Arxiv
1 İyun 2021, 12:47 | MƏDƏNİYYƏT
Vətənin də, atasının da adını həmişə uca tutan ZİYALI XANIM

Olya Zəbi qızı İslamova Azərbaycanda yeganə ziyalı qadındır ki, bütün mənalı ömrünü muzey işinə həsr edib. 54 ilə yaxın çalışdığı, 49 il direktoru olduğu “Sumqayıtın tarixi” Muzeyi onun ilk və yeganə iş yeridir! 


O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olduğu ildə sanki məhz onun üçün nəzərdə tutularaq, cəmi bir ay əvvəl - 1967-ci ilin noyabrında açılışı olmuş  Sumqayıt Tarix Muzeyində kiçik elmi işçi vəzifəsinə götürülmüşdü. O zaman şəhər parkının dənizə enən pilləkənlər kaskadının altında yerləşdirilmiş muzeyin eksponatları, müxtəlif tarixi sənədlər, kimya, metallurgiya, energetika müəssisələri, tikinti təşkilatları və onların ilk qurucuları haqqında materiallar, şəkillər hələ təzə-təzə, yenicə toplanmağa başlamışdı. Yəni ki, gənc tələbə ilk gündən muzey işinin burulğanına, start xəttinə düşmüşdü.


Geniş ensiklopedik biliyə malik olan, doğma vətəni Azərbaycanı hədsiz vurğunluqla sevən atası Zəbi Abdullayevin Xızıdan köçüb gələrək qoynunda 10 il idi ki yaşadıqları, özlərinə artıq çox doğma hesab etdikləri Sumqayıtın Tarix Muzeyinin yeni, maraqlı eksponatlarının toplanması işində dəyərli məsləhətləri, tövsiyələri, qızının işinin çox mühüm, əhəmiyyətli olduğunu bildirərək, onu həvəsləndirməsi gənc tarixçi Olyanı (bu ixtisası seçməyi də ona atası hələ məktəb illərindən məsləhət görmüşdü) muzeyə daha möhkəm bağlayır, onun fondunun zənginləşdirilməsi üçün gərgin axtarışlara, araşdırmalara sövq edirdi.


Olya xanımı daxilən sevindirən, bir tale qisməti kimi məmnun edən bir fakt da vardı ki, bu da onu Sumqayıtı daha çox sevərək, ona bütün qəlbi ilə bağlanmağa, onun dünəninin və bugünün salnaməsinin yaradılmasında daha fəal, yaradıcılıqla iştirak etməsinə səbəb olurdu. Axı, o, Sumqayıtın yaşıdı, “dost-doğma bacısı” idi, ikisinin də o vaxt 18 yaşı vardı. Gənc muzey işçisi bunu bir “ürək sirri” kimi heç kəsə bildirməsə də, mənən bundan qürur duyurdu. Təsadüfi deyil ki, muzeyin yaradıldığı ilk günlərdən etibarən Olya xanımın da fəal iştirakı ilə toplanaraq, onun fonduna daxil edilmiş müxtəlif sənədlərin, foto-şəkillərin, eksponatların qeydiyyata alınması, sistemləşdirilməsi və bölmələr üzrə yerləşdirilməsi işi uğurla aparılmışdı. Bütünlükdə isə gənc əməkdaşın kiçik elmi işçi kimi çalışdığı ilk illərdə muzey kolleksiyalarının toplanıb-artırılması, ekspozisiyasının təkmilləşdirilməsi, tamamlanması üzrə geniş əhatəli, böyük həcmli işlər görülmüşdü. O, qısa müddət ərzində muzey fondunun nizamlanması və qorunması üzrə bütün lazımi elmi sənədləri tərtib etməklə yanaşı, Sumqayıt üzrə keçirilən mədəni-kütləvi tədbirlərdə də yaxından iştirak edərək, muzeyin şəhər həyatına “inteqrasiyasına”, onun mühüm roluna, praktiki olaraq “durğun məkan” olmaqdan çıxaraq, fəaliyyət dairəsinin genişlənməsinə, səmərəliliyinin daha da artırılmasına nail ola bilmişdi. Və heç də təsadüfi deyildi ki, Olya xanımın muzey işlərinin elmi-kütləvi baxımdan təşkilində fəallığı nəzərə alınaraq, 1972-ci ilin iyulunda Muzey direktoru vəzifəsinin icrası məhz ona etibar edilmişdi (gələn il onun bu vəzifədə çalışmasının 50 ili tamam olacaq). Və o vaxtdan ötən illər əyani olaraq göstərdi ki, Olya xanım bu etimadı öz gərgin, səmərəli fəaliyyəti ilə ləyaqətlə, baş ucalığı ilə doğrultmuşdur. Diqqətəlayiqdir ki, həmin 1972-ci ildə muzey kollektivi SSRİ Mədəniyyət Nazirliyi tərəfindən elmi-kütləvi, maarifləndirici işlərdə fəal iştirakına görə xüsusi diplom, medal və pul ilə mükafatlandırılmışdı.


Gənclik şəhərinin 1974-cü ildə respublika rəhbəri Heydər Əliyevin iştirakı etdiyi və çıxışnda Sumqayıt poladəridənlərinin, kimyaçılarının, energetik və inşaatçılarının əməyinə, quruculuq işlərinə böyük dəyər verdiyi təntənəli 25 illik yubileyi bu gün də yaşlı nəslin yaddaşında qalmaqdadır. Yubiley tədbirinin maraqlı keçməsində Olya xanımın rəhbərliyi ilə muzeyin elmi işçilərinin böyük zövqlə, şəhərin qurucularına və xalqımızın görkəmli oğlu Heydər Əliyevə böyük məhəbbət və ehtiramla tərtib etdiyi, tarixi eksponatların “dili ilə danışan” sərgi yubiley iştirakçıları tərəfindən maraqla qarşılanmış, onların bayram ovqatını daha da artırmışdı.


1980-ci illər də Muzeyin həyatında yadda qalan illər olmuşdur. “Sumqayıt – sənaye mərkəzi”, “Qardaşlaşmış şəhərlər”, “Bizim müasirlərimiz -- əmək qəhrəmanları” və s.kimi müxtəlif sərgilərin, muzeydənkənar tədbirlərin təşkili muzey rəhbərliyinin, onun bir amal ətrafında fəaliyyət göstərən səmimi, mehriban kollektivinin gərgin yaradıcılıq axtarışları, yorulmaz əməkləri sayəsində mümkün olmuşdu ki, bu da nəticəsiz qalmamış,  muzeyin sonrakı illərdə iki dəfə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən xüsusi diplomlarla təltif edilməsinə səbəb olmuşdu.

Heç şübhəsiz ki, muzeyin o zaman və son illərdə nail olduğu uğurlarda Olya xanımla birgə 30 ilə yaxın çiyin-çiyinə çalışan müavini Namiq Əliyevin, kütləvi işlər şöbəsinin müdiri Sevinc Əmirovanın, baş elmi işçi İradə Mustafayevanın, kiçik elmi işçilər Zülfiyyə Fətəliyevanın, Cəmil Heydərovun, tərtibatçı rəssam Mətanət Həsənovanın, muzeydə 46 il əməyi olmuş baxıcı Naləndə Fərəcullayevanın (iki il əvvəl haqq dünyasına qovuşub) böyük əməyi vardır. 


Doğma Xızı dağlarından Xəzər qoynundakı... doğma Sumqayıta 
 


Olya xanımın atası Zəbi Abdullayev olduqca xoş, gözəl bir gündə - Azərbaycan Demokratik Respublikası dövründə, 1919-cu il martın 17-də, Novruz bayramı ərəfəsində dağlar yurdu olan  Xızının Tığlı kəndində dünyaya gəlmişdi. Xızıda orta məktəbi bitirməsi ağır repressiya illərinə, ötən əsrin 30-cu illərinə təsadüf etsə də, hələ kiçik yaşlarından elmə-biliyə böyük həvəsi ilə Bakı Pedaqoji Texnikumuna qəbul olunur və 1937-ci ildə Xızı orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayaraq, kənd uşaqlarının, həmçinin yaşlı adamların maariflənməsi üçün səylə, bacarıqla çalışır. Çox keçmədən o, rayon Komsomol Komitəsinə  işə qəbul edilir. Lakin orda gənclik eşqi ilə işə başlayan Zəbi müəllim bir müddət sonra müharibəyə yollanmalı olur. Boylu-buxunlu, canlı-cüssəli olmasa da, cəbhə dostları ilə birgə düşmənə qarşı mərdliklə vuruşur. Döyüşlərin birində ağır yaralanaraq, 1944-cü ilin əvvəllərində 2-ci qrup əlil kimi, lakin sinəsindəki döyüş orden və medalları ilə ordudan tərxis olunaraq Azərbaycana, ata-baba yurdu Xızıya qayıdır. Bir müddət yenə kənd məktəbində dərs deyən, elin-obanın nüfuzunu qazanan Zəbi müəllim çox keçmədən Xızı rayon İcraiyyə Komitəsinin məsul katibi vəzifəsinə irəli çəkilir. Sonralar “Qızıl ulduz” rayon qəzetinin redaktoru kimi çalışan Zəbi müəllim Azərbaycan Dövlət Pedaqoji İnstitutun tarix fakültəsində ali təhsil alır və 1952-ci ildə Xızı rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinədək yüksəlir.


Həmin dövrdə Zəbi müəllim artıq Xızıdan Altıağaca köçmüş və orada Katya adı ilə tanıyıb-sevdiyi sadə və səmimi, azərbaycanlı kimi yerli adətlərlə oturub-duran gözəl bir rus qızı ilə ailə qurmuşdu. İlk övladları Olya 7 yaşına, kiçik qızları Valya isə 5 yaşına çatanadək onlar səfalı, xoş mənzərəli Altıağacda yaşamışdılar. Lakin Xızı rayonu inzibati-ərazi vahidi kimi 1956-cı ilin dekabrında ləğv edildikdən sonra Zəbi müəllim ailəsi ilə birgə Sumqayıta köçməli olur. Gənc şəhərin rəhbərliyi müharibənin odundan-alovundan keçərək bərkimiş, rayon miqyaslı yüksək vəzifələrdə sınaqdan keçmiş Zəbi Abdullayev kimi təcrübəli, ali təhsilli gənci hörmətlə qarşılayaraq, onu Sumqayıt şəhər Partiya Komitəsinə təlimatçı vəzifəsinə götürür. Sonralar da partiya işində çalışan, az bir müddətdə öz səmimiliyi, mehribanlığı, hər işdə obyektivliyi, düzlüyü, prinsipiallığı ilə şəhərdə böyük nüfuz qazanan, şəhərin əmək adamları ilə daim ünsiyyıtdə olan, onları yaxından tanımağı bacaran, Sumqayıtın sürətli sosial-iqtisadi, mədəni inkişafı ilə qürur duyan Zəbi müəllim bu gənclik şəhərinə gəlişinin heç üç ili də tamam olmamış onun yaranmasının 10 illiyinə - ilk yubileyinə həsr edilmiş "Sumqayıtın gənc mübarizləri" adlı ilk kitab hazırlayıb, nəşr etdirmişdi. Həmin kitab bu gün və gələcək üçün həm də ona görə maraqlı və əhəmiyyətlidir ki, orda Sumqayıtı qurub-yaradanlar haqqında adlar, aylar-illər və faktlar göstərilməklə kifayət qədər məlumatlar var - 60-70 il əvvəlin məlumatı! – Bu özü də sonralar muzey direktoru olan qızı Olya xanım üçün mühüm əhəmiyyət kəsb edərək, dəyərli bir sənəd kimi muzey fonduna daxil edilib. Elə məhz Zəbi müəllim özü kimi qızının da tarixçi olmasını arzulayaraq, onu bu ixtisasa yönəltmişdi.


Zəbi müəllim Xızıda, Altıağacda olduğu kimi Sumqayıtda da öz insanpərvərliyi, qayğıkeşliyi ilə, xüsusilə də sözünün sahibi olan kişi kimi böyük hörmət-nüfuz qazanmışdı. Sumqayıtda hamı ona xüsusi ehtiram bəsləyirdi. O, çox müdrik bir ağsaqqal, canlı ensiklopediya, əsl insan, ziyalı etalonu idi... Zəbi müəllim elinə-obasına, ailəsinə, övladlarına çox bağlı, istiqanlı bir adam idi. Həyat yoldaşı Yekaterina Vasilyevna özünün bəxtinə düşmüş o gözəl insana daim hörmətlə yanaşmış, bütün ömrü boyu onun qayğısını çəkmiş, hər zaman ona mənəvi arxa-dayaq olmuşdu. Ata-analarında gözəl valideyn nümunələri, mehribanlıq, vəfa, sədaqət görən qızları Olya və Valya da həyatda daim onlar kimi olmağa çalışmışlar. Olya xanım öz sənəti-peşəsi ilə bu gün tariximizin qorunub-yaşamasına xidmət edirsə, bacısı Valentina  Zəbi qızı da ali təhsilli bir pedaqoq kimi uzun illər Sumqayıtın orta məktəblərində dil və ədəbiyyatı yüksək səviyyədə tədris edərək, gənc nəslin savadlı, əsl vətəndaş kimi yetişmələri üçün öz bilik və bacarığını əsirgəməmişdir. 


Maraqlıdır ki, Olya xanım Azərbaycanın Əməkdar mədəniyyət işçisi olmaqla yanaşı həm də Fəxri Mədəniyyət işçisi olduğu kimi, ali təhsilli neftçi-mühəndis kimi 30 ildən çox Neft Daşlarında aparıcı mütəxəssis kimi çalışan ömür-gün yoldaşı Əli İslamov da Azərbaycanın Fəxri neftçisidir. Həm də xüsusilə diqqətə layiqdir ki, bütün ömürləri boyu ölkəmizin social-iqtisadi inkişafı üçün Əli müəllim də, Olya xanım da Vətənə sədaqətli xidmətə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişlər. Şübhə yox ki, onların belə bir aildə böyümüş, Dövlətçilik Akademiyasının hüquqşünaslıq fakültəsinin magistr məzunu olan qızları Kamiləni də qarşıda böyük uğurlar gözləyir.   

 
“İri gəmiyə böyük, geniş də dənizlər lazımdır” 


İllər ötdükcə muzey fondundakı eksponatların sayı daim tarixi-yaradıcılıq axtarışlarında olan kollektivin işgüzarlığı sayəsində artmaqda davam edirdi. Ona görə də artıq ekspozisiyalar üçün darısqallıq edən Muzeyin daha geniş və müasir bir binaya köçürülməsinə böyük ehtiyac vardı.


1981-cu ildə - Ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrdə onun tövsiyəsi ilə o vaxtkı Nazirlər Sovetinin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması və təkmilləşdirilməsi” barədə qərarının verilməsi Olya İslamovaya çoxdan narahatlığını keçirdiyi, arzusunda olduğu məqsədə çatmağa ümid verdi. Belə ki, həmin vaxtlar Muzeyin əlverişsiz yerdə - havalar soyuduqda gediş-gəlişin kəsildiyi, diqqəti cəlb etməyən ərazidə, həm də böyük olmayan bir sahədə yerləşməsi onun geniş fəaliyyət göstərməsinə imkan vermirdi. Lakin Olya xanımın bu problemlə bağlı müraciətinə şəhər rəhbərliyi Muzey üçün ayrısa olaraq yeni bir binanın tikintisi üçün maliyyə mənbəyinin olmadığını, bunun üçün Bakının və Moskvanın razılığına ehtiyac olduğunu bəhanə gətirirdi və bütün yazışmalar, müraciətlər nəticəsiz qalırdı. Daim xəyalında Sumqayıtın təsəvvür etdiyi müasir muzeyinin olması arzusu ilə yaşayan Olya xanım inadından dönməyərək, özü məsələnin həlli yolunu tapır. Belə ki, o, bir vaxtlar şəhərin 4-cü mikrorayonunda fəaliyyət göstərmiş, lakin son zamanlar bütün SSRİ-də olduğu kimi M.Qorbaçov siyasi-iqtisadi xaosunun nəticəsi olaraq satış məhsullarının qıtlığı üzündən fəaliyyətini dayandırmış iki mərtəbəli univermağın boşalması muzeyin ora köçürülməsi üçün ən uyğun variant idi. Çox çək-çevirdən, müxtəlif imtina bəhanələrindən sonra Sumqayıt Şəhər Sovetinin İcraiyyə Komitəsi nəhayət ki özünün 22 iyun 1988-ci il tarixli qərarı ilə həmin ikimərtəbəli binanın Muzey üçün ayrılmasına razılıq verdi. Lakin binanın muzey kimi istifadəyə uyğun olmadığı nəzərə alınaraq, Olya xanımın təklifləri əsasında şəhərin Memarlıq və şəhərsalma İdarəsi tərəfindən müvafiq layihə hazırlanaraq, rekonstruksiya və təmir işlərinə başlanıldı. İşlərin yüksək səviyyədə aparılıb başa çatdırılması üçün ora təhkim edilmiş iş icraçısından başqa həmin günlərdə daha bir, lakin “ştatdankənar” iş icraçısı da – Olya xanım da təmir-rekonstruksiya işlərinə səhər-axşam nəzarət etməkdə idi.


Binanın əsaslı təmiri başa çatdıqdan sonra muzey ümumi sahəsi əvvəlkindən 8 dəfə çox - 2680 kv.m. olan yeni ünvana köçmüş, kollektiv tərəfindən işlənib-hazırlanmış tematik plan əsasında yeni ekspozisiya sistemi tərtib edilmişdi. O zaman şəhər qəzetləri xəbər verirdilər ki, “Muzey əşyaları ayrı-ayrı bölmələr – tətbiqi sənət nümunələri, arxeoloji əşyalar, fotoşəkillər, sənədlər nəqqaşlıq, qrafika, heykəltəraşlıq və s. üzrə əsas və elmi-köməkçi fondlarda yerləşdirilib. Artıq muzeyin ekspozisiyaları ayrı-ayrılıqda yerləşən böyük və kiçik zallarda nümayiş etdirilir. Daimi sərgi ilə yanaşı, səhərin ictimai-siyasi, mədəni həyatında baş vermiş hadisələri dolğunluğu ilə əks etdirən, daim bir-birini əvəz edən səyyar sərgilər muzey fondunun zənginliyindən xəbər verir”.


Yeni binanın sahəsinin genişliyi muzeydə ilk dəfə olaraq elmi kitabxananın yaradılıb-komplektləşdirilməsinə, müxtəlif sərgilərin təşkilində operativliyin və fəallığın təmininə, kütləvi mədəni-maarifləndirmə tədbirlərinin daha maraqlı keçirilməsinə imkan verirdi. Bütün bunlar öz növbəsində 1990-cı ildə muzeyin respublikada 3-cü, daha iki il sonra isə 2-ci kateqoriyalı kimi fəaliyyət göstərməsinə səbəb olmuşdu.


Bütün bu əldə olunan uğurlar Olya xanım Zəbi qızının Vətənini, yurdunu, xalqını bütün varlığı ilə sevən bir tarixçi, muzeyşünas kimi gərgin və yorulmaz fəaliyyətinin, kollektivlə birgə apardığı daimi elmi-yaradıcılıq axtarışlarının bəhrələri idi.  Bunu belə bir fakt da təsdiq edir ki, əgər muzeyin yarandığı 1967-ci ildə onun əsas və köməkçi fondlarındakı eksponatların sayı 1100 idisə, hazırda onların sayı 15 dəfədən də çox artırılaraq, 17 minə çatdırılmışdır. Bu isə həm də ona görə mümkün olmuşdur ki, Olya xanım və onun muzey əməkdaşları Vətənin hər bir daşını qiymətləndirməyi, dəyərləndirməyi bacarır, onu tarixin bir parçası, gələcək nəslə çatdırılmalı olan bir tarixi eksponat kimi görürlər.

 

Göyçədən, Zəngəzurdan zəngin tariximizlə gələn “gəcavə” Sumqayıt muzeyində “dinclik” tapdı

 

Olya xanım ötən əsrin 90-cı illərinin əvvəllərində eşitmişdi ki, erməni daşnaklarının hələ 1986-87-ci illərdə həmvətənlərimizə qarşı etdiyi təzyiqlər və qətllər başlayandan, qanlı cinayətlər törətdiklərindən, onların Sumqayıt təxribatlarından sonra qədim Göyçə və Zəngəzur mahallarından minlərlə başını götürüb qaçanlar arasında ev-eşiyindən əlinə düşəni, yorğan-döşəyini özləri ilə gətirən çoxlarından fərqli olaraq kimsə bir nəfər  öz rayonunun tarix muzeyindəki qədim eksponatları, xalçaları, tətbiqi sənət nümunələrini və s. arabaya yükləyərək, çox çətinliklərlə də olsa ermənilərin caynağından qurtarıb, Sumqayıta gətirə bilmişdi. Həmin adamın vətənpərvərliyinə, qeyrətinə, mərdliyinə heyran qalan Olya xanım onu tapmağa çalışır. Məlum olur ki, həmin qeyrətli oğul, dünya malında gözü olmayan, özünü yox, ilk növbədə elinin-obasının keçmişini, sabahını düşünən ziyalı –Sumqayıtın 12 №-li orta məktəbində tarix müəllimi kimi işə götürülmüş Baxşeyiş Ələmşahov imiş. O, özünün mənəvi “qızıl-gümüş” dolu “gəcavə”sini xeyli müddət Sumqayıtdakı qohumlarının yanında, orda-burda saxladıqdan sonra şəhər təhsil şöbəsi ilə danışaraq, onu çalışdığı məktəbin muzeyində saxlamağa razılıq ala bilmişdi. Daha doğrusu, təhsil şöbəsində bir “köçgün muzey”in məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətini nəzərə alaraq, buna minnətdarlıqla, “iki əlli” razı olmuşdular. Bunu öyrənən Sumqayıt muzeyinin direktoru belə bir tarixi əhəmiyyətli, bütün elementləri ilə özündə qədim Göyçə-Zəngəzur ellərinin ruhunu yaşadan muzey eksponatlarının bir məktəb və ya təhsil şöbəsi miqyasında yox, şəhər səviyyəsində daha səmərəli olacağını əsas gətirərək, bir çox razılaşmalardan sonra “gəcavə”nin “Sumqayıtın tarixi” muzeyində qorunub-saxlanmasına nail ola bilmişdi.   


Hazırda qeyrətli Azərbaycan oğlu, tarix müəllimi Baxşeyiş Ələmşahovun Ermənistandan çıxara bildiyi, yüksək vətənpərvərlik nümunəsi olan “Bir elin harayı” kolleksiyası “Sumqayıtın tarixi” Muzeyinin ən qiymətli ekspozisiyasıdır. Çünki həmin kolleksiyanın tərkibində təkcə yaxın əsrlərə yox, hətta çox uzaq XII əsrə aid 60-a qədər qiymətli məişət əşyası nümayiş etdirilir. “Köçkün muzey”in Sumqayıt muzeyində yerləşdirilməsi həm də ona görə əhəmiyyətlidir ki, onunla bütün sumqayıtlılar kimi vaxtilə bu şəhərə pənah gətirmiş, sığınmış yüzlərlə Göyçə-Zəngəzur camaatı da tanış ola bilirlər.


Bu gün Olya xanım böyük təəssüf hissi ilə bildirir ki, erməni vandallarının təcavüzü nəticəsində işğal altında olmuş rayonlarımızda və Göyçə-Zəngəzur mahallarında yüzlərlə tarixi-memarlıq abidələri,  tariximizin və mədəniyyətimizin nadir nümunələrinin saxlandığı xeyli sayda muzeylərimiz dağıdılıb, məhv edilmişdir.

 

Yalnız sənaye müəssisələri, tikinti obyektləri deyil, onları öz zəhməti ilə yaradıb-qurmuş hər bir Sumqayıt qurucusu da bu şəhərin unudulmayan tarixidir

 

Öz 70 illik yubileyini iki il əvvəl ölkə rəhbəri İlham Əliyevin iştirakı ilə təntənəli şəkildə qeyd etmiş Sumqayıtın şəhər kimi yaranma tarixi rəsmən 1949-cu il qəbul edilsə də, əslində onun əsasının qoyulması hələ ötən əsrin 30-cu illərinin ortalarından başlayır. Məhz həmin dövrdə Azərbaycan Boru-prokat zavodunun, adı uzun illər “Ozer” kimi gizli saxlanılan Kimya zavodu və təşəbbüskarının dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyev olduğu Sintetik kauçuk zavodunun, 1 №-li İstilik-elektrik stansiyasının ilk sex və qurğularının inşasına məhz o dövrdə - hələ İkinci dünya müharibəsindən əvvəl başlanılmışdı. Hətta Reyxstaq başçısı, fürer A.Hitler SSRİ ilə müharibəyə başlamazdan əvvəl qələbə qazanacağına heç bir şübhə etmədən Sumqayıt sintetik kauçuk zavoduna özünün alman direktorunu da təyin etmişdi.


Bu gün Sumqayıtın bu ilk böyük zavodları ilə yanaşı cənubi Qafqazın ən iri sənaye müəssisələri olan Kimya kombinatı, Alüminium zavodu, şəhərdə maşınqayırmanın ilki olan Kompressorlar zavodu ilə bərabər onları yaradıb-quranlar da bu şəhərin şərəfli tarixinin bir hissəsidir. Məhz buna görə həmin müəssisələrin tarixini, fəaliyyətini əks etdirən eksponatlar, rəsmi sənədlər, foto-şəkillərlə yanaşı Sumqayıtın qurucularının, əmək bahadırlarının keçdiyi şərəfli ömür yolları ilə bağlı materiallar, onların şəxsi arxivləri də muzey fondunun əsasını təşkil edir. Sumqayıtın ilk qurucuları kimi ona şan-şöhrət gətirmiş metallurqlar - Sosialist Əməyi Qəhrəmanları Murad Zeynalovun, Zəminə xanım Həsənovanın, Tofiq Kərimovun, şəhərin tikintisinin ilk illərində bütün işlərə rəhbərlik etmiş Kamran Hüseynovun, Yəhya Məmmədovun, Məhəmməd Cəlilovun, tikinti təşkilatlarının adlı-sanlı rəhbərləri - “Zaqpromstroyun” rəisləri olmuş Mehbalı Əmiraslanovun, Məzahir Abdullayevin, Sumqayıtın təşəbbüskar və qayğıkeş meri Hüseyn (Kamal) Axundovun, Sosialist Əməyi Qəhrəmanları Aslan Osmanovun, İdris Dadaşovun ömür salnamələrindən şəxsi sənədlərin, fotoların dili ilə, həm də ayrı-ayrı kitablarda, o cümlədən tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədovun muzeyə bağışladığı, jurnalist həmkarı Aygün Hacıyeva ilə birgə hazrladığı ilk irihəcmli “Sumqayıtım mənim” kitabında geniş söhbət açılır.


Sumqayıtın ilk qurucuları, adlı-sanlı əmək adamları barədə hər zaman fəxrlə, ürək dolusu fərəhlə danışan Olya xanım İslamovanın söhbətində onların hər birinin xatirəsinə böyük ehtiram hiss olunur:


- Muzeyimizdə şəhəri qurub-yaradanların əksəriyyətinin şəxsi arxivləri gələcək nəsillər üçün qorunub-saxlanılır. Həmin arxivlər, o şəxslərə həsr edilmiş guşələr bugünkü və gələcək nəsillərin Vətənimizə, doğma şəhərimizə, onun qurucularına böyük ehtiram və məhəbbət ruhunda yetişməsində, tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu isə biz muzey işçilərinin ən əsas, ümdə vəzifəsidir.    


Olya xanım bildirir ki, şəhərin ilk qurucuları ilə yanaşı onun metallurq və kimyaçılarının, energetiklərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin həyat və fəaliyyətləri ilə bağlı eksponatlar muzeyə gələn sumqayıtlılarda, xüsusilə məktəblilərdə, tələbələrdə və şəhərimizin qonaqlarında böyük maraq doğurur.


O, fəxrlə onu da qeyd edir ki, muzeydə Sumqayıt metallurqlarına, kimyaçılarına və digərlərinə xüsusi guşələr, stendlər yaradılmışdır. Metallurqların böyük bir nəslinin – şəhərin ilk Sosialist Əməyi Qəhrəmanı Murad Zeynalovdan tutmuş sonrakı Qəhrəmanlar - Zəminə Həsənovanın, Tofiq Kərimovun, məşhur poladəridənlər Cahangir Mustafayevin, Fərman Cəfərovun, Allahyar Əmrahovun, İzzət Yusifovun, Allahverdi Süleymanovun, Yaşar Abbasovun həyat və fəaliyyətləri xüsusi guşədə, geniş şəkildə foto və sənədlərdə, televiziya kadrlarında əks olunmuşdur.


O da diqqətəlayiqdir ki, “Sumqayıtın tarixi” muzeyi yalnız öz zəngin fondu ilə deyil, həm də şərəfli əməyin, elmin, mədəniyyətin, ədəbiyyatın təbliğ mərkəzi kimi də diqqəti çəkir. Burada veteranların vaxtaşırı görüşləri, sumqayıtlı şair və yazıçılarının kitablarının təqdimatı, şəhər miqyaslı müxtəlif tədbirlər də keçirilir. Olya xanım xatırlayır ki, bir-neçə il əvvəl əmək veteranlarının görüşündə Sosialist Əməyi Qəhrəmanı İdris Dadaşov vaxtilə eyni – 1 №-li Trestdə çalışdığı tanınmış rəngsaz, Prezident təqaüdçüsü Gülbahar Vəliyevanı görüb, sevinclə qucaqlayaraq demişdi ki, “Mən Gülbaharı 100 il idi görmürdüm, çox sağ olun, Olya xanım!”. Yeri gəlmişkən, hazlrda bu iki məşhur inşaatçının da şəxsi arxivləri muzeydə qorunub saxlanmaqdadır.


Olya xanım məmnunluqla onu da bildirir ki, muzeyin fondunda Sosialist Əməyi Qəhrəmanları Murad Zeynalovun da, Zəminə xanım Həsənovanın da şəxsi arxivləri var. Həm də xüsusilə diqqətəlayiqdir ki, muzeyə yeni binanın verilməsində, onun sonradan əsaslı təmirində muzeylə daim əlaqə saxlayan, onun tədbirlərində fəal iştirak edən Zəminə xanım özü şəxsi arxivini səliqəyə salaraq, onu sağlığında ikən bura – daha çox etibar etdiyi, illərlə burada etibarlı şəkildə qorunub-saxlanacağına tam əmin olduğu muzeyə təhvil vermişdi.       

  
Özündə Sumqayıtın tarixini yaşadan bu böyük, sirli-soraqlı mərkəzin əməkdaşları hər zaman çalışırlar ki, şəhərin qurulmasında və onun sosial-iqtisadi inkişafında xidmətləti olanların heç biri unudulmasın. Şəhərin ilk qurucuları olan ağsaqqllara və ağbirçəklərə həmişə böyük ehtiramla, sevgi ilə yanaşan Olya xanımın təşəbbüsü ilə  bugünlərdə məşhur kimyaçılar, Prezident təqaüdçüləri - 98 yşlı veteran, 1941-45-ci illər müharibə iştirakçısı respublikanın Əməkdar səmərələşdiricisi, SSRİ ixtiraçısı, Azərbaycanın Fəxri neftçisi Yuri Yermakovun və Dövlət mükafatı laureatı, Əməkdar mühəndis, SSRİ-nin əlaçı kimyaçısı Zülfi Sadıxovun  şəxsi arxivlərinin toplanıb, səliqəyə salınaraq, muzeyə təhvil verilməsi üzərində iş aparılır.      

 

Mədəni-kütləvi, ədəbi tədbirlər ocağı

 

Olya xanımın rəhbərlik etdiyi bu işgüzar, yaradıcı, təşəbbüskar kollektiv muzeyin öz əsas funksiyasını yerinə yetirməsilə kifayətlənməyərək, burada vaxtaşırı müxtəlif görüşlərin, rəsmi və mədəni-kütləvi tədbirlərin hazırlanmasına  və uğurla keçirilməsinə də nail olurlar.


Azərbaycanın ədəbi mühitində yaxşı tanınan istedadlı şair və yazıçılarla, jurnalistlərlə, o cümlədən yazıçı-publisist, respublikanın Əməkdar jurnalisti, şəhərin qurucuları haqqında 600 səhifəlik sanballı kitabın müəllifi, Sumqayıtda erməni təxribatlarının ideoloqlarını, həmçinin 20 Yanvar faciəsinə səbəb olmuş M.Qorbaçovu, bütünlükdə ermənipərəst SSRİ rəhbərliyini, onların göstərişi ilə Bakıda qırğınlar törətmiş general D.Yazovu  ifşa edən “Sumqayıtın əks-sədası” filminin görkəmli rejissor Davud İmanovla birgə yaradıcısı (ssenari müəllifi) Eyruz Məmmədovla,  Azərbaycanın Əməkdar həkimi, Sumqayıtın ilk yarandığı günlərdə şəhər əməkçilərinin sağlamlığı keşiyində dayanmış, sonralar uzun illər - ömrünün sonunadək məşhur “Melallurq” gecə sanatoriya-profilaktoriyasının baş həkimi olmuş tibb elmləri namizədi Klara Kasyanovanın xatirələr kitabı ilə bağlı, istedadlı sumqayıtlı rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü Tofiq Əhmədovla, şəhərin baş rəssamı, Əməkdar İncəsənət xadimi Vaqif Nəzərli ilə, QHT rəhbəri İndira Şəmsivari ilə, Sumqayıtın Rus icmasının nümayəndələri ilə təşkil edilən görüşlər,  “Azərikimya” İstehsalat Birliyinin kollektivi ilə birgə Sumqayıt kimya sənayesinin 70 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbir, Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin yığıncaqları və s. bu gün də sumqayıtlıların yaddaşındadır.

 

Muzeydə “yaşayan” qardaşlaşmış şəhərlər

 

Sumqyıtla qardaşlaşmış 12 şəhər – Gürcüstanım Rustavi, Ukaynanın Çerkassı, Almaniyanın Lüdviqshafen şəhəri və digər şəhərlərlə dostluq əlaqələrinin tarixindən və davamından bəhs edən, əyani eksponatlarla, foto-şəkillərlə, rəsmi materiallar və qəzet-jurnallarla zəngin olan xüsusi stend və guşələr muzeyin ən çox diqqət çəkən, maraq doğuran ekspozisiyalarıdır. Olya xanımın muzeyə gələnlərə və şəhərin qonaqlarına böyük həvəslə təqdim etdiyi kolleksiya isə Sumqayıtın 40 ildən artıq dostluq etdiyi Lüdviqshafen ilə bağlıdır. Bu da təbiidir, çünki bu iki şəhər arasında dostluq əlaqələri daha möhkəm və davamlıdır. İndiyədək sumqayıtlılar və alman dostlar özlərinin nümayəndə heyətləri ilə 60 dəfədən artıq görüşmüşlər. Hətta 80-ci illərdə Lüdviqshafenin meri kimi bir-neçə dəfə Sumqayıtda olmuş cənab Şulte Sumqayıt muzeyində sonuncu dəfə Olya xanımı görərkən, onun hələ də bu “yaddaş mərkəzinə” rəhbərlik etməsinə sevinmişdi. Lüdviqshafenin sonuncu merlərindən olan xanım Yeva Louze isə iki qardaşlaşmış şəhər arasında yaranmış dostluğu tarixiləşdirərək fotolarda, rəsmi sənədlərdə, maraqlı eksponatlarda yaşadan Sumqayıt muzeyinin rəhbəri ilə hər dəfə doğma bacı kimi mehribanlıqla, səmimiyyətlə görüşür.

 
“Sumqayıtın tarixi” muzeyinin “Tərəqqi” medallı rəhbəri, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova muzeyə son zamanlar iki “eksponat” da töhfə etmişdir. Muzey fondunun materialları əsasında kollektivlə birgə doğma şəhərin 50 illik yubileyinə hazırladığı “Sumqayıt – danışan tariximizdir”, 60 illiyinə isə “Mədəniyyətin tərəqqi ünvanı – Sumqayıt” adlı geniş informatik oçerklər kitabları onun muzey üçün dəyərli  töhfəsi – “eksponat”larıdır.

Müdrik, ziyalı atası Zəbi Abdullayevin də hədsiz çox sevdiyi Sumqayıtın ictimai-mədəni həyatında fəal iştirakı ilə şəhər Bələdiyyəsinin üzvü seçilməsi, son illərdə YAP şəhər təşkilatının və Ağsaqqallar Şurasının üzvü olması, respublikanın fəxri adlarına layiq görülməsi də Olya xanımın öz işi, əməli ilə Vətənin və atasının adını hər zaman uca tutduğunu təsdiq edir.


 Rəhman ORXAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xətaidə tikintiyə ETİRAZ - icra başçısı hadisə yerinə gəldi 24 İyun 2021, 22:57 Özünü 9-cu mərtəbədən atmaq istədi - FOTO 24 İyun 2021, 22:52 AŞPA partiyalara yardımlarla bağlı qətnamə qəbul etdi 24 İyun 2021, 22:43 Türkiyədə daha 59 nəfər virusdan öldü 24 İyun 2021, 22:29 Xarici işlər nazirləri Bakıya gəlir 24 İyun 2021, 22:16 "Keşlə" portuqaliyalı futbolçu ilə müqavilə imzaladı 24 İyun 2021, 22:05 Göygöldə gənc qız sirkə turşusundan zəhərləndi 24 İyun 2021, 21:52 Con Sallivan Moskvaya qayıtdı 24 İyun 2021, 21:39 Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO - YENİLƏNİB 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?