Modern.az

Qara günün ağ köynəyi

Qara günün ağ köynəyi

29 Sentyabr 2012, 12:42

 

 

 

 

 

 Laçın Məmişovun şeirlər toplusu

 

 

Qara günün ağ köynəyi

 

Qara günün ağ köynəyi

Tez çirklənir, ləkələnir, tiftiylənir.

Qara üzün ağ bəbəyi

Heyrətlənir, hey böyüyür,

 hey qızarır, gah bozarır.

Göy xəzərin ağ balığı                               

Qara kürü,qara bazar,

matahlanır, bahalanır

Qara neftin qara pulu

Qara günün mayası sən,

Qarabağa qara xəmir yoğurmusan

Dünən Babək doğan Ana,

Qara neftdən zəhərlənib

Bu gün qaçqın,

Bu gün köçkün doğurmusan

Mirzə Cəlililin Anası

Sorosların “qrantından”,

Minnət ilə gələn səfil səfirlərin--

Süfrəsinin artığından

Seymur Baycan doğurmusan.

Qara şəhər küçəsində,

 Meyxanəyə Qarabağın adın verən

Sən Vətənə oğulmusan ?

Başına dəysin o Şuşa,

 O, Qubadlı, O, Zəngilan.

Qara gündə, qara badə,

 tuluğunu şərab ilə doldurmusan

Həcər, Nəbi nəvəsinin,

qara mini yubkasına vurulmusan.

Şou biznes mayasıyla,

 ağ adına qara yaxdın.

Namusuna xain baxdın.

Qara gecə, qara gərdəy,

Ona üzü qara bir qız doğurmusan.

 onun qara gözlərini ,

qara yollarda qoymusan.

Qara Mamed tində durub,

Kədərlənir, qəhərlənir,

qara tiryək, nəşə ilə bəhərlənir.

Qarabağın qara günü Qarabağda,

 qarabağlı Qaradağda, qara cipdə,

Qəlbi qara, dərdi para,

 dərdi ona vermir ara.

Qaraməryəm adlı kəndi var.

Qara paltar bir Ana var,

 həmin kənddə, saçları ağ

Qara uzun bir gecədə,

şəhid oldu, gözünün ağı qarası

Bircə  qara göz balası

Qara kağız aldı  Ana,

 saçlarını yoldu Ana,

 ağlamaqdan görmür gözü,

 kordu Ana,

Qara qəbir daşlarını

Vartan sökür, izimizi çaya tökür,

 özünə yeni ev tikir

Natəvanın baş daşından,

Üzeyirin döş daşından

Bu millətin boş başından,

 Şah Abbas minarəsinin qaş daşından

Sərvət yığır, dövlət yığır,

 əsir qızla şəhvət boğur

Hamımızdan qeyrət yağır, yağış kimi,

Əsir qızın göz yaşından yağan yağış

Laçın qara yara tapıb,

 qara yağış sularından

Əl götürür dərgahına yaradanın,

 sən ey Rəbbim....... !

Savaş nəsib et millətə,

 Vətənə mücahid olaq, Şəhid olaq

Ya var olaq millət kimi, ya yox olaq !

 

Könlümün sultanı Şamaxı şəhəri 09.09.2011

 

 

**********************

Sən oldun SƏN !

Dostum olmaq istəyirsən,sevdiyim  bil sən oldun sən

Sevənlərim dostum oldu, seçdiyim bir sən oldun sən 

 

Eşqin uzun bir yol oldu, gözlərim bulud tək doldu

Sənlə açdı, sənsiz soldu, saçlarımda dən oldun sən 

 

Ərşə qalxıb ahu-naləm, doldu möhnət-qəmi badəm

İçdim yanaq oldu laləm, bihuş olub mən oldun sən 

 

Ləbin əlçatmaz bir zirvəm, vüsalın Məkkəm həm, qibləm

Can atmışan fəth edəm mən, yolumda bir çən oldun sən 

 

Yusifəm etmisən əsir, sənsiz dil-dodağım əsir

Xəzanlar ömrümə əsir, Züleyxaya tən oldun sən 

 

Gözümdə surətin daim, ruhum məhkum sən bir hakim

Sevdiyim, seçdiyim yarim, ram eyləyən zən oldun sən 

 

Gecə tək zülfün var qara, çəkmisən Laçını dara

Oxudun hökmün aşkara, boynunda rəsən oldun SƏN !

 

Laçın Məmişov

Şamaxı şəhərinin Bakı əyaləti 28 sentyabr 2012-ci il

 

Olmalıdır

 

Yükü ağır daşsan əgər yerin qürbət olmalıdır

Vətən daşı olsan məgər, günün zillət olmalıdır? 

 

Məmurların qızar gözü, kökə tək qızarar üzü

Salam verib boyun burma, salam rüşvət olmalıdır 

 

Cəhalət artıbdır xeyli, xaric səslə oxur Leyli

Səhnəyə saldınsa meyli, zaçot şəhvət olmalıdır 

 

Xəlqin içi cürüyübdür, kasıbçılıq bürüyübdür

Banklar güncə diriyibdir, üsyan qeybət olmalıdır 

 

Yıxdığını əzənlərin, məzlum başı kəsənlərin

Anasından küsənlərin, zatı mürtət olmalıdır 

 

Bülbül bağdan uzaq düşüb, gül qoncəsi yanıb, bişib

Bahar deyirlər yetişib, çün hürriyyət olmalıdır 

 

Xilaskarı rəqib bilib, tarixini təmiz silib

Haqqa torbalar tikilib, insaf mürvət olmalıdır

 

Laçın bitdi burda pərdə, düşdük sağalmaz bir dərdə

AZƏRBAYCAN adlı yerdə, TÜRK milliyyət olmalıdır


Laçın Məmişov

 

Şamaxı şəhərinin Bakı əyaləti 16 sentyabr 2012 - ci il

 

****************************

 

Payızın ilk ehtirasını hiss etdik, qələm Sabiranə dilə gəldi...

 

Göydə gecə ildırım çaxanda

Həsrət dolu gözdə yaş axanda

Çöldə yağışa durub baxanda

Beynində bir ehtiras çaxanda

Ətrim dəxi hiss edib yaxanda

Yad et məni gizli-gizli yad et  !

 

Bir gün oyanıb sübhi-səhərdə

Gördüm səni qüss-qəm qəhərdə

Gəlmişdi payız, xəzan şəhərdə

Sanki Bakıya çəkibdi pərdə

Bir bax gözəlim, gəlir bəhər də

Yad et məni dadlı-dadlı yad et !

 

Vardı qəmi-hicri hər baxışda

Hicran arayırdı çün yağışda

Ey nazlı nigar bu cür naxışda

Həsrət aranırmı ilk baxışda ?

Yaşlar qarışıb bu şırhaşırda

Yad et məni nəmli-nəmli yad et  !

 

Gördüyün xəzan əcəb xalıymış

Vallah bu payız ilin xanıymış

Fincandakı qəhvə eşq falıymış

Sevdiyin yarın sənin yarınmış

Qismət və qədərdə çün varıymış

Yad et məni sirli-sirli yad et !

 

İllər keçəcək göyün üzündə

Seyr eyləyərək o gül üzündə

Simanda kədər, əlin dizində

Körpəm gözümü daşır özündə

Baxsan görərək izim gözündə

Yad et məni gözlü-gözlü yad et !

 

Bir gün gələcək bilərsən əlbət

Şair necə çəkdi cövrü zillət

Duymaz onu naləsin o xəlvət

Çəkmiş nə qədər ələm-müsibət

Tarix Laçına verəndə qiymət

Yad et məni qəmli-qəmli yad et !

 

Laçın Məmişov

 

Şamaxı şəhərinin Bakı əyaləti 24 sentyabr 2012 - ci il

 

****************************************

Göstərirəm

 

Qınama gəl məni dost çeşmi-nəmin göstərirəm

İstəməm kimsə sana, eşqi qəmin göstərirəm 

 

Elə bir dərdi-bəlaya düçar etmiş ki, Xuda

Görmədim nəşəsini, çün ələmin göstərirəm 

 

Bircə gün çəksə əgər, halımı anlardı mənim

Çətin anlar ona mən tək sələmin göstərirəm 

 

Aşiqin aqibətin bilməyə gər meyl eləsən

Qeysi səhrayə salan, min sitəmin göstərirəm 

 

Gecə tək zülfünə qaldım necə həsrət yarımın

Əslinin hicrinə yanmış Kərəmin göstərirəm 

 

Sorsalar kimdi bu atəşli sətirlərlə yazan

Laçının xatirəsiyçin qələmin göstərirəm

 

Laçın Məmişov

13 sentyabr 2012-ci il Şamaxı şəhərinin Bakı əyaləti

 

 

*********

 

Candan çıxır 

Canına canımdı qurban çox olur, sandan çıxır

Nə qədər can-can deyən olsa çıxan candan çıxır

 

Molla gördüm dün şəhərdə, sanki bir avtoş idi

Yoxlanıldı bəlli oldu alkoqol qandan çıxır

 

Həccə getmişdi elin bir çox haramxor məmuru

Bircə ay dözdü imanla, məkri şeytandan çıxır

 

Hər nəyin ki, yoxdu dünyada analoq-zadları

Ginnesi heyran edir, çün bircə ünvandan çıxır

 

Təhsilindən ibrət almaq istəmir Xeybər Conun

Gay-klub icad edir mütrüflük oğlandan çıxır

 

Yol verir, asfalt verir, avto verir, banklar soyur

Banditi axtarma oğlan bandit orqandan çıxır

 

Canla başlandı Laçın, canla bitir getsin daha

Can yanırsa bəllidir sözsüz ki, Şirvandan çıxır

 

Laçın Məmişov

************************************

Səndədir

Dilbərim can almısan, fəsli-baharım səndədir

Köksümü qan eylədin, gəl iftixarım səndədir 

 

Yarı  getdi, yarı qaldım, yardan oldum ey təbib

Yarələnmiş cismimə dərman, vüqarım səndədir 

 

Bir zamanlar sən var idin, var idi dovranımız

Dövranım getdi, apardın, gəl zamanım səndədir 

 

Sən gedən gündən məkanım boz susuz səhra olub

İmdad eylə ey nigarım, zəmzəm-abım səndədir 

 

Min suallar verdilər nadanlar əhvalım görüb

Min kərə zikr eylədim, tək bir cavabım səndədir 

 

Düşmüşəm meyxanələr içrə töküb göz yaşımı

Gəl inamım, etiqadım çün imanım səndədir 

 

Bil Laçın əhli-cəhənnəm olmağa amadədir

Tək nicatım gəlməyindir ol gümanım səndədir

 

 Laçın Məmişov

Şamaxı şəhərinin Bakı əyaləti 10 sentyarb 2012-ci il

 

****************************************** 

Niyə qəmnən yazıram ?

Çox olub tənə vuranlar niyə qəmnən yazıram ?

Qəm yüküm ümman olubdur deyə qəmnən yazıram 

 

Gecələr ərşə çıxan naləmi bilsə qəmi kəm

Anlayar mən dəxi pərvanəyə şəmnən yazıram 

 

Bu cahan mülki ki, var adəmə bir zindan olub

Həsrətin çəkdiyimə gözləri nəmnən yazıram 

 

Yazıram şükrü Xudaya, daşıyıb qəm yükümü

Yetirər vəslinə gül üzlü sənəmnən yazıram 

 

Gəlir ilham pərim ondan alıram öz gücümü

Elə zənn eyləmə qafil ki, sinəmnən yazıram 

 

Fələyin yazdığı qismətdi, qədər var şübhəsiz

Gündə min yol eləyib çün o sitəmnən yazıram 

 

Güneyim dar, Qarabağ xar, İrəvan varsa əgər

Bu qədər dərdi sərimdən elə cəmnən yazıram 

 

Bülbülün ahu fəğanı xarə kar etmədisə

İçi ağlar Laçının oldusa bəmnən yazıram

 

 

Laçın Məmişov 

 

Şamaxı şəhərinin Bakı əyaləti 15 avqust 2012-ci il 

 

*****************************************

“De...məni sevərsən mən sevən kimi ?”

Susdun yenə sükütünla danışdın,

Hicarna, həsrətə yaman qarışdın.

Başını sinəmə qoyub soruşdun:--

“De...məni sevərsən mən sevən kimi ?”

 

eşitdin sinəmdə çırpınır ürək,

Elə çırpınır ki, sanki bir külək.

Qoparır gətirir sənə eşqimi

De...sevəcə bilərsən mən sevən kimi !?

 

Ruhum pərvaz edir eşq səmasında,

Tanrı zühr elədi yar simasında.

Gözün Tövfi-hərəm dönsəm başına,

De...edərsən inam mən edən kimi ? !

 

Dilində “yox”- dedin, gözündə gördüm,

Saçına güllərdən bir çələng hördüm.

Laçın xəstələnsə, diləsə yardım,

De...edə bilərsən mən edən kimi ?

 

 

 

İstədiyindir

 

Sən istədiyin hiss eləsən istədiyimdir,

Mən istədiyim mən qədəri istədiyindir.

 

Mən bəsləmişəm gizli günahı sənin üçün,

Sən bəslədiyin məndə olan istədiyindir.

 

Dil yox dedi, qəlb çox dedi, ey dil bir aman ver,

Zənn etmə ki, hər istədiyin istədiyimdir...

 

Hicrimlə gecə şəmə dönüb tövhi hərəm tək ,

Səbrin tükənəndə arayıb bəs dediyimdir.

 

Düz anlamış idin məni sən darə çəkəndə,

Ya edam elə ya da ipi kəs dediyimdir .

 

Olsaydı mənim istəyimə zərrəcə şübhən,

Məndən sayayı qeyrisi nakəs dediyindir .

 

Bu sevgi ki var, sanki tufan eşq dənizində

Sanma Laçını hifz ola Yafəs dediyindir .

 

 

Şamaxı şəhərinin Bakı əyaləti 26 aprel 2012-ci il

 

 

 

 

CƏKMİŞƏM

Ey mənim qönçə gülüm, vallahi nazın çəkmişəm,

Röyada gördüm ləbindən mən gülabın çəkmişəm.

 

Dün səni incitidiyimçün dar olub dünya mənə,

Bilmədin səndən sarı vicdan əzabın çəkmişəm?!

 

Səndən özgə bir kəsim yox, rəhm elə hircan çilə,

Bircə gün səndən iraq min iztirabın çəkmişəm.

 

Sən günəşsən, mən bimarın çıxmasan zülmətdəyəm,

Zülmətin cövrün görüb, zikr edib adın çəkmişəm.

 

Cənnəti üqbada versən, istəməm ondan uzaq,

Qoy olum əhli cəhənnəm, çün şərabın çəkmişəm.

 

Qəmi-hicrinlə yarıb bağrım, harayım tar kimi,

Qanə dönmüş qəlbimə xəncər mizrabın çəkmişəm.

 

Tanrı lütf  etsin Laçın ,qəm çəkməyə güc olmasa,

Qəm yüküm ümman olub, gül üzlü tabın çəkmişəm.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi