Modern.az

Bizimkilər: “Yazılarım həmişə başıma bəla olub” - AzTV-nin əməkdaşı - FOTOLAR

Bizimkilər: “Yazılarım həmişə başıma bəla olub” - AzTV-nin əməkdaşı - FOTOLAR

1 İyun 2021, 10:03

Nigar Etibar: “Dəliqanlı vaxtlarımın reaksiyası məni TV macərasının içinə atdı”


Modern.az
 saytı “Bizimkilər”rubrikasına davam edir. Biz bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikanın budəfəki qonağı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində rəis müavini Nigar Etibardı.


Arayış:
Əsədova Nigar Etibar qızı 1989-cu ildə anadan olub. Ali təhsilini Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində aldıqdan sonra 2011-ci ildən Azərbaycan mətbuatında fəaliyyət göstərir. Müxtəlif KİV-lərdə çalışıb. Hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində rəis müavini vəzifəsindədir.


- Nigar xanım, söhbətimizə ənənəvi sualla başlayaq: bu sahəyə sizi xüsusi sevgi gətirib, yoxsa tale? Bu sahəni seçdiyiniz zaman ailənizin reaksiyası necə oldu?


- Mən jurnalist olmaq istəyəndə hələ çox uşaq idim. Dəftər-kitabımın üstünə “Gələcəyin jurnalisti” yazırdım həmişə. Anam ciddiyə almırdı. Universitetə imtahan verəndə isə reaksiyası çox kəskin oldu. “Qız uşağı əlinə mikrofon alıb küçələrə düşəcək?” deyib jurnalistika ixtisasını kodlaşdırmağa qoymurdu. İngilis dilini yaxşı bildiyim üçün tərcüməçi olmağımı istəyirdi. Kodlaşdırmanın son günü idi. Gecə oturub ağlayırdım. Atam gördü, səbəbini soruşdu. Dərdimi dedim. Dedi, get o kağızı gətir bura. Siyahıdan hansısa ixtisası çıxartdıq, jurnalistikanı yazdıq. Yığdığım bal ilə jurnalistikaya düşdüm. Bu hadisənin şərəfinə atamın adını özümə təxəllüs götürdüm.

Bir məqamı da qeyd etmək istəyirəm. İndi AzTV-nin Şərqi Avropa üzrə müxbiri Elzar Ağayev mən uşaq olanda ANS-də işləyirdi. Eyni binada qalırdıq. Elzar evə bəzən ANS-in maşını ilə gedib gəlirdi. Həmişə onu görəndə deyirdim ki, mən də Elzar kimi jurnalist olacağam. Onda mənim 7-8 yaşım olardı, ya olmazdı. Elzar məni heç tanımırdı. Onunla mən mətbuatda çalışmağa başladıqdan sonra tanış olduq. Danışdım, özünə də xoş oldu. Tale elə gətirdi ki, indi iş yoldaşıyıq, eyni KİV-də çalışırıq.


Sevgi, yoxsa tale məsələsinə gəlincə, düşünürəm ki, uşaqlıqdan göylərə ötürdüyüm mesaj qəbul olundu, sevgim mənim üçün tale yazdı.


Anam isə indi “əlinə mikrofon alıb küçələrə düşən” övladının ən böyük fanatıdır. Hər yazdığımı, hər çəkdiyimi izləyib fəxr edir. Eyni zamanda, ən böyük tənqidçimdir. “Belə yazsaydın, daha yaxşı olardı, belə desəydin, daha düz olardı” deyə mesajlar alıram tez-tez.



- Əvvəl yazılı mediada çalışmısınız, indi də televiziya sahəsində fəaliyyət göstərirsiniz. Hansı daha çətindir?

- Əslində, aktiv jurnalistikaya televiziyada – “Lider” TV-də başlamışam. CV göndərmişdim, elə həmin gün çağırdılar. Müsahibə elədilər. Əlimdə Dostoyevskinin “Cinayət və cəza” kitabı var idi. Müsahibəni götürən şəxs bu əsərlə bağlı fikrimi soruşdu. Dedim, bəyənməmişəm. Ovaxtkı yanaşmama görə fikrimi necəsə əsaslandırmışdım.


Çıxanda düşündüm ki, bu iş burada bitər, çağırmazlar. Amma növbəti gün zəng gəldi. Beləcə, “Səda” xəbərlər departamentində işə başladım. Sonra maraqlananda demişdilər ki, fərqli yanaşma hər zaman bəyənilir. Raskolnikovun “dəlilik”lərinə dəliqanlı vaxtlarımın reaksiyası məni TV macərasının içinə atdı.


“Lider” TV-də müəllimimiz AzTV-nin hazırkı sədri Rövşən Məmmədov olub. Rövşən müəllim BSU-da da mənə dərs keçib. Tale elə gətirdi ki, “Səda”ya yeni gələn müxbirlərlə məşğul olmağı da ona tapşırdılar. Beləcə radio və TV-nin həm nəzəriyyəsini, həm də təcrübi biliklərini Rövşən müəllimdən öyrəndim.


TV-də parlament müxbiri olmaq istəyirdim, istəyimə çatdım, sonra uzaqlaşdım. TV-nin çərçivələri məni sıxırdı. Özümü yazılı mətbuatda görürdüm, elə orada da tapdım.


Aznews.az-da işə başladım. Baş redaktor o vaxt Elçin Zahiroğlu idi. Elçin mənim yazılı mətbuatdakı müəllimimdir. Onun yazdığı yazıları diqqətlə oxuyurdum. Yanaşmalarını izləyirdim. Xəbərlərə qoyduğu başlıqlara baxırdım. Pis şagird olmamışam, məncə. Elə mənə redaktorluq postunu da o verdi. Uzun müddət bir yerdə işlədik, Bakupost.az saytını yaratdıq, Medicina.az-ı qurduq. Oradan çıxmazdan qabaq da hər iki sayta özümdən sonra güvəndiyim şəxsləri qoyub getdim.


AzTV-dən dəvət alanda isə buradakı dəyişiklikləri görüb bu prosesin iştirakçısı olmaq qərarına gəldim.


Amma indi də TV-də çalışdığımı deyə bilmərəm. Mən TV-nin yazılı sahəsindəyəm – İctimaiyyətlə əlaqələr və sosial media şöbəsi. Bu sahə mənə daha doğmadır.


Yeri gəlmişkən, bu müsahibəyə hazırlaşarkən oxudum ki, “Lider” TV-nin fəaliyyətinə xitam verilib. Açığı, pis oldum. Həm nə qədər həmkarımız işsiz qaldı, həm də fəaliyyətimin bir dövrünün bu kanalla qapandığı yadıma düşdü.


- Reportajları, müsahibələri jurnalist üçün əziz olur. Özünüzün də dəfələrlə oxuduğunuz müsahibəniz, reportajınız, yazınız olubmu?

- TV reportajlarımdan bəzilərinə dəfələrlə baxmışam. Çox bəyəndiyim üçün yox, nəyi daha yaxşı edə bilərdim deyə baxmışam. “Lider” TV-nin “Youtube” kanalının ən çox izlənən 3 videosundan biri “avtoxuliqan”larla bağlı hazırladığım reportaj idi. 1 milyona yaxın izlənmə var idi. Kanal bağlanıb indi, səhv etmirəmsə.


- Çalışdığınız müddətdə başınıza gələn ən yaddaqalan hadisəni bizimlə bölüşə bilərsiniz?


- “Avtoxuliqan”lardan danışmışkən, elə o hadisəni deyim. Reportajım üçün “avtoş” axtarırdım. Tanış-bilişə demişdim. Bir nəfər tapıldı. Biz “ağıllılar” da gedib AMEA-nın yanında çəkiliş edəndə yol polisi gəldi. Zəng etdim redaksiyaya, dedilər, öz səhvindir, həll elə.


“Avtoş”la da dalaşdıq. Polis rəisi yaxşı adam çıxdı, bölmədən buraxdı hamımızı.


Həmin “avtoş” bu yaxşılığımın əvəzində mənə dedi ki, sabah gəl maşın bazarına, sənin üçün şou təşkil edəcəyəm. Gedəndə nə görsəm yaxşıdır? 15-20 ədəd “07” bizi gözləyir. Əla çəkiliş etmişdik. Hətta mənim üçün pis, amma süjet üçün çox yaxşı bir məqam oldu: iki maşın yüngül qəza elədi. Şükür ki, heç kim xəsarət almadı. Süjet böyük maraq doğurmuşdu.


Özüm də bir dostumun “07”sində dəniz qırağında “avtoş”luq öyrəndim, stendapımı elədim. Çəkilişdən sonra o maşının da “Fatihə”sini oxuduq. Öyrənən vaxt o qədər pis sürmüşdüm ki, avtomobil 1 həftə ustada qaldı.


Onlayn mətbuatdakı yazılarım isə çox vaxt başıma bəla olub. Aznews.az-da yazdığım ilk yazıya və onun başlığına görə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova böyük bir mətbuat konfransı keçirmişdi. Onda ilk şoku keçirmişdim. Mehriban xanıma böyük hörmətim var, sonra barışdıq.

ANS bir dəfə çalışdığım saytı və məni yazıma görə məhkəməyə verib, külli miqdarda təzminat tələb etmişdi.


Vəzifəli bir şəxsin (indi vəzifədə deyil) oğlu ilə bağlı faktlarla yazdığım yazıya görə 1 həftəyə saçım ağardı desəm, yalan olmaz. O qədər təzyiq gəlmişdi ki, artıq təhlükəsizliyimdən əmin deyildim. Hətta həmin ərəfədə metroda yanımda bir oğlan qışqırmışdı, həyəcandan ürəyim getmişdi.


Başıma bəla yazılarım çox olub, onlarla macəralar yaşamışam.


- Bəzi həmkarlarımız fəaliyyətlərini ölkə xaricində davam etdirirlər. Heç ölkəni tərk etmək barədə düşünmüsünüz?


- Hələ ki bu barədə düşünmürəm. Amma xaricdə təhsil alacağam. Belə bir planım var.


- Gələcəyinizi birgə yaşamaq üçün seçdiyiniz insan da jurnalistdir. Necə tanış olmusunuz?



- Maraqlısı odur ki, eyni sahədəyik, amma biz hansısa tədbirdə, hansısa mətbuat nümayəndələrinin yığıncağında yox, İnstaqram-da tanış olmuşuq. Mən güzgünün qarşısında şəkil paylaşmışdım, gəlib orada kompliment yazmışdı. İlk ünsiyyətimiz onda oldu. Sonra bildi ki, mən də mətbuat adamıyam, beləcə, sadəcə mətbuatdakı digər dostlarım kimi onunla da münasibətimiz yarandı.


Bəxtiyar 5 il mənim dostum olub. Bu müddətdə aramızda heç nə olmayıb. Dost kimi görüşmüşük, danışmışıq, dərdləşmişik.


İndiki münasibətimiz isə Oxu.az-da başlayıb. Mən Oxu.az-da işləyəndə bizə axşam növbəsinə redaktor lazım idi. Bəxtiyar da həmin vaxt işdən yeni çıxmışdı. Çağırdıq, gəldi. İş mühitində bir-birimizi daha yaxşı tanıdıq. Hər gün bir-birimizin bilmədiyimiz keyfiyyətlərini kəşf edirdik. Bir gün gəlib siyirtməmdə mənə yazdığı qeydi tapandan sonra başladı hər şey.

- Nişanlınızla eyni sahədə çalışmağınız sizin üçün çətinlik yaratmır?

- Əksinə, mənə dəstək olur, başa düşür. Yad sahənin insanı olsaydı, yola getməzdik bəlkə. Bizim işimizin saatı yoxdur, bunu ancaq bu sahədən olanlar anlaya bilər. Hər gün bir-birimizin işini dəyərləndiririk, o mənim səhvimi deyir, mən onunkunu. Mənim televiziya təcrübəm Bəxtiyarınkından çoxdur deyə, reportajlara gedəndə məsləhətləşirik. O da redaktor kimi məndən daha təcrübəli olduğu üçün həmişə onun fikirlərini öyrənirəm, soruşuram. Bəxtiyar mənim canlı orfoqrafiya lüğətimdir. Dilimizin qaydalarını o qədər gözəl bilir ki, dillə, ədəbiyyatla bağlı müzakirələrdə onu heyranlıqla dinləyirəm .



- Əhd etmisiniz ki, karantin bitəndə Şuşada toy etmək istəyərsiniz. Bununla bağlı kiməsə müraciət edəcəksiniz?

- Bu istəyimiz ictimailəşəndən sonra bəzi şəxslərin şərhini gördüm: “Şuşa alınmasaydı, evlənməyəcəkdilər?” kimi...


Biz əhd edəndə Şuşa hələ azad olunmamışdı. Lakin hamımız hiss edirdik ki, Şuşa işğaldan azad olunacaq. Onda əhd elədik ki, igidlərimiz Şuşanı alsın, pandemiya səbəbindən edə bilmədiyimiz toyu orada edək. Bu barədə Bəxtiyar “feysbuk”da da yazmışdı.


Deputat Tural Gəncəliyevin toylarla bağlı müraciətindən sonra Bəxtiyar 2020-ci ildə yazdığı statusu xatırlatma kimi paylaşdı. Bu da böyük ajiotaja səbəb oldu.


“Qarabağa Qayıdış” İB-yə müraciət etmişik. İnanırıq ki, Şuşada toyu olanlardan biri də biz olacağıq.


- Söhbətimizi bu sualla sonlandıraq: jurnalist olmaq istəyən gələcək həmkarlarınıza sözünüz varmı?

- Milli Mətbuat günündə bir status yazmışdım: “Bizdən sonra gəlmək istəyənlərə demək istəyirəm ki, gəlməyin!” Təbii ki, zarafatla yazmışdım. Bu sahəyə içində xüsusi sevgi yoxdursa, tanınmaq, aparıcı olmaq üçün gəlirsənsə, əvvəl-axır gedirsən. Bu sahədə günün sonunda yorğunluğundan zövq almırsansa, bəri başdan uzaqlaşmaq lazımdır. Bu sahə qarşılıqlı sevgi tələb edir. Əks halda, ayrılmaq məcburiyyətində qalacaqsan.


Fidan İlqar  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?