Modern.az

Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı...

Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı...

Parlament

20 İyun 2021, 13:30

Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə indiyə kimi 6 dəfə seçki keçirilib. Hər dəfə 125 deputatdan formalaşmış parlament üzvlərinin hamısı təbii ki, yadda qala bilməz… Çünki onların hamısı aktiv fəaliyyət göstərməyib. Hətta elə deputat olub ki, mandat daşıdığı 5 il boyunca plenar iclaslarda nə bircə dəfə çıxış edib, nə hansısa təklif irəli sürüb, nə müzakirələrə qatılıb, nə də seçicilərini yada salıb. Sadəcə,  səsvermə zamanı düyməni basmaqla işini bitmiş hesab edib.

Bu səbəbədən də sabiq deputatların arasında cəmiyyədə tanınanlar da olub, tanınmayanlar da…

Modern.az saytı yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə bitərəf kimi seçilmiş Həsən Mirzəyevdir.


Əsən Qərbi Azərbaycandan olan Həsən Mirzəyev Milli Məclisin hörmətli deputatlarından olub. O, həm də Qərbi azərbaycanlıların ən nüfuzlu ağsaqallarından biri idi.

1957-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə daxil olub. 1990-cı il 24 yanvarda, 20 yanvar qırğınından sonra bu partiyanın üzvü olmaqdan imtina edib.
Yeni Azərbaycan Partiyasını (YAP) yaradan məşhur “91”-lərin ağsaqqallarından biri idi. 21 noyabr 1992-ci ildən YAP-ın üzvü olan H.Mirzəyev partiyanın üç qurultayında qurumun Siyasi Şurasına üzv seçilib.


Həsən Mirzəyev YAP üzvü kimi iki çağırış Milli Məclisin üzvü seçilib. I çağırışda 9 saylı Birinci Xətai seçki dairəsindən, II çağırışda 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat mandatı qazanıb.


Həsən İbrahim oğlu Mirzəyev (Həsən Mirzə) 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olub. 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1977-ci ildə Marksizm-Leninizm Universitetini fərqlənmə diplomları ilə bitirib, 1965-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 200-dən çox elmi əsərin, o cümlədən 25 kitabın (10-u monoqrafiyadır), 8 tədris proqramının müəllifidir. Siyasətlə bağlı xeyli (60-dan artıq) publisistik məqaləsi var. O, 42 monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və tədris proqramının elmi redaktoru, 6 bədii əsərin redaktoru, 9 dərslik və dərs vəsaitinin, bir sıra əsərlərin rəyçisi, 14 elmlər namizədi və elmlər doktorunun opponenti olub, xeyli elmlər doktoru və elmlər namizədi yetişdirib. 


Respublikanın 70-dən çox şairi onun şəxsiyyətinə və yaradıcılığına 100-dən artıq şeir və 2 poema həsr edib.

Ömrünün 45 ilini ali məktəb auditoriyalarında mühazirə oxuyan Həsən müəllim 55 ildən artıq əmək fəaliyyəti dövründə bir çox vəzifələrdə çalışıb.


Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və dogma Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib.
Həsən Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin İnstitutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.

Azərbaycan Milli EA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitetində dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olub. 

Respublika ali məktəb əlaçısı, Əmək veteranı, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub.

Həsən Mirzəyev xeyli müddət Respublika Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyət göstərib. 1959-cu ildə kənd sovetinə, 1990-cı ildə Bakı Şəhər Sovetinə, 1995-ci ildə birinci çağırış, 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Parlamentdə Təhsil, Etika və Toponimika komissiyalarının üzvü olub. O, ağsaqqal millət vəkili kimi ikinci çağırış Milli Məclisin ilk iclasına (Milli Məclisin sədri seçilən iclasın) sədrlik edib.

1998-ci ildə Məşhəd, 2000-ci ildə Həcc ziyarətində olub.


Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin özünəməxsus yeri var. Həsən Mirzəyev dilçi alim kimi türkologiya sahəsində feil mövzusunun görkəmli tədqiqatçısı olub O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun, həmçinin folklorşünaslıq sahəsində fəaliyyəti təqdirə layiqdir.

Həsən Mirzəyev aşıq yaradıcılığında apardığı müxtəlif araşdırmalarla milli-mənəvi dəyərlərimizə alim və vətəndaş sədaqətini nümayiş etdirib.

O, xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz illik tarixini, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” ideyasını, ermənilərin mənfur, təhlükəli siyasətini, müxtəlif yollarla tarixi saxtalaşdırmalarını Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə araşdırdı. “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabının iki cildini yazdı.

Təcrübəli siyasətçi, nüfuzlu ictimai və dövlət xadimi olan Həsən Mirzəyev Heydər Əliyevin apardığı siyasət yolunda Həsən Mirzəyev cəfakeşlərdən biri idi.

Həsən Mirzəyev bir deputat kimi fəaliyyət göstərdiyi dövrlərdə öz çıxışları və ictimai-siyasi fəaliyyəti ilə həmişə diqqət mərkəzində olub.

O, Respublika ali məktəb əlaçısı, əmək veteranı, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olub, “Qızıl qələm” və “Şərəf” media mükafatlarının sahibidir.

2002-ci ildə “Şöhrət” orderninə, 2007-ci ildə Əməkdar elm xadimi fəxri adına, 2009-cu ildə Prezidentin fərdi təqaüdünə laiq görülüb. 2009-cu ildə Borçalı Cəmiyyəti tərəfindən Borçalı elinin fəxri vətəndaşı seçilib. 16 aprel 2010-cu il tarixində Almaniyanın Hanover şəhərindəki Avropa Akademiyasının həqiqi üzvü seçilib.
Türk Dünyası ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Uluslararası Qızıl Ulduz medalı ilə təltif edilib.

Həsən Mirzəyev şair, şifahi xalq yaradıcılığının bilicisi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və təbliğatçısı idi. O, Həsən Mirzə imzasıyla şair, qoşmalar ustası kimi də tanınırdı.

Qərbi Azərbaycanın bir parçası olan Dərələyəzdə dünyaya gəlmiş Həsən Mirzəyev doğma yurdunun işğalda olması ilə barışa bilmir, bu dərdini şeirlərinə səpirdi:

Düşmən əlindədir müqəddəs yerim,
Ləlim, cəvahirim, abidəm, pirim,
Qoy ayağa qalxsın igidim, ərim,
Bəlkə bu şad xəbər silə dərdimi.

Babamın o yerdə izi qalıbdır,
Nənəmin nəğməli sözü qalıbdır,
Türk-oğuz yurdunun gözü qalıbdır,
Töksəm də aparmaz Nilə dərdimi.


Onu tanıyanlar öz xatirələrində Həsən Mirzəyevi yaxşı insan, səmimi dost, dəyərli məsləhətçi, qayğıkeş, tələbkar müəllim, hörmətli ağsaqqal kimi xarakterizə edirlər.

Tanınmış ictimai xadim və pedaqoq, filologiya üzrə elmlər doktoru, professor, sabiq deputat, Həsən Mirzəyev 2015-ci il fevralın 25-də ömrünün 88-ci ilində vəfat edib.

Həsən Mirzəyev 4 övlad atası idi. Mərhum İkinci Fəxri xiyabanda dəfn olunub.

 
Ə.Qafarlı

 
***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...