Gədəbəy rayonunun Nova İvanovka kəndində ahıl qadının şiddətə məruz qalması ilə bağlı hüquq müdafiəçisi Kəmalə Ağazadə tərəfindən sosial şəbəkədə paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb.
Bu barədə Modern.az-a Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.
O qeyd edib ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın 6 noyabr 1934-cü il təvəllüdlü Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan Səkinə Bayram qızı Həsənovadır:
“Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.
Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən çıxarılıb. O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilir. Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək”.
Qurum rəsmisinin sözlərinə görə, Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı videogörüntülər hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək:
“Səkinə nənə barəsində xəbər verən hər kəsə, eyni zamanda proses boyu dəstəyini əsirgəməyən Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürümüzü bildiririk”.