Modern.az

Azərbaycan ziyalıları ən doğru seçimi etdi

Azərbaycan ziyalıları ən doğru seçimi etdi

18 İyun 2021, 10:05

 

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.”

 Heydər Əliyev

Milli Qurtuluş Günü Azərbaycanın müasir müstəqillik tarixinə qızıl hərflərlə yazılmışdır. Bu real faktdır ki, ümummilli lider Heydər Əliyevin SSRİ-nin ali hakimiyyət orqanlarında tutduğu mövqelərdən uzaqlaşdırılması  Azərbaycan xalqının, onsuz da, daxildən çürümüş sistemə olan inamını dərindən sarsıtdı. Əslində, bu, ölkəmizi müstəqilliyə aparan yolun başlanğıcını qoymuş müstəsna hadisələrdən biri idi. Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi 13 illik birinci dövrdə əvəzsiz lider kimi xalqın böyük rəğbətini qazanmışdı. Təkcə elə bu faktı vurğulamaq kifayətdir ki, Heydər Əliyevin birinci hakimiyyət dövrü ərzində ölkəmizin gəlirinin ümumi həcmi əvvəlki dövrlərlə müqayisədə 2,5 dəfə artmışdı. O istəyirdi ki, Azərbaycan hər şeydən əvvəl, iqtisadi cəhətdən güclü olsun. “Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur” (H.Əliyev).

 

1988-ci ildən başlayan daxili ictimai-siyasi böhran, rəhbər şəxslərin səriştəsiz və qətiyyətsiz addımları nəticəsində 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunları paytaxtımıza yeridildi. Baş vermiş faciəyə ilk kəskin etirazı bildirən də məhz Heydər Əliyev oldu. O, bu qanlı hadisəyə obyektiv tarixi qiyməti verməklə Azərbaycan xalqının qəlbini yenidən fəth etmişdi. Heç kimə sirr deyildi ki, xalqın ən böyük istəyi bu dahi şəxsiyyəti öz lideri görmək idi. Həmin ilin noyabrında onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi bu istiqamətdə çox önəmli addım idi. Bununla belə, Heydər Əliyevin qarşısına qoyulan maneələr səbəbi ilə vaxtında Azərbaycanın rəhbərliyinə gələ bilməməsi öz acı nəticələrini xalqın hər bir fərdinə göstərdi.

 

Ölkənin kriminal qruplar, silahlı birləşmələr tərəfindən idarə olunduğu dövr heç kimə sirr deyil. Cərəyan edən hadisələr uğursuz fəaliyyəti və idarəçiliyi ilə xalqın gözündə tamamilə nüfuzdan düşmüş cəbhəçilərin hakimiyyətinin sonuna yaxınlaşdırırdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı artıq zərurət idi.

 

1992-ci ilin oktyabrında Azərbaycanın görkəmli ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıtması üçün müraciət ünvanlamışdılar. Onlar eyni zamanda Yeni Azərbaycan Partiyasının yaradılmasını da təklif etmişdilər. Bu şəxslər adlarını tarixə əfsanəvi “91-lər” kimi yazdırıblar. 1993-cü ilin 9 iyununda Heydər Əliyev xalqın və onun dəyərli ziyalılarının dəvətini qəbul edib Bakıya gəldi. Həmin ilin 15 iyununda Azərbaycan dövləti parçalanmaqdan, məhv olmaqdan xilas oldu, Ulu öndər xalqımıza bütöv Azərbaycan Respublikasını bəxş etdi. Odur ki, Milli Qurtuluş Günü tariximizin dönüş nöqtəsi kimi qiymətləndirilmişdir.

 

Ziyalıların Heydər Əliyevə müraciəti “Səs” qəzetinin 16 oktyabr tarixli buraxılışında “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı altında dərc edilmişdi. 91 ziyalımız ölkəyə rəhbərlik edə biləcək həqiqi lideri Heydər Əliyevin simasında görərək Azərbaycanı bu çətin sınaqdan çıxarmağa dəvət edirdilər. Müraciətdə deyilirdi:

 

“Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi Respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!”

 

Bu danılmaz həqiqətdir ki, xalqımız və onun ziyalıları bugünkü güclü Azərbaycanın bünövrəsini qoymuş, davamlı inkişafın təməli olan Yeni Azərbaycan Partiyasını yaratmış Ulu Öndər Heydər Əliyevi dəvət etməklə tarixin axarını kökündən dəyişmişdir. 

 

Heydər Əliyev ideologiyasının layiqli davamçısı olan İlham Əliyevin hakimiyyət illəri ərzində də ölkəmiz böyük inkişaf yolu keçib, müstəqil Azərbaycanın gələcəyi etibarlı əllərdədir.    

 

Ümummilli lider Heydər Əliyevin bütün dövrlər üçün aktual olan sitatı: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

 

Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova

Azərbaycan Respublikasının Təhsil İnstitutu, 

Əlavə təhsilin məzmunu şöbəsinin müdiri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir