Modern.az

Dağıdılmış evlər aktlaşdırılıb, xarici ekspertlər cəlb olunur, Azərbaycan səyləri davam etdirəcək - MÜSAHİBƏ

Dağıdılmış evlər aktlaşdırılıb, xarici ekspertlər cəlb olunur, Azərbaycan səyləri davam etdirəcək - MÜSAHİBƏ

Müsahibə

11 İyun 2021, 09:01

Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az saytının suallarını cavablandırıb.

 

- Ceyhun müəllim, sərhəddə baş verən son hadisələr göstərdi ki, ermənilərin Azərbaycan qarşı təxribatları hələ davam edir. Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləyərək, mina xəritələrini təqdim etməməsi nəticəsində onlarla mülki vətəndaşımız minaya düşdü və bu say artmaqda davam edir. İndiki məqamda beynəlxalq təşkilatların mövqeyi necə olmalı idi?

 

- Biz Qələbədən sonra da qərəzli yanaşmanın şahidi olduq. 30 il müddətində Azərbaycan bunu görür, şahidi olurdu. Son hadisələr zamanı isə bir daha sübut olundu ki, ikili standartlar davam edir. Mülki insanların həyatlarını itirməsindən söhbət gedir. Başqa ölkədə belə hallar yaşandıqda beynəlxalq təşkilatlar hadisələri qanun pozuntusu kimi qələmə verirdi, halbuki, məqam bizim haqsızlıqla üzləşməyimizə çatanda lazım olan mövqeyi bildirmədilər. Dəfələrlə Azərbaycan bununla bağlı müxtəlif qurumlara müraciət edib, bəzi qurumlar və dövlətlər istisna olmaqla, ümumilikdə, məsələyə ciddi bir münasibət görmədik. Digər bir məqam isə davamlı olaraq, Azərbaycana qarşı iddiaların səsləndirilməsidir. Mina xəritələri bu günə qədər Azərbaycana verilməyib, amma beynəlxalq hüquqa görə, müharibə bitdikdən sonra mina xəritələri verilməli idi. İndi Ermənistana qarşı heç bir tədbir görülmür.

 

- Mina xəritələrinin təhvil verilməsi ilə bağlı digər müharibələr zamanı hansı təcrübənin şahidi oluruq.

 

- Beynəlxalq konvesiyalara görə, münaqişə tənzimlənir və müharibə bitirsə, müharibə edən tərəflər bu xəritələri verməlidir. Biz 10 noyabr Bəyanatına uyğun müharibəni dayandırmışıq. Ondan sonrakı mərhələdə mina xəritələri mütləq Azərbaycan tərəfinə verilməlidir. Bu xəritələrin verilməməsi özü bir cinayətdir. Azərbaycan bununla bağlı aiddiyatı qurumlara müraciət etməyi planlaşdırır. Konkret olaraq Azərbaycan vətəndaşlarının minaya düşməsindən söhbət gedir. Ermənistan bu ərazilərdən geri çəkilməlidir, bu da razılaşmaya əsasən təsdiq olunub ki, həmin ərazilər Azərbaycan torpaqlarıdır. Azərbaycan müxtəlif istiqamətlər üzrə Ermənistanı məhkəməyə verib. Bununla da bağlı hazırda müəyyən prosedur keçirilir.

 

- Azərbaycan həm də təzminat məsələsini irəli sürmüşdü, bu istiqamətdə hansı işləri görə bilirik?

 

- Birinci mərhələdə bütün dağıdılmış ərazilərin foto və videoları çəkilərək, aktlaşdırılıb. Dəymiş ziyanla bağlı işlər gedir, xarici ekspertlər də işə cəlb edilir. Növbəti mərhələdə artıq bununla bağlı müraciətlərin və məhkəmə qarşısında məsələlərin qaldırılması olacaq. Bunun üçün də sənədlər və faktlar elə hazırlanmalıdır ki, beynəlxalq məhkəmlərdə bu sənədlər qəbul olunsun. Yenə də Azərbaycan bütün səyləri davam etdirəcək.

“Torpaqlarımızı azad etmişik, Ermənistan ərazisinə bir addım belə keçməmişik...” 

 


- Biz torpaqlarımızı azad etmişik. Ermənistan ərazisinə bir addım belə keçməmişik. Ermənilər isə az qala məsələni fərqli şəkildə təqdim edirlər...


- Hazırda çox ciddi informasiya müharibəsi davam edir. Xaricdə Ermənistan çox ciddi işlər görür. Erməni lobbisi, diaspor təbliğatda çox ciddi rol oynayır. Bu gün dünyanın bir çox nüfuzlu informasiya agentliklərində ermənilər çalışır. Bizim vətəndaşlar İngiltərədə tanınmış bir qəzetə yazı vermək istəyərkən ermənilər onu əngəlləyir. Vikipediya-da xarici dildə məlumat yerləşdirməkdə problemlər yaranır. Çünki orada da ermənilər var. Ona görə, xarici dildə materialların hazırlanması, xarici saytlarda və qurumlarda azərbaycanlıların haqq işinin yerləşdirilməsi istiqamətində çalışmalıyıq. Məsələn, təhsil ilə bağlı deyək, dünyanın elə bir universiteti yoxdur ki, orda erməni professorlar olmasın. Düzdür, Diasporla İş üzrə Dövlət Komitəsi çox ciddi irəliləyişlər əldə edib. Ancaq yenə də  xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqədə olmalıyıq. Xarici media ilə, qurumlarla daha çox çalışmalıyıq. Haqq, ədalət bizim tərəfimizdədir, ancaq xarici mediaya baxdıqda, görürük ki, Azərbaycana qarşı haqsız iddialar səngimir. Biz informasiyalarla işləməkdə daha diqqətli olmalıyıq.

Səfirliklərin daha çevik şəkildə bu istiqamətdə ciddi işlərə imza atmasına böyük ehtiyaclar var. Son hadisələrlə bağlı parlament də ciddi işlər gördü, ayrı-ayrı dostluq qrupları vasitəsi ilə məktublar göndərildi, bəziləri Azərbaycana çağırıldı, erməni vəhşiliklərini öz gözləri ilə gördülər. Mən özüm Misir-Azərbaycan dostluq qrupun rəhbəriyəm. Amma deməliyəm ki, Misir müsəlman ölkəsi olsa da orada ermənilobbisi güclüdür, aktivdir. Bizim bu sahədə fəaliyyətimiz də sürətləndirilməlidir.

 

“Ərəb-müsəlman dövlətləri ilə əlaqələrimiz da artırılmalıdır” 

 


- Yeri gəlmişkən, dediklərinizdən çıxış edərək “hazırda milli kimlik dini kimliyi üstələyir” fikrini səsləndirə bilərikmi?

 

- Dini kimliklə milli kimlik arasında zaman-zaman rəqabət olub. Hansı önə çıxa bilər, hansı qalib gələ bilər – müəmmalıdır. Sadəcə, burada müəyyən nüanslar var. Ölkələrin biri-biri ilə əlaqəsi önəmli faktordur. Misal üçün, Azərbaycanın Türkiyə ilə münasibəti yüksək səviyyədədir. Türkiyənin hansı dövlətlə münasibətləri yaxşıdırsa, bu proses birmənalı olaraq, Azərbaycana da öz təsirini göstərir. Dünyada yeni çağırışlar özünü göstərir. Ayrı-ayrı dövlətlər var ki, başqa dövlətlərlə birgə müəyyən işlər görmək istəyirlər. Bir sıra dövlətlər öz siyasətində dini kimliyə, digər bir qrup isə milli kimliyə üstünlük verirlər. Prosesin hansı formada keçirilməsindən çox şey asılıdır. Uzun illərdir Ermənistan müsəlman ölkələrində çox ciddi fəaliyyət göstərir. Ərəb-müsəlman ölkələri ilə yüksək səviyyədə işlər təşkil edir. Ərəb investorları ölkələrinə cəlb etməyə çalışırlar. Livanda, Misirdə də ermənilər fəaldırlar. Ona görə, bizim ərəb-müsəlman dövlətləri ilə əlaqələrimiz da artırılmalıdır. 

 

- İddia edilir ki, hər şeyin təməlində təhsil dayanır. Elm, təhsil aşağı səviyyədə olduğu halda bu kimi işləri görmək də çətinləşir. Ötən ilin büdcəsi ilə bağlı müzakirələr zamanı maliyyə naziri elmə ayrılan vəsaitin nisbətən az olduğunu qeyd etdi və bunu nəticəsizliklə əlaqələndirdi. Sizcə, niyə Azərbaycanda elmi tədqiqatlar istənilən səviyyədə deyil.

- Hər bir ölkənin gələcəyi onun təhsili ilə bağlıdır. Gələcək və yüksək inkşaf üçün yaxşı təhsili təmin etməliyik. Təhsil ən yüksək səviyyədə olmalıdır. Bizim də burda görəcəyimiz işlər çoxdur. Bura universitetlərin səviyyəsi və s. aiddir. Zaman-zaman dövlət universitetlərə maliyyə yardımı ayrılır. Burada nəticənin yoxluğu ilə razılaşmaq olmaz. Məncə, elmlə bağlı görülməli işlər çox da olsa, bunun öhdəsindən gəlmək mümkündür.

 

“Azərbaycandakı dini icmaların xətti ilə işimizi çox ciddi şəkildə qurmalıyıq”

 

- O zaman ortaya belə bir sual çıxır, Azərbaycanda elmi tədqiqatların səviyyəsi necədir? Məsələn, Azərbaycanın möhtəşəm zəfərinin siyasi, tarixi, regional əhəmiyyəti ilə bağlı alimlərimiz yüksək səviyyəli araşdırma və ya təhlil işi ortaya qoya biliblər?

 


- Elmi araşdırmalarla bağlı bizim müəyyən bir çatışmazlıqlarımız var. Bu gün daha geniş tətqiqatların aparılması, alimlərimizin bu proseslərdə daha aktiv işləməsinə böyük ehtiyac var. Dünyanın bir çox ölkələrində elmi araşdırmalara xüsusi önəm verilir. Bu gün bizdə elmi yazıların səviyyəsinə baxdıqda qaneedici olduğunu deyə bilmirik. Halbuki, elmə daha çox önəm verməliyik. Xüsusilə, xaricdə belə yazıların çap edilməsinə baxılmalıdır. Elmi məsələlərdə daha çox yeni mövzular üzərində işlənilməlidir. Biz müharibədə qələbə çaldıqdan sonra bu qələbənin səbəbləri, əsasları, perspektivləri və s. sahədə işlər araşdırılmalıdır. Milli Elmlər Akademiyası, universitetlər, tətqiqat yönümlü fəaliyyət sahələri bu işdə məsuliyyətli olmalıdır. Müharibə bitsə də, mübarizə bitməyib. Mübarizəni də sadəcə dövlət adamları deyil, elm adamları da aparmalıdır. Öz yazıları, məqalələri və mövqeləri ilə çıxış etməlidirlər.

 

- AMEA-nın fəaliyyətinin aşağı olmasının səbəbi nədir? Onlar bunu maliyyə qıtlığı ilə əlaqələndirir, bu doğrudur?

 

- Hər bir işi maliyyənin üzərinə atmaq olmaz. Həm də bu, bizim vətənpərvərlik göstəricimizdir. Dövlət qurumları çalışır ki, bizim alimlərimizə lazımı qədər maliyyə yardımı etsin. Ola bilsin, hansısa məsələdə maliyyə faktoru rol oynayır. Son vaxtlar təəssüflə deməliyik ki, mediada AMEA-nın akademik fəaliyyətindən çox başqa məsələlərlə gündəmə gəldiyinin şahidi oluruq. Akademiyanın bir çox institutları var. Elə potensiallı institutlar var ki, böyük işlər görə bilərlər. Onlar bu barədə düşünməlidirlər, yeni nələr edə bilərlər – tapmalıdırlar. Biz müharibədən sonra yeni konsepsiyalar üzərində işləməliyik. Yeni mərhələdə biz bu qələbəni təmin etdik, növbəti mərhələdə bizim üzərimizə nələr düşür. Bunun üzərində bütün qurumlar çalışmalıdır. Ermənilər zaman-zaman ərazi idddiaları səsləndirirlər. Bu iddialar yenə olacaq. Elmi əsaslarla biz onlara cavab verməliyik. Alimlərimizin ayrı-ayrı tədqiqatları var, amma bu yetərli səviyyədə deyil. 

 

- Bəs, Azərbaycanda fəaliyyət göstərən dini icmalar Qarabağ məsələsində mövqeyini necə sərgiləməlidir?

- 44 günlük müharibə dövründə Azərbaycanda fəaliyyət göstərən dini icmalar aktiv şəkildə öz işlərini gördülər. Zaman-zaman öz bəyanatlarını bildirdilər, xaricdəki öz həmkarlarına, ayrı-ayrı beynəlxalq qurumlara öz bəyanatlarını göndərdilər. Ayrı-ayrı işlərlə bağlı intensiv işlər görüldü. Azərbaycanda olan dini icmalar Azərbaycan dövlətinin göstərdiyi yüksək qayğıya görə dövlətimizin yanında oldular. Azərbaycanda müxtəlif ölkələrdə mərkəzləri yerləşən dini icmalar fəaliyyət göstərir. Onların xətti ilə biz öz işimizi çox ciddi şəkildə qurmalıyıq.

 


Aysel Məhərrəm

Aysel Aslan

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər