Modern.az

Zahid Oruc: “Bəzən elə haqsız qərar verilir ki, adamlar dilə gəlir!”

Zahid Oruc: “Bəzən elə haqsız qərar verilir ki, adamlar dilə gəlir!”

8 İyun 2021, 14:02

"Ötən 14 il ərzində 3 nazirin timsalında biz parlamentdə əlilliyin təyinatı, müavinət və pensiyaların hesablanması qaydasına yenidən baxılması, TSEK-in bir nazirlikdən digərinə tabe etdirilməsi, elektron xidmət təşkili  və digər tədbirlərə dair təqdimatları izləmişik. Lakin hamımızı o zaman bir məsələ düşündürüb-vətəndaşların razılığı və nazirlərlə dəyişməyən sabit sosial siyasət kursu".

      

Modern.az xəbər verir ki, bunu parlamentin növbədənkənar iclasında çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

O qeyd edib ki, Azərbaycan əhalisinin hər 100 min nəfərinə düşən əlil sayına görə MDB məkanında 3-cü, Avropa sıralanmasında isə 56-cı yerdədir:

“Əlillərlə bağlı son rəsmi rəqəmlər 600 minə qədərdir və onların 80 faizdən çoxu 2-ci qrupdur. Göründüyü kimi, millətimiz haqda bədgüman mülahizələrə yer yoxdur. Ölkəmizdə əmək qabiliyyətli əhalinin 68 faizdən yuxarı olması dünyadakı göstəriciyə tamam uyğundur”.


Z.Oruc bildirib ki, indiyədək 90 min insanın pensiyasının, 17 min nəfərin əlillik təyinatının ləğv edildiyi açıqlanıb:

“Bu qədər vətəndaş ordusunun harada - əmək bazarında, özünüməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer etməsinə dair məlumatı da təqdim etmək yaxşı olardı. O cümlədən, 2016-cı ildə Nazirlər Kabinetinin təkrar müayinə qarşısında olan 250 min şəxsin 2021-ci ilədək müddətinin uzadılması və cari ildə onların yenidən tibbi baxışa qayıtması, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlillik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz.

Biz vətəndaşlarımızın sağlamlıq durumuna diaqnoz qoyarkən 2022-ci ildən qüvvəyə minəcək indiki daha humanist və çoxçeşidli qaydalarla deyil, haqsız olaraq tam əksəriyyətinə “saxta” deyib vətəndaşımızı yarğıladığımız, birtərəfli qaydada onu günahkar çıxardığımız, beləliklə ciddi gərginlik mənbəyinə çevirdiyimiz və insanları sosial qəyyumluq, müftəxorluqda suçlandırmağa səbəb olan hazırkı ləğv qərarları ilə üzə-üzə qoymuşuq”.

Komitə sədrinin fikrincə, Azərbaycanda əlilliyə çıxan şəxslərin əksər hissəsi kasıb və aztəminatlı təbəqədir və onlar haqda verilən ləğv qərarlarını dayandırmaq lazımdır”.

    

Zahid Oruc hərbi əlilliklə bağlı da danışıb:

 

"Hərbi əlilliklə bağlı onu qeyd edək ki, birinci qrupa 8800 manat sosial sığorta ödənilir, ikinci qrupa 6600 manat, üçüncü qrupa 4400 manat. Qrup dəyişəndə 2200 manat birdəfəlik ödəniş əldə edilir, təqaüddə 50 manat fərq edir, pensiyada daha yüksək faiz hesablanır. Lakin qazilərin əlilliyin təyinatına 5 qurumun qərar verməsinin operativliyə mənfi təsiri, bürokratiya və müalicə tədbirlərində yaşanan pərakəndəlik informasiya vasitələrinə çıxan məlum səhnələrə səbəb olur.Halbuki çözüm yolu kimi, Silahlı Qüvvələr üzrə vahid Komissiya təşkil edərək, bir ünvanda qazilərin qəbulu və vahid meyarlar əsasında onların sosial statusunun və sağlamlıq imkanlarının diaqnozu aparıla bilərdi.Çünki Hərbi-tibbi komissiyalardan keçən şəxslərin daha sonra TƏBİB müəssəsilərində, İcbari Sığorta Аgentliyi, Səhiyyə Nazirliyi  arasında qalması və həkimlərin mühüm bir qisminin forma 88-i dolğun tərtib etməməsi bir çox həqiqi əlil olan insana imtina qərarının verilməsi ilə nəticələnir. 

Parlament dinləmələrində İcbari Tibbi Sığorta Agentliyinin yüksək rəsmisi səhiyyə müəssisələrində kompüterləşmə səviyyəsinin aşağı olmasını və səhvlərin bir çoxunun qeydiyyat, sənədləşmə, məlumat bankının yaradılması sahəsində peşəkar kadrların azlığı ilə əlaqələndirdi.Digər mühüm məlumat, Həkim Məsləhət komissiyalarının sayının 200-dən 163-ə, gələcəkdə isə 100-ə endirmək istəyirlər ki, bəlkə bu yolla səhv sənəd tərtibinin qarşısını alsınlar.Lakin ən maraqlı açıqlama həkimlərin “bizim işimiz müalicə etməkdir, sənəd doldurmaq deyil” bəyanatıdır. Göründüyü kimi, nazirliklər arasında işin təşkilində yaşanan etimadsızlıq mühiti nəticə etibarilə həsass kateqoriya vətəndaşların hüquqlarını zərbə altında qoyur.

Xatırladaq ki, Səhiyyə Nazirliyində vaxtilə problemi köklü araşdırmaq üçün xüsusi komissiya yaradıblar və tibbi dillə desək, kənar müdaxilənin ağır nəticələr verəcəyini görüb 8-10 aylıq çalışmadan sonra Komissiyanı ləğv ediblər.Nazirliyin mövqeyinə görə instrumental, yəni aparat müayinəsinin nəticəsi ilə xəstənin klinik vəziyyəti üst-üstə düşməyə bilər. Belə ki, bir diaqnozla xəstə 50 il yaşayıb əlil olmaya bilər, lakin fərqli sosial-psixoloji və fizioloji şəraitdə bir il ərzində həmin xəstəlikdən əlil ola bilər. Yəni, pasientin instrumental müayinəsinə üstünlük verib xəstəni görməmiş, onun sənədlərinə uyğun ekspertiza aparmaq düzgün deyil. 2 dəfə forma-88 qaytarılandan sonra vətəndaş məmnunluğunun sıfra düşməsi, süründürməçiliyin artması və təkrar stasionar müalicə üçün 12 nömrəli qərara uyğun olaraq, yataq rejimindəki pasientin müayinə olunması, paytaxta nəqliyyatla gəlməsi və geri qaytarılması mövcud qarşılıqlı günahlandırmaların səbəbi kimi çıxış edir. Nazirlik haqlı olaraq, əllillik müddətinin başlanma tarixini 1-ci göndərişin verilməsi günündən hesablanmağı təklif edir.Əgər xəstəyə 10 dəfə göndəriş verilibsə, hal-hazırki qanunvericilik ədalətli hesablamaya imkan vermir və onun dəyişdirilməsi vacibdir.

Yekunda bir daha vurğulayaq ki, bizim hamımızın məqsədi Vətən müharibəsində qələbədən sonra Ali Baş Komandan, ordu və millət birliyinin qorunub saxlanması, sağlam insanların sayının və genefondun artması, dövlət siyasətinin gücləndirilməsi üçün alternativlərin-azad rəqabət mühitli iqtisadiyyatın, sahibkarlığın genişlənməsi və yeni iş yerlərirnin yaradılmasıdır.Ümidvarıq ki, yeni meyarlar bu sahədə sosial ədaləti təmin edəcək və dövlətimizin ən həssas təbəqələrə yönələn siyasəti ünvanına çatacaqdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır