Modern.az

Polkovnik Kəlbəcərdəki faciədən DANIŞDI: “Düşmən hara gəldi mina basdırmış ola bilər”

Polkovnik Kəlbəcərdəki faciədən DANIŞDI: “Düşmən hara gəldi mina basdırmış ola bilər”

4 İyun 2021, 16:54

“Jurnalistlərin minaya düşdüyü əraziyə minaların sonradan yerləşdirilməsi ən aşağı ehtimaldır”. 

 

Bunu Modern.az-a Kəlbəcər rayonunun Susuzluq kəndində jurnalistlərin minaya düşməsi haqqında danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Hərbçi erməni diversantların sərhəddən sızaraq, gecə ilə həmin yolları minalaması ehtimalını real hesab etmir:

“Sərhədlərimiz Silahlı  Qüvvələrin, Müdafiə Nazirliyinin nəzarəti altındadır. Kəlbəcər istiqamətində təxribatların və mina döşəmək istəyənlərin qarşısı alınır. Əgər minanın oraya yerləşdirilməsi sonradan baş versəydi bütöv bir yola bir mina yox, bir neçəsini yerləşdirərdilər. Kəlbəcər rayonu hələ ki, minalardan təmizlənməyib. Ermənilər təkcə Kəlbəcərdəki evləri yandırmırdılar, ərazilərə minalar da yerləşdirirdilər. Birinci Qarabağ müharibəsində də əraziləri minalamışdı ola bilsin ki, həmin minalardan bəziləri elə o vaxtdan qalıb. Elə hallar olub ki,  karvanda hərəkət edən maşınların  5-6-sı bir yoldan rahat keçib, təhlükəli təzyiq olmayıb, amma 7-ci maşın partlayıb. O mina çoxdan basdırılandırsa, təzyiq artanda partlama hadisəsinin ehtimalı böyük olur”.

 

Şair Ramaldanov azad olunmuş ərazilərə səfər edən hər kəsi hərbçilərin müşayiət etməli olduğunu xatırladıb:

“Hərbçilər də onları müşayiət etməli idilər. Çünki hərbiçilər hansı ərazinin minadan təmizləndiyini, yoxlanıldığını bilirlər. ANAMA-ın da nümyəndələri orada olmalı idilər. Xəbərlərdən bildim ki, səfər edənlər arasında minalarla bağlı mütəxəssis olmayıb və mina təhlükəsini göstərən işarə də yox idi. Hərbi yollar təmizlənib, gedilən yolları tanımaq və hərbi yollardan istifadə olunması vacibdir. Artıq hadisə ilə bağlı istintaq başlanıb, nəticəni görəcəyik”.

 

Polkovnik səhlənkarlıq ehtimalını da istisna etməyib:

“Niyə o yolla gediblər? O yol təhlükəsiz idimi?  Kim zəmanət verirdi ki, o yol təhlükəsizdir?  Ola bilsin ki, jurnalistləri müşayiət edən yerli nümayəndə öz bildiyi yolla onları aparıb və həmin yol təhlükəsizlik baxımından zəmanət verilən yolların siyahısına daxil deyilmiş. Düşmən döyüş vaxtı geri çəkiləndə mina yükündən azad olmaq üçün də hara gəldi minaları basdırmış ola bilər.

Bir şeyi də xatırladım, üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq, ermənilər Kəlbəcərdən çıxarılanda evləri yandırdılar, əraziləri minalamaq ehtimalları da böyükdür. Ən aşağı ehtimal odur ki, sərhədlərimiz yüksək səviyyədə qorunduğu halda, gecə ilə diversantlar keçib, yolları minalasınlar”.

 

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir