Modern.az

Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: Jak Şirak qudurub!”

Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”

Parlament

23 İyun 2021, 08:39

Modern.az saytı necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə bitərəf kimi seçilmiş Şamil Qurbanovdur.

Mərhum Şamil Qurbanov da bundan əvvəl təqdim etdiyimiz üç eks-deputat kimi Milli Məclisin nüfuzlu üzvlərindən olub.


Azərbaycan Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Şamil Qurbanovu Milli Məclisdə məşhurlaşdıran bir hadisə olmuşdu…
2000-ci ilin əvvəlində Milli Məclisdəki müzakirələr zamanı o zmankı Fransa prezidentinin ünvanına sərt ifadə işlədən Şamil müəllim onda təkcə əcnəbiləri deyil, daxildə də bəzilərini hiddətləndirmişdi… Bu olayı köhnə parlament jurnalistləri yaxşı xatırlayırlar….


Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il mayın 10-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil alıb.

Şamil Qurbanov əmək fəaliyyətinə “Azərbaycan məktəbi” jurnalı redaksiyasında ədəbi işçi kimi başlayıb. Bir müddət Bakı Dövlət Universitetinin jurnalistika kafedrasında baş laborant işləyib, sonra aspiranturaya daxil olub və 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

O, 1965-1968-ci illərdə “Bakı” qəzetinin redaksiyasında ədəbi şöbənin müdiri işləyib.

Şamil Qurbanov 1968-ci ildən etibarən əmək fəaliyyətini pedaqoji işlə davam etdirib, universitetin müəllimi, baş müəllimi və dosenti kimi çalışıb. O, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1980-ci ildə isə professor elmi adı alıb.

Şamil Qurbanov 1981-1991-ci illərdə universitetin Filologiya fakültəsinin qiyabi və axşam şöbələrinin dekanı olub. 1989-cu ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin Şərqi slavyan və türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.


Şamil Qurbanov pedaqoji fəaliyyəti ilə yanaşı, elmi araşdırmaları ilə də  tanınan alim idi. Onun elmi fəaliyyətinin əsas istiqamətləri klassik Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr, mühacirət ədəbiyyatı, repressiya qurbanları olmuş ədiblərin yaradıcılığı problemlərinin tədqiqi idi. Alim 20-yə qədər kitabın, yüzlərlə məqalənin müəllifidir. O, “Açılmamış səhifələr”, “Ədəbi dostluq”, “Klassik rus poeziyası Azərbaycanda”, “Ömrün fikir dünyası”, “Cəmaləddin Əfqani və türk dünyası”, “Nəriman Nərimanov dünyası” kimi əsərlərin müəllifi kimi də tanınmışdı.

Onun Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə haqqında da dərin tədqiqat əsərləri var. Onun ən böyük ədəbi xidməti Ömər Faiq Ne’manzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır.

Şamil Qurbanov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən ictimai xadim kimi də yaxşı tanınırdı. O, birinci və ikinci çağırış Milli Məclisin deputatı olmuşdu.

Həm 1995-ci, həm də 2000-ci ildə seçkilərə bitərəf namizəd kimi qatılan Şamil Qurbanov Milli Məclisə 12 sayı Nizami seçki dairəsindən deputat seçilmişdi.

O, parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü kimi müstəqil Azərbaycan Respublikasında qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsində yaxından iştirak etmişdi. Onun Azərbaycanla Gürcüstan arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində də xidmətləri vardı.
Yeri gəlmişkən, Şamil Qurbanov doğulduğu el-obanın - Borçalı mahalının problemlərini yüksək tribunalardan söyləməyi unutmayan deputatlardan idi.
Ötən əsrin 90-cı illərində Borçalıda, xüsusilə də Bolnisi ra­yo­nunda soydaşlarımızın yaşadığı kəndlərin adlarının dəyişdiri­lə­rək gürcüləşdirilməsinə etirazını dəfələrlə Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadzeyə bildirmişdi.

Professor rus və alman dillərini bilirdi. O, iki övlad atası idi.

Tanınmış ictimai xadim, təcrübəli alim-pedaqoq Şamil Qurbanov 2004-cü il yanvarın 16-da ömrünün 70-ci ilində vəfat edib. Qəfil ürəktutması mandat müddətini bitirməyə bir ili qalmış professora aman verməmişdi.


Yuxarıda qeyd etdiyimiz kimi, Şamil Qurbanov 2000-ci ildə parlament iclasında Qarabağla bağlı müzakirə zamanı bir qalmaqalın əsasını qoymaqla məşhurlaşmışdı. Belə ki, Fransanın o zamankı prezidentinə xitabən dediyi “Jak Şirak qudurub!” replikası Milli Məclisin işində iştirak edən əcnəbi diplomatlar tərəfindən birmənalı qarşılanmamışdı.  
Onda Fransa Senatının ermənipərəst davranışları təbiətən sakit, mülayim xasiyyətli deputatı özündən çıxarmış və o, xarici diplomatların iclasda iştirak etməsinin fərqinə varmadan Milli Məclisin tribunasında hiddətini boğa bilməmiş, "Jak Şirak qudurub!" söyləmişdi.

Həmin iclasa televiziya ekranlarından tamaşa edənlər xatırlayırlar ki, parlament zalında əyləşən xarici diplomatlar "Jak Şirak qudurub!" ifadəsinə etirazlarını Milli Məclisin iclasını yarımçıq tərk etməklə bildirmişdilər. Deyilənə görə, həmin iclasdan sonra Şamil müəllim bəzi "özümüzünkülər" tərəfindən sıxma-boğmaya məruz qalmış və axırda infarkt keçirmişdi.

Qeyd edək ki, "Jak Şirak qudurub!" replikası siyasət aləmində uzun müddət aforizmə çevrildi. Hətta bəzən bu gün də zərb-məsəl kimi işlədilir.

Kim bilir, bəlkə də Şamil Qurbanov hələ yaşasaydı, Fransanın indiki prezidenti Emmanuel Makronun davranışlarını görüb daha sərt sözlər işlədərdi…

Dostları xatirələrində bildirirlər ki, za­­hirən sakit təbiətli bir adam təsiri bağışlasa da, Şamil Qurbanov daxilən təla­tümlü dəniz kimi qabarıb-çəkilən, millətin, dövlətin taleyüklü məsələləri həll olunanda susub kənara çəkilməyən şəxsiyyət idi.
Onun heç zaman əməldə bir, dildə başqa cür olmadığı vurğulanır. Keçmiş həmkarladından bəziləri deyirlər ki, düşündüklərini cəsarətlə dilə gətirən Şamil müəllimin  sözləri bir sıra hallarda çoxunun xoşuna gəlməsə də, o, düz sözü söyləməkdən heç zaman çəkinməyib.


Şamil Qurbanovla bağlı bir hadisə də nəql edilir. Deyilənə görə, Kommu­nist partiyasının üzvü olan Şamil Qurbanov universitetdə oxu­yar­kən ona dərs deyən müəllimlərlə bərabər partiya iclaslarında iştirak edirmiş. İlk partiya təşkilatının növbəti iclaslarının birində erməni məsələsi ilə bağlı sərt mövqe sərgiləyən professor Abbas Zamanovun partiya sıralarından çıxarılması məsələsi müzakirə olunurmuş. İclasda iştirak edən müəllimlərin hamısı onun partiyadan çıxarılmasına səs versə də, yalnız tələbə Şamil Qurbanov narazılığını bildirir, müəllimlərindən fərqli olaraq Abbas Zamanovun partiya sıralarından çıxarılmasına səs ver­mir. İndi bəlkə də çoxlarına adi görünsə də, ötən əsrin 50-ci illərində bunun nə demək olduğunu yaşlı nəslin nümayəndələri yaxşı bilirlər. Xüsusən də bir tələbə üçün bunun çox ağır nəti­cə­ləri ola bilərdi.
Şamil Qurbanov universitetdən xaric olunmaq təhlükəsi ilə üzləşsə də, vicdanının səsini dinləyib, əqidəsinə xilaf çıx­mamışdı. Baxmayaraq ki, onun səsi heç nəyi həll etmədi və Abbas Zamanov partiyadan xaric edildi. 


Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü