Modern.az

“O, insanlara ədalətin açarını verib”

“O, insanlara ədalətin açarını verib”

Ədəbi̇yyat

17 İyun 2021, 10:39

Bu günün qeydi: Əkrəm Şamxalov Nizami Gəncəvi yaradıcılığına Azərbaycan və dünyada   tanınmış nizamişünaslardan tamamilə fərqli yanaşmışdır. O, müstəqilliyin  yaratdığı  siyasi və mənəvi ab-havadan yararlanaraq 1990-cı illərdə (əslində, Əkrəm Şamxalov 1980-ci illərdən Nizami irsinin tədqiqi ilə məşğul olub) böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə” yaradıcılığını yeni aspektdən araşdıraraq cəmiyyətə təqdim edib.   

  
Ötən əsrin 90-cı illərində mənim Əkrəm Şamxalovla Nizami irsi ilə əlaqədar apardığım söhbətlər müxtəlif vaxtlarda dövri mətbuatda dərc edilmişdir. Yadımdadır ki, həmin müsahibələrin birində Əkrəm Şamxalov  Nizaminin “Xəmsə”sinin doğru və dürüst tərcümə olunmadığını birmənalı və qəti şəkildə söyləmişdir. Mən də həmin müsahibəyə yazdığım  girişdə  çağdaş dövrün  nizamişünaslarını mətbuatda  polemikaya dəvət etmiş və Əkrəm Şamxalovun söylədiyi fikirlərə münasibət bildirmələrini xüsusi vurğulamışdım. Çox təəssüflər olsun ki, həmin vaxt nizamişünaslar  Əkrəm Şamxalovun  irəli sürdüyü fikirlərə  heç bir reaksiya vermədilər. Müsahibədə səsləndirilən fikirlər bu və ya digər səbəblərdən qeyd olunan dövrdə geniş ictimaiyyətin, o cümlədən nizamişünaslığın diqqətini cəlb etməmişdir. Bir qədər də açıq desək, həmin vaxt bir çox nizamişünaslar subyektiv səbəblərdən Əkrəm Şamxalovun  səsləndirdiyi orijinal fikirlərə ciddi yanaşmırdılar...

 
Əkrəm Şamxalov Azərbaycanın dahı şairinin ədəbi irsinin doğru, dürüst və orijinala uyğun tərcümə olunmamasını daha çox siyasi sistemin ideologiyası ilə bağlayırdı. Əkrəm Şamxalov  onu da əminliklə  söyləyirdi ki, avropalılar Nizaminin əsərlərini orijinaldan daha doğru və dürüst tərcümə etmişlər, nəinki biz.

Əkrəm  Şamxalovla Nizami yaradıcılığı barədə apardığım söhbətlərdən biri 12  noyabr 1993-cü  ildə ”Ədəbiyyat” qəzetində “Araşdırma” rubrikası adı altında  dərc olunmuşdur. Son vaxtlar mediada  Nizamı Gəncəvinin “Xəmsə”sinin Azərbaycan türkcəsinə doğru, dürüst və orijinala uyğun tərcümə olunmadığı barədə fikirlər daha geniş səsləndirildiyindən illər öncə dərc olunmuş həmin yazını oxucuların diqqətinə təqdim edirəm..  

 

Dünənin qeydi: Əkrəm Şamxalov Nizami adına Ədəbiyyat Muzeyinin əməkdaşıdır. Ömrünü  böyük Azərbaycan mütəfəkkiri  Nizamı Gəncəvinin ”Xəmsə”sinin tədqiqinə həsr edib.Onunla söhbətdən sonra məndə belə bir qənaət yarandı ki, indiyə kimi”dahi” və “mütəfəkkir” epitetindən başqa Nizami Gəncəviyə heç nə verməmişik və bu  nəhəng fikir adamını dünyaya olduğu kimi təqdim edə bilməmişik. Əslində, biz Nizamidən daha çox nəsnələr əldə etməli idik. Söhbətin gedişində açıq-aşkar hiss etdim ki, müsahibim hələ də  bir çox məsələlərə məqsədli olaraq baş vurmadı , bu və ya digər səbəblərdən bəzi mətləblərin üzərindən adlayıb keçdi. Bunun səbəbini belə izah etdi ki, cəmiyyətə məlhəmi də gərək müəyyən bir “doza”da verəsən, necə ki, bu barədə böyük Nizami buyurub:”Artıq içiləndə dərd verir su da”.

 

-Əkrəm müəllim, istərdim ki, söhbətə siz başlayın…

-Mən Nizami yaradıcılığının tədqiqatçısıyam,”Xəmsə”ni tərcümə və tədqiq edirəm. Bu barədə 20-dən artıq məqalə çap etdirmişəm. Bunlar “Xəmsə”nin tərcüməsini, Nizami yaradıcılığında Novruz dərki, vəhdəti-vücud, nücumi təqvim və s. mövzuları əhatə edir.


-Nizami səkkiz yüz ildən artıqdır ki, tədqiq olunur. Siz, nizamişünaslığa yeni nə gətirmisiniz
?


-Ən birincisi, Nizami səkkiz yüz ildir ki, Nizami kimi tərcümə olunmur.Buna görə farsdilli nizamişünaslıq bağışlanıla bilməz.Türkdilli nizamişünaslığın isə mənəvi məsuliyyəti daha ağırdır.Səkkiz yüz ildir ki, dünya nizamişünaslığı bilərəkdən Nizami yaradıcılığını olduğu kimi yox, siyasətə sərf etdiyi kimi tədqiq ediblər.


-İndi sizdə Nizami “Xəmsə”sinin yeni tədqiqatı varmı?

-1983-cü ildə qəti qənaətə gəldim ki, Nizamini bizə tamam ayrı sayaq öyrədiblər.Əsl Nizami özgə dünya imiş.Məndə mükəmməl Nizami məktəbi var.Bu barədə sonra danışarıq. Mən deyərdim ki, bəşəriyyət Nizami irsini olduğu kimi öyrənsəydi  kamilləşərdi, onun başına bir o qədər müsibətlər gəlməzdi. Nizami irsi müharibəni cəmiyyətdən uzaqlaşdırır. Onun yaradıcılığında bugünkü müsibətlərimizin çıxış yolları var. Bütün sənət və elm adamları insan cəmiyyətinə bu yolları göstərməyə çalışıb. Ancaq bəşərin çıxış yollarını Nizami kimi dərindən göstərən ikinci şəxs olmayıb.İnanıram ki, bəşəriyyət nə vaxtsa bunu duyub anlayacaq.


-“Xəmsə” niyə beşlik adlanır?

-Beşlik bəşəri dəyərlərdir.”Tövrat”, “Zəbur”, “Avesta”, “İncil” və “Quran”. Bax, budur beşlık.Kamilləşmə bu beşlilkdən, yəni “Xəmsə”dən keçir.


-Siz  Nizami yaradıcılığında nücumi təqvimin adını çəkdiniz…

-Nücumi təqvim həyatın ümumi xassələrinin toplusudur.Bu da həyatın yaranma mənbəyidir.Hələ heç kəs dəqiq bilmir ki, həyat necə yaranıb.Ancaq Nizamidə həyatın yaranması barədə bilgilər verilib.Vəhdəti-vücudun on məqamı vardır.Bütün bu məqamların cəmi vəhdəti-vücudun bətnidir.Vəhdəti-vücudun birinci məqamı Xuda məqamıdır- heçlik də varlıqdır.İkinci məqam Tanrı məqamıdır-heçlik fəaliyyət və hərəkətdə  nöqtə yaradır.Üçüncü məqam Allah məqamıdır-nöqtə hərəkətdə xətdir.Xətt isə hərəkət və sonsuzluqda çevrədir.Heçlikdən nəhayətdə kütlə-həyat-kamillik yarandı. Hər bir canlı bu axarın məhsuludur.


-Vəhdəti-vücudu bəşər öyrənib, ona əməl edirmi?

-Yox.Bu günə gələk. Vəhdəti-vücudun üçüncü məqamı təcavüzə məruz qalıb.Xətti qırıb, onu ikili mənada-şaquli və üfüqi yerə bölüb tədris edirlər.Bununla da insanoğlu sünicəsinə aldadılıb.Bu da o deməkdir ki, vəhdəti-vücudun bətnində üçüncü məqam- Allah məqamı zərbəyə məruz qalıb.İslam aləmi isə susur.İslam rejimləşdirilib. İslamın rejimləşdirilməsi isə onu üzüqoyulu çevirməkdədir.Dünya başdan-ayağa ələmə bürünüb.Amma bəşəriyyətin bundan xəbəri yoxdur.Cəmiyyət nə qədər  ələmlərin rəmzini bilməzsə, onun belində oturmaq daha asan olur.


- “Xəmsə”nin mövzusu və təsnifatı haqqında nə fikirdəsiniz?


-Bu geniş söhbətdir.Ancaq ”Xəmsə”nin bir neçə  mövzusu haqqında  qısa danışım. Birinci mövzu: hürufilik təlimi.”Nizami- əqdi- lölöi-süxənd”-  Nizami söz  incilərinin daxili əlaqə qaydaları.

İkinci mövzu:maddə-materiya.”Be ayini-Nizami kəs bəntə”-Nizaminin təkbir ayini.

Üçüncü mövzu: minacat, yəni nicat. “Nicat elə Nizaminin din elmindədir, Azmış, azdırılmış elmlər nədir?”.

Dördüncü mövzu: nət. Nə inkar əlamətidir, yəni inkarı inkar təsdiqdir. Təbiətdə artıq-əskiklik yoxdur. Həyati biliyin tərəfləri eyni hüquqa malikdir.


-Əkrəm müəllim, Nizamini  indiyə kimi bizlərə daha çox didaktik bir şair kimi tanıdıblar. Onun hürufi şair kimi tanımamışıq. Ədəbiyyatımızda Nəsiminin böyük hürufi şairi olduğunu bilirik...


-Yuxarıda dediyim bəzi məsələlər göstərir ki, Nizamidə mükəmməl hürufilik təlimi var. Nizamidə hürufilik və təkbir təlimi çox canlı şəkildədir. Ancaq nizamişünaslar siyasi rejimlərin təsirindən Nizami irsini bu günə kimi ”əsir” saxlayıblar.Qaldı Nəsimiyə, Nəsiminin hürufilik təlimi canlı inqilabçılıqdır. Nəsimi ”Ənəlhəq”-mənəm Allah deyib. Nəsimidə ikinci tərəf yoxdur. Nəsimidə ictimailik var. Ancaq ustad Nizamidə ictimailiklə yanaşı, həyatilik var.


-Nizami bütün yaradıcılığı boyu ədalət carçısı olub, ədalətli şah obrazının böyük bir abidəsini yaradıb...


-Nizami insanlara ədalətin açarını verib. Cəmiyyətdə idarəçilik qurumu var. Nizamiyə görə, cəmiyyətdə elə bir idarəçilik qurumu yaradılmalıdır ki, səlahiyyət və məsuliyyət bir mərkəzdə birləşsin. Ədalətin yolu buradan keçir. Ustad Nizami  obyekti birinci həyati varlıq kimi verir. İkincisi, obyektin adını aydınlaşdırır və bu izahla həmin fərdin əməlini müqayisə edir. Bu da olur onun güzgüsü. İskəndərin güzgüsünü şair elə bunun üçün yaratmışdır.


-Siz Nizaminin tərcümə olıunmasına birmənalı münasibətinizi bildirdiniz. Bu faktdır ki. Nizamini dost-düşmən özünə sərf edən şəkildə tərcümə ediblər. Fikrimcə, onun milliyyətinin mübahisələndirilməsi də elə tərcümə məsələsi ilə bağlıdır.


-Nizamiyə görə, bəşəriyyətin kökü birdir.Nizamidə insanoğlunun nəsil yolu belədir:Gor-Qurd-Kürd-Türk. Nizami bütün yaradıcılığı boyu özünün türk olduğunu söyləyib və bununla öyündüyünü bildirib. Nizaminin milliyyəti haqqında mübahisə etmək onu “özününkü” edib qürurlanmaqdır. Ancaq Nizami türkdür. Gəlin Nizaminin özünə qulaq kəsilək:

                                 “Türklüyüm dağlarda kəsildi möhtac,

                                 Türk nəsli ocağım edildi tarac”

  və yaxud

                    “Türklüyüm azsa da öz məqamından,

                     Mən türk övladıyam xuda-nigahban”.


-Maraqlı söhbət üçün çox sağ olun. İstərdik ki, nizamişünaslıq dahi Nizamiyə XXI əsrə keçid ərəfəsində yenidən qayıtsın və sizin bu orijinal fikirlərinizə də səmimi yanaşsınlar
.


-Nə deyirəm, təki belə olsun.

          
Söhbəti qələmə aldı: Xeybər Göyyallı 

“Ədəbiyyat” qəzeti, 12 noyabr 1993

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır