Modern.az

Alçaq cinayətlərin azyaşlı QURBANLARI...

Alçaq cinayətlərin azyaşlı QURBANLARI...

1 İyun 2021, 11:45

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.


1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Sonrakı ildən etibarən həmin tarix Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi əbədiləşdi.


BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan da müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.


Ölkəmizin qanunvericiliyində uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biri olaraq göstərilib. Uşaqlar bizim gələcəyimizdir, onların gələcəyi ölkənin gələcəyi deməkdir. Buna görə də onların sağlam, rahat böyümələri üçün hər cür şərait yaradılmalıdır.


Əfsuslar olsun ki, müasir reallıqda uşaqlar müharibə, yoxsulluq, ciddi xəstəliklər, böyüklərin laqeydliyi, zorakılıq, zərərli məlumatlar və digər bu kimi təhlükələrə məruz qalırlar.


Bunlardan ən dəhşətlisi müharibə nəticəsində öldürülməkdir.


Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 30 ildir davam edən müharibə onlarla azərbaycanlı uşağın həyatına son qoyub, yüzlərlə uşağın əlillik qazanmasına, qaçqın-köçkün düşməsinə, valideyn himayəsindən məhrum olmasına gətirib çıxarıb.

Modern.az
saytının əməkdaşı bu günə qədər öldürlən uşaqlarla bağlı kiçik araşdırma aparıb.



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə yaydığı müraciətdə bildirib ki, təkcə 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 10-dan çox uşaq həlak olub, 50-si yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib.

Amma Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü dövründə çoxsaylı belə hallar olub. Yəni həm həm Ermənistandan soydaşlarımızın  deportasiyası zamanı, həm Birinci Qarabağ müharibəsi dövründə, o cümlədən Xocalı soyqırımı törədilərkən azərbaycanlı uşaqlara qarşı dəhşətli cinayətlər törədilib.

1988-ci ildə soydaşlarımız Ermənistandan qovularkən  yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşdü. Körpələr qurd-quşa yem oldu.


1988-ci il dekabrın 5-də Ermənistanın Spitak şəhərində ermənilər 17 nəfər azyaşlı azərbaycanlı uşağı böyük diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq edib, onları qətlə yetiriblər. 

Elə həmin ilin noyabrında Ermənistanın Quqark bölgəsində də bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblar.

Ermənilər münaqişə müddətində yaşlıya, qocaya, cavana işgəncə verdikləri kimi körpələrıə də o cür davranıblar. Onlar hətta südəmər körpəni də ananın qucağından qoparıb qarın üstünə atıblar.

Elə bölgələrimiz, kəndlərimiz var ki, orada ilk şəhidlərimiz məhz körpələr olub.

Kəlbəcərin ilk şəhidlik qisməti 8 uşağa qismət olub: Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş).


Onların günahı nə idi, ermənilərə nə etmişdilər?


1989-cu ildə Qarabağın Kərkicahan qəsəbəsində öz bağlarında oynayan 11 yaşlı Nadir İbrahimovla 9 yaşlı Nicat ermənilər tərəfindən güllələnmişdi.

1988-ci ildə Ermənistanın Sevan şəhərində 22 nəfər azərbaycanlı uşağını su quyusuna ataraq boğublar.


Qarabağda Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlar olub.

Xocalı soyqırımının amansızlığını göstərən faktlardan biri elə həmin 63 uşağın qətlə yetirilməsidir. Faciə zamanı 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Günahsız körpələrin başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb. Qanlı cinayət nəticəsində, həmçinin 76 uşaq əlil olub. Şahidlərin sözlərinə görə, ermənilər hətta öldürdükləri uşaqların sinəsini yararaq ürəklərini çıxarıb, cəsədlərini tikə-tikə doğrayıb və bundan həzz alıblar.


Ermənistan ordusu 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovu, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirib.


2019-cu il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi - 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 10-dan çox uşaq həlak olub, 50-si yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib.


Ötən il Vətən müharibəsi sırasında Gəncəyə olunan raket hücumu nəticəsində 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itiriblər. 


Həmin terror hadisəsi nəticəsində həmçinin körpə Nilay da hər iki valideynini itirib. Onun atası Adil Əliyev, anası Günay Əliyeva, nənəsi Afaq Əliyeva bu alçaq hücum nəticəsində həlak olub. 

28 oktytabr 2020-ci il Bərdəyə atılan raket nəticəsində isə 8-i uşaq xəsarət alıb. Bərdə hadisəsi zaman 7 yaşlı Aysun həlak olub.

Ermənistanın ötənilki hücumları həm də istedadlı uşaqların həlak olmasına, onların təhsil, idman, incəsənət və digər sahələrdə gələcəyə dair arzularının puç olmasına səbəb oldu.

Gəncə şəhərinə edilən raket hücumu nəticəsində Rusiya Federasiyasının vətəndaşı Artur Mayakovun da həlak olması Ermənistanın törətdiyi cinayətlərin dilindən, dinindən, milli, etnik, sosial mənşəyindən və digər əlamətlərindən asılı olmayaraq uşaqların qurbana çevrilməsinə səbəb olduğunu bir daha sübut etdi.


Ermənistan dəfələrlə 1949-cu ilin Cenevrə Konvensiyasını, BMT-nin Uşaq Hüquqları Konvensiyası da daxil olmaqla bir çox beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Təəssüf ki, ermənilərin basdırdığı və xəritələrini vermədiyi çoxsaylı minalar hələ də uşaqlar da daxil olmaqla, mülki insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir.

Bütün bunlara baxmayaraq, Ermənistana qarşı hələ də heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməyib.



Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?