Modern.az

Quran səsilə süzülən su - Əsrarəngiz “Slavyanka”dan REPORTAJ

Quran səsilə süzülən su - Əsrarəngiz “Slavyanka”dan REPORTAJ

Reportaj

10 İyun 2021, 10:46

Quran səsilə süzülən suyu mənbəyində görmək “Onsuz da mağazadakı suların hamısı krantdan doldurulur, hərə fərqli qiymət qoyur” düşüncələrimi sözün əsl mənasında suya döndərdi. Bakıdan 435 kilometrlik məsafəni böyük zəhmətlə qət edərək saf bulaqlardan qaynayan suların süfrəmizə çatanadək keçdiyi istehsal prosesini izləmək üçün Gədəbəyin Zəhmət kəndinə istiqamət alırıq. Yol boyu taxıl zəmilərilə yarışa girirmişcəsinə uzanan, qıpqırmızı xalını xatırladan lalələrin gözoxşayan gözəlliyi insanı valeh edir…


Uzun yolun yorğunluğu Şəmkirdən Gədəbəyə keçiddə təbətin əsrarəngiz gözəlliyi, dağların qoynunda yerləşən Zəhmət kəndi Bakıda təmiz havaya həsrət qalmış adamlar üçün dərman kimi gəlir.


Nəhayət, “Gədəbəy Mineral Suları” şirkətinin suyun bulaqlardan birbaşa çatdırıldığı su anbarındayıq. Məlumat üçün bildirək ki, dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik suya olan tələbat nəzərə alınaraq, 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində istifadəyə verilib. 2014-cü  ildən isə limonad fabriki fəaliyyətə başlayıb.


Bütün bunlarla bizi məlumatlandıran isə şirkətin qurucusu, ixtisasca həkim olan “Gədəbəy Mineral Suları” şirkətinin istehsalat müdiri Nadir İbrahimovdur. Nadir İbrahimov illər əvvəl öz həkim dostu ilə birlikdə iş qurmaq qərarına gəlir. Başqa bir dostu onlara deyir ki, “iri gəmiləri saxlayan sudur. Ona görə su istehsal edə bilərsiniz”. Beləcə müxtəlif variantlar üzərində çox düşündükdən sonra su ilə bağlı biznes qurmağı qət edirlər. İllər keçdikcə böyüyən şirkət Azərbaycanın ən böyük su istehsalçıları bazarında özünəməxsus yerə sahib olur.

 

Anbara daxil olduğumuz ilk anda “Qurani-Kərim” ayəsinin sədası ətrafı bürüyür. Müasir elm suyun yaddaşının olduğunu, onun ətrafda baş verən hadisələrə, hətta səslərə, musiqiyə belə reaksiya verdiyini sübut edib. Məşhur yapon alimi Massaqinin apardığı tədqiqatlar da göstərir ki, suyun üzərində səsləndirilən musiqilər onun tərkibinə təsir edir. Alimin tədqiqatları nəticəsində məlum olub ki, suya oxunan Quran ayəsi onun tərkibini müsbətə doğru xeyli dəyişir, suya daha da saflıq, təmizlik, insan orqanizmi üçün faydalılıq gətirir.“Slavyanka – 1” və “Gədəbəy” markalı suların heç bir suda olmayan daha bir özəlliyi məhz bu amillə bağlıdır. Bu suyun yığıldığı hovuzda gecə-gündüz, fasiləsiz olaraq, müqəddəs kitabdan surələr oxunur.

 

Ölkə başçısı hər sahibkarın yanındadır


N.İbrahimov “Slavyanka” markasının adının kəndlə bağlı olduğunu, “Gədəbəy” markasının isə Prezident İlham Əliyevin təşəbbüsü ilə meydana çıxdığını vurğulayır:


“Cənab Prezident Gədəbəyə səfəri zamanı “Slavyanka” suyunu içərkən bəyənmiş və adının yerli ad qoyulması təklifini vermişdi. Ölkə başçısı demişdi ki, elə Gəbəydə çıxdığına görə su “Gədəbəy” adlansın. Bu markanın yaranma tarixçəsi belədir. Cənab Prezident səfər zamanı özü dedi ki, suyun ən böyük təbliğatçısı və reklamçısı mənəm. Ölkə rəhbərinin bu sözləri bizim üçün böyük stimul oldu. Eləcə də bu sözlərin verdiyi məsuliyyəti dərk edərək işimizi ona görə qurmuşuq.

 

“Şahid anbarı”ndakı suyun şahidliyi...

Şirkət rəsmisi bildirir ki, hazırda “Gədəbəy Mineral Suları” MMC-də fəaliyyətdə olan iki fabrikdə 6 texnoloji xətt quraşdırılıb:


“Bu xətlərdə pet və şüşə butulkalarda 38 çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur. Hələlik limonadlarımız 5 çeşiddədir: Düşes”, “Tərxun”, “Limon”,  “Üzüm”,  “Feyxoa”. Əlavə olaraq,  2 çeşid limonad istehsalını da nəzərdə tutmuşuq ki, onlar da sırf  Gədəbəyin təbiətindəki bitkilərlə bağlı olacaq.

Məlumat üçün bildirim ki, qida mənbəyini 8 bulaqdan götürən sular membran örtüklə izolyasiya olunmuş borular vasitəsilə birbaşa 700 tonluq anbara doldurulur. Su dincəldikdən sonra ikinci anbara ötürülür. Bu anbarda su çox saxlanılmır, çünki su dəyişməlidir, duran su xarab olar. Əgər hər hansı səbəbdənsə fabrikdə iş dayansa, anbardakı su kənara ötürülür, anbar yuyulduqdan sonra yeni su yığılır və istehsal yenidən başlanır.

Boruların içi ayda bir dəfə bulaq başındakı pəncərələrdən kimyəvi maddələr axıdılmaqla yuyulub təmizlənir. Hər saat ərzində suyun fiziki-kimyəvi analizi, həftədə 1 dəfə mikrobioloji analiz aparılır. Eyni zamanda, hər saat ərzində 1 şüşə su şahid olaraq “şahid anbarı”na göndərilir. Müəyyən müddət keçdikdən sonra satışda olan suda hansısa problem çıxarsa, “şahid anbarı”ındakı su ilə tutuşdurulur ki, problem yalnız bir şüşədə olub, yoxsa həmingünkü bütün istehsalda”.

 


Dağların dadını alan suyun sirri

 

Onun sözlərinə görə, gün ərzində bulaqlardan anbara 1 saatda 25 min litr (25 kubmetr) su daxil olur:


“24 saat ərzində bizim hazırkı istehsalımızı qarşılayacaq qədər su ehtiyatımız toplanır. Hovuz dolanda avtomatik olaraq, su, çaya axır. Su müasir standartlara uyğun filterlərdən keçərkən, onun fiziki-kimyəvi tərkibinə toxunulmur.

Bütün təhlükəsizlik tədbirlərinə riayət olunmaqla, bulaqların hamısı hasara alınıb, kameralar vasitəsilə 24 saat onlayn şəkildə izlənilir. Ən uzaq bulaq fabrikdən 17 kilometr uzaqlıqda yerləşir.

Fabrikə 1450-1500 metr hündürlükdə yerləşən 8 bulaqdan su daxil olur. Ana bulaq Novlu bulaqdır. 1827-ci ildə almanlar tərəfindən qurulub. Bulaqların hamısı çayın o biri üzündə bir-birinə qarışır, 2 xətlə fabrikə daxil olur. Hazırda yeni su mənbələrinin axtarışları davam edir. Perspektivdə istehsalı artırmağı planlaşdırırıq. Hazırda sutka ərzində 250 min litr su istehsal edirik, düşünürük ki, bunu 400 min litrədək artıra bilərik.

Ümumilikdə 1 litr su istehsal etmək üçün əlavə olaraq, şüşənin, çənin yuyulması üçün 700 millilitr su lazımdır. Əlavə su isə itkiyə getmir, əhali həmin sudan öz ərazisini suvarmaq üçün istifadə edir”.


Satışa çıxarılan suyun qiymətinə gəlincə, fabrik müdiri deyib ki, Gədəbəy mərkəzdən kənarda yerləşdiyi üçün daşınma və logistika xərcləri çoxdur:


“Həm də Gədəbəy suyu çox qiymətlidir. Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsinin suları ilə eyni keyfiyyətdə, eyni tərkibdədir. Suyun keyfiyyətli olması isə dağlardakı minerallarla bağlıdır. Dağın başında toplanan qar əridikcə, müxtəlif süxurlara, minerallara təmas edərək, bulaqlara toplanır. “Slavyanka-1” və “Gədəbəy” markalı sular eyni tərkib və keyfiyyətdədir.

Bizim sularda Qax, Zaqatala sularındakı kimi yod çatışmazlığı müşahidə edilmir, amma həm də yüksək yodluluq da yoxdur. Laborator şəraitdə bizim sularda müayinələr zamanı yod izlənilir. Suyun minerallığı 180-dir. Minerallıq çox da olsa zərərlidir, az da olsa. Biz əsasən türk standartları ilə işləyirik. Türkiyədə minerallığı az olan su içilməz. Standarta görə suyun tərkibindəki minerallar 150-300 arası olmalıdır. Amma Azərbaycan istehlakçısı yüksək minerallığı qəbul etmir”.

 

Su fırıldaqçıları

 

Şirkət rəsmisi su bazarındakı fırıldaqçılardan da gileylənir:

“Bakıda su şəbəkəsinin üstündə oturub krantdan su doldurub satanlar bazarda qaydaları pozurlar. İnsan orqanizmi sudan qurulub. Sən o orqanizmi normal su ilə təmin etməlisən. Su filterləri satmaq üçün əllərində qələmlə gəzənlər var. Qələmi suya salırlar, bulandısa, guya bu, içiləsi deyil. Bu, elektroliz hadisəsidir. Suya saldığı ya müsbət yüklüdür, ya da mənfi yüklüdür. Suyun tərkibində müsbət və mənfi yüklü elektrodlar var. Əgər suya mənfi salmısansa, mənfini, müsbət salmısansa, müsbəti özünə çəkir. Suyun tərkibində mineral yoxdursa, orada heç bir reaksiya getmir, bulanmır, bir sözlə ölü su hesab edilir. Çox təəssüf ki, o qələm Azərbaycan bazarını tamam əksinə çevirib. Belə saxtakarlar hər yola əl atırlar. Hətta bizim suyun saxtasını satışa çıxaranlar olub. Hacıqabulda, Gəncədə rast gəlinib. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik və lazımi tədbirlər görülüb”.

 

Pandemiya qaydaları və istehsal


“Gədəbəy Mineral Suları” şirkətinin Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi şöbəsinin müdiri Selim Kara
limonad istehsalında tamamilə təbii şəkərdən istifadə edildiyini bildirir:

“Belə ki, təbii şəkəri 65-70 dərəcədə əridib pasterizə edirik. Daha sonra filterdən keçirib şərbət halına salaraq, qarışma cihazına göndəririk. CO2-nin daha yaxşı qarışması üçün temperaturunu 4 dərəcəyədək endiririk. Su və karbon əlavə edib dolum xəttinə göndəririk. Dolum xəttində şüşələr əl dəymədən yuyulur, limonad doldurulur, qapağı bağlanılır və etiketləmə mərhələsinə göndərilir. Gün ərzində 50 min litrədək istehsal gücümüz var. Pandemiya səbəbindən gündəlik olaraq 10-12 litr limonad istehsal edirik. Çalışırıq ki, tələbatı aşmayaq, əks təqdirdə son istifadə tarixi bitir və biz məhsulu geri qaytarırıq. Pandemiyadan əvvəl tam olaraq çalışırdıqsa, indi həftədə 3-4 gün çalışırıq. Əməkdaşlarımız mütəmadi olaraq, COVID-19 testindən keçirlər və peyvənd olunublar. Çünki peyvənd olunmayanlar işə buraxılmır”.

 

Azərbaycan suyunun əsas ixrac ölkələri

Suyun analizlərinin aparıldığı laboratoriyanın müdiri Şahmurad Quliyev deyir ki, burada gün ərzində bir neçə dəfə içməli suların fiziki-kimyəvi və mikrobioloji analizləri aparılır:

“Analizləri xüsusi qurğular vasitəsilə həyata keçiririk. Məhsullar standartlara uyğun istehsal olunur. Laboratoriya şəraitində yoxlanma zamanı suyun tərkibi standartlara uyğun olmadıqda istehsal dayandırılır, problemin qaynağı tapılaraq həll edilir: “Çünki problem aradan qaldırılmadığı təqdirdə, istehsalda davamlı keyfiyyət əldə etmək mümkün deyil.

“Gədəbəy Mineral Suları” MMC-də bütün istehsal prosesi İSO standartlarına-keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisəmiz Türkiyənin “Türk Standardları Enstitüsü” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 14001-2004; İSO 22000-2005; İSO 9001-2008;  standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Bu isə “Slavyanka-1” və “Gədəbəy” suyunun yüksək kefiyyətli istehsalının göstəricisi və xarici bazara girişinin açarıdır. Minerallarının zənginliyi ilə seçilən, dünya standartlarına cavab verə biləcək yüksək kefiyyətli məhsul istehsal etməyimiz “Slavyanka-1” və “Gədəbəy”  mineral  suyunun bir çox xarici ölkələrdə tanınmasına səbəb olub. “Slavyanka-1” və “Gədəbəy” mineral suları  Rusiya, Belarusiya, Qazaxıstan, Bəhreyn Krallığı və İraqa  ixrac olunur”.

 


“Bizim üçün ən önəmli olan insan sağlamlığı və keyfiyyətdir”

Bazarda böyük paya malik əsas istehsalçı olan “Gədəbəy Mineral Suları” MMC-nin İcraçı direktoru Adil Haqverdiyev müştəri bazasının 30 minə yaxın olduğunu deyir:

“Biz pərakəndə bazarında olan markayıq. İstifadəçilərimizin dairəsi çox genişdir- ailə, uşaq, böyük, iş adamı, şirkət və s. Hazırda 15 min aktiv müştərimiz var. Amma müştəri bazamız 30 minə yaxındır. Bazarın böyümə trendi var. Önümüzə hədəf qoyub daha çox çatdırılma edəcəyik. İnsanlar biləndə ki, həqiqətən onların suyu Gədəbəy bulaqlarından gəlir, bizi daha çox seçirlər, çünki bizim qiymətimiz çox rəqabətcildir. Bakıda doldurulan sular 2,5-3 manata evlərə çatdırılırsa, bizdə bu qiymət 3,80 manatdır. Arada 80 qəpik fərq var, amma müştərilər bilməlidirlər ki, bizim su təbii və daha keyfiyyətlidir”.

İcraçı direktor işləri genişləndirməyi planlaşdırdıqlarını diqqətə çatdırır:

“Bizim gələn illə bağlı yeni istehsal planlarımız var. Yeni məhsul çeşidlərinin istehsalı nəzərdə tutulub. Pandemiyadan sonrakı dövr üçün bazarın yüksəlmə trendi, tələb artımı gözlənilir ki, bunu da qarşılamaq üçün var gücümzlə çalışacağıq. Hazırda Qarabağda gedən yenidənqurma işlərində bir çox şirkətin suyunu biz təmin edirik. Bu özü ciddi işdir. Azərbaycanın inkişafına hər cür dəstək verməyə hazırıq.

Biz həm Azərbaycanı əhatə edən şəbəkəyə malik, həm tanınan, həm də korporativ əlaqələri güclü olan tək şirkətik. Bizdən savayı elə bir şirkət yoxdur ki, bu 3 nüansın üçü də onlarda olsun. Biz dünyada məşhur olan su brendlərilə birlikdə laboratoriya şəraitində yoxlanılmaya hazırıq. Çünki keyfiyyətimizə cavabdehik.

Ümumilikdə 220 nəfər əməkdaşımız var. 50 nəfər fabrikdə-Gədəbəydə, qalan 170 nəfər Bakı ofisindədir”.

Şirkər rəsmisinin sözlərinə görə, daha çox qazanc üçün insan sağlamlığına zərərli ola biləcək, xoş görülməyən suların istehsalını planlaşdırmırlar:

“Bizim üçün ən önəmli olan sağlamlıq və keyfiyyətdir”.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi