Modern.az

Bölgələrdə məcburi köçkünlər üçün kurslar təşkil olunub

Bölgələrdə məcburi köçkünlər üçün kurslar təşkil olunub

Dünya

1 Oktyabr 2012, 23:00

“Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində icra etdiyi növbəti layihəni yekunlaşdırıb.

Modern.az-ın məlumatına görə, kurslar təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilib. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Türkiyə Cümhuriyyəti Başnazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Başqanlığının texniki dəstək verdiyi layihə çərçivəsində altı ay mülddətində 60 nəfər dərziliklə bağlı peşə bacarıqlarına yiyələnib. Layihə çərçivəsində keçirilən kursların hər birində 20 nəfər iştirak edib. Dərslər həftədə 3 dəfə olmaqla iki qrupda keçirilib. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar verilib. Layihə başa çatdıqdan sonra da təşkilat kursu bitirən gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparılacaq.

Bu barədə Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib.

Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsi 6 ay müddətində davam edib:

«Cəmiyyətdə hər hansı səbəbdən əhalinin yerdəyişməsi özü ilə gözlənilməyən problemlər gətirir. Azərbaycanın bu gün üzləşdiyi ən böyük problem Dağlıq Qarabağ məsələsi, öz torpaqlarından didərgin düşən məcburi köçkünlər, müharibədə yaxınlarını itirən şəxslərlə  bağlıdır. Köməyə daha çox ehtiyacı olan qaçqın və məcburi köçkünlər, həmçinin Qarabağ müharibəsindən zərərçəkən  şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş, erməni əsir və girovluğundan azad edilmiş vətəndaşların ailələrindən olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması günün vacib tələbidir. Düzdür, məcburi köçkünlərin yerləşdirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Dövlət Proqramları qəbul olunub, bir sıra tədbirlər görülüb. Bu sosial qrupa dövlət səviyyəsində müəyyən güzəştlər nəzərdə tutulub,  müavinətlər ayrılıb, büdcədən maliyyələşən müəssisələrdə iş yerlərini itirmiş və bu gün işsiz olan şəxslərə kompensasiya ödənilib. Son illər görülən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çadır şəhərcikləri təmamilə ləğv edilib. Çadır şəhərcikləri, yük vaqonlarında məskunlaşan məcburi köçkünlər yeni salınan qəsəbələrə köçürülüb. Hazırda qaçqın və məcburi köçkunlər üçün yeni salınan qəsəbələrdə bütün sosial, texniki infrastrukturlar yaradılsa da, əhalinin məsğulluğunun tam təmin edilməsi mümkün olmayıb. Nəticədə, məcburi köçkünlərin bir hissəsi, əsasən də gənclər iş tapmaq üçün həmin qəsəbələri tərk etmək məcburiyyətində qalır. Həyata keçirdiyimiz layihədə də əsas məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsi ilə onların məşğulluğunun artırılmasına nail olmaqdır. Bu həm də həmin təbəqədən olan şəxslər arasında əmək miqrasiyasının azaldılmasına və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım edəcək».

Qeyd edək ki, bundan öncə Regional İnsan Hüquqları və Media Mərkəzi TİKA-nın texniki və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə «Müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün kompüter kurslarının təşkili» layihəsini həyata keçirib. Layihə çərçivəsində bu təbəqədən olan 121 nəfərə kompyuter bilikləri verilib. Layihə TİKA-nın 2010-cu ildə dəstək verdiyi ən uğurlu layihələrdən biri olub.  Buna görə də layihə Türkiyənin TRT 1 kanalı tərəfindən də işıqlandırılıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı