə istifadə etməyi öyrədən videoda videolar və s mütəmadi olaraq müəllimlərə təqdim olunmalıdır. Həmçinin müəllim və şagirdlər üçün müxtəlif tətbiqetmələr də təqdim edilə bilər. Hazırda dil öyrənmə tətbiqləri kifayət qədər populyardır və bunları təhlil  edərək anoloji təcrübələri  təhsil sisteminə gətirmək mümkündür.

 

Koronovirus pandemiyası Azərbaycan da daxil olmaqla bütün dünyada alternativ təhsil imkanlarının yaradılmasını vacib edir. Təhsil texnologiyalarında əldə olunan nailiyyətlər, qarşılıqlı əlaqələrin çox məhdud olduğu köhnə təhsil modelindən fərqli olaraq eyni zaman kəsiyində interaktuv, keyfiyyətli və açıq təhsil təklif edir.

 

Pandemiya müddətində onlayn təhsil təcrübəsi artıq virtual təhsilin hansı istiqamətlərdə inkişaf etdirilməsi və virtual təhsil imkanlarından necə yararlanmaqla bağlı fikir formalaşdırdı. Azərbaycanın virtual təhsilə keçidlə bağlı bir çox üstünlyü var, İKT-dən bacarıqla istifadə edən gənc və intellektual səviyyəsi yüksək müəllim ordusu, İnformasiya texnologiyaları üzrə mütəxəsislər, keyfiyyətli virtual təhsil məzmunu yarada biləcək insan resursları, ölkə əhalisinin böyük əksəriyyətinin internetə çıxışının olması vəs.

 

Ən zəif tərəfimiz isə məktəblərdə  virtual təhsil proseslərinin effektiv idarə edə biləcək təhsil idarəedicilərinin az olmasıdır. Yeni zaman reallığında, yeni tələblərin əsasında uğura aparan yeganə yol  təhsil rəhbərlərinin və müəllim heyətinin yeni çağırışlara hazırlanmasıdır.  Ümid edirik ki, yaranmış böhran vəziyyətindən çıxmaq üçün uyğun çıxış yolları qısa zamanda tapılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi