Modern.az

Paşinyanın partiyası deyil, Azərbaycanın siyasəti qalib gəldi

Paşinyanın partiyası deyil, Azərbaycanın siyasəti qalib gəldi

22 İyun 2021, 11:27

Ermənistanda Nikol Paşinyanın partiyası deyil, Azərbaycanın həyata keçirdiyi siyasət qalib gəldi. 

 

Bu gün regionda baş verən proseslərin inkişaf dinamikası Azərbaycanın müəyyənləşdirdiyi reallıqların diqtə etdiyi şərtlərdən asılıdır.

 

Bu sözləri  Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili bildirib ki, məhz Prezident İlham Əliyevin müstəqil və milli maraqlara söykənən siyasəti, dövlətimizin yaxın və uzaq hədəflərini dəqiqliklə müəyyənləşdirilməsi, bu hədəflərə çatmaq üçün həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib:

 

“Ölkəmizin iqtisadi və hərbi potensialının güclənməsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və  yüksək nüfuza malik ölkə kimi qəbul edilməsi dövlət başçısının həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz bu siyasət Azərbaycan torpaqlarının işğalına son qoyub, Ermənistandakı müharibə cinayətkarlarının siyasi səhnədən silinməsinə zəmin yaradıb”.

 

Azər Kərimli qeyd edib ki,Ermənistanda keçirilən son parlament seçkilərində hərtərəfli dəstək almalarına baxmayaraq, revanşçı qüvvələrin acınacaqlı bir şəkildə məğlub olması Prezident İlham Əliyevin qələbəsidir:

 

“Azərbaycan Prezidenti Robert Köçəryan və Serj Sarkisyanı təkcə müharibə meydanında deyil, həm də siyasi arenada məğlub etdi. Diqqət yetirin, müharibədə məğıub olan ordunun konkret zaman kəsiyində ali baş komandanı olan Nikol Paşinyan seçkidə qalib gələrək, hökuməti formalaşdırmaq imkanı qazandı. Bu, Ermənistan vətəndaşlarının Azərbaycanın yaratdığı reallıqları qəbul etməsi, revanşizmin Ermənistan üçün daha böyük faciələrə səbəb ola biləcəyi barədə verilən mesajlara uyğun davranması deməkdir. Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi partiya deyil, Azərbaycanın həyata keçirdiyi siyasət qalib gəldi. Robert Köçəryan və Serj Sarkisyanın timsalında isə separatçı-terrorçu qüvvələr, müharibə cinayətkarları, uşaq qatilləri məğlub oldular və növbəti dəfə Azərbaycanın yaratdığı reallıqların qarşısında diz çökdülər”.

 

Azər Kərimlinin sözlərinə görə, qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan Ermənistan da bəhrələnə və dinc həyatını qura bilər:

 

“Azərbaycan işğaldan azad etdiyi bütün torpaqlarını iqtisadi cənnətə çevirəcək. Həyata keçiriləcək layihələr əməkdaşlıq üçün yeni imkanlar yaradacaq və bu prosesdə iştirak edən bütün tərəflər ölkəmizin yaratdığı imkanlardan istifadə edə biləcəklər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir