Modern.az

“Hicab" aksiyasında 65 dindar tutulub, 20 polis yaralanıb - Rəsmi məlumat

“Hicab" aksiyasında 65 dindar tutulub, 20 polis yaralanıb - Rəsmi məlumat

Təhsil

5 Oktyabr 2012, 19:27

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında qarşıdurma ilə nəticələnən etiraz aksiyası barədə birgə məlumat yayıb.
Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının birgə məlumatına görə, oktyabrın 5-də saat 12 radələrində ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəribr.

“İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlığına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdiriblər. Onların cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv hərəkətləri nəticəsində nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurulub.   
 Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə təkrar xəbərdarlığına və tələbinə məhəl qoymayan aksiya iştirakçıları qabaqcadan hazırlanmış silah qismində istifadə etdikləri ucu mismarlı taxta parçaları və dəyənəklərlə onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq 65 nəfər saxlanılıb”-deyə rəsmi məlumatda bildirilib.  

Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ji (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə)  və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu