Modern.az

Zabitlərin ixtisasdəyişmə və təkmilləşdirmə kursları başa çatdı

Zabitlərin ixtisasdəyişmə və təkmilləşdirmə kursları başa çatdı

Aktual

15 İyun 2021, 19:42

Əlahiddə Ümumqoşun Orduda zabitlərin ixtisasdəyişmə və təkmilləşdirmə kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Polkovnik Mübariz Rzayev kurslara cəlb edilmiş zabitlərin ixtisaslarına uyğun nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdiyini, məşğələlərdə əsas diqqətin 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin öyrənilməsinə yönəldiyini qeyd edib.

 

Məzunlar adından Eşqin Misirxanov Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi bundan sonra da Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, kurslarda qazandıqları yeni taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə söz verib.

 

Şəxsi heyəti Milli Qurtuluş Günü münasibətilə təbrik edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bildirib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandıq, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurduq.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində Naxçıvanda hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür. Əlahiddə Ümumqoşun Orduda peşəkar hərbçilərin yetişdirilməsi ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır. Ordumuzun uğurlarında, taktiki təlimlərində, qazanılan zəfər və qələbələrində hərbi qulluqçuların kurslar zamanı əldə etdikləri bilik, bacarıq və peşəkarlıq öz sözünü deyir. Təbii ki, bütün bunlar da Naxçıvan Muxtar Respublikasında hərb işinə verilən yüksək qiymətdən xəbər verir.

 

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

 

Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları barədə əmrlər mərasim iştirakçılarına çatdırılıb.

 

Sonra məzunların tribuna önündən təntənəli keçidi olub və xatirə şəkili çəkdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi