Modern.az

Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR

Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR

Aktual

23 İyun 2021, 09:36

Orijinal tədbirləri ilə seçilən Quba maraqlı və hamının ürəyindən xəbər verən daha bir tədbirə ev sahiiblik edib. Qubanın dağlar qoynunda yerləşən Susay kəndinin ən hündür nöqtəsində-təpəlik bir hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103 illiyinə həsr edilmiş bir tədbir keçirilib. Mən deyərdim ki, çox düzgün seçilən hündürlük düzənlik mənə görən kimi Şuşanın son aylar çal-çağırlı,qonaq-qaralı olan Cıdır düzünü xatırlatdı. Deyərdim ki, Qubanın mini Cıdır düzü bildim bu ərazini. Burda da dağların sükutunu çal-çağır, səs-küy, şən musiqi sədaları pozmuşdu. Bəli, tarixi 44 günlük Vətən müharibəmizdən sonra Quba Milli Ordu gününü çox fərqli və orijinal keçirdi. Hamının ürəyindən xəbər verən əsas o idi ki, tədbirə Vətən müharibəsində yaralanmış qazilərimizin bir qrupu dəvət edilmişdi.

 

Tədbirə Quba Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanları rəhbərlərinin, qazilərin Susay kəndində yerləşən 1918-ci ildə ermənilərin Quba qəzasına hücumu zamanı gedən döyüşlərdə həlak olmuş naməlum türk əsgərinin məzarının ziyarətilə start verilib və 2018-ci ildə yenilənmiş qəbirüstü abidə önünə tər güllər düzülüb.

 

Açıq havada-üzü dağlara doğru qurulmuş səhnədə əvvəlcə Üzeyir  Hacıbəyovun "Koroğlu" uvertürasının sədaları altında Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin tarixi və doğma Qarabağımıza aid sitatları öz səsləri ilə səsləndirilib.Cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Orijinal tədbirin və məkanının təşəbbüskarı olan Quba İH başçısı Ziyəddin Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103 illiyinə həsr edilən geniş məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin tarixi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.Bildirilib ki,məhz Ali Baş Komandan İlham Əliyevin güclü qətiyyəti, uzaqgörənliyi, Ordumuzun müzəffərliyi, şəhidlərimizin qanı, qazilərimizin sağlamlıqlarından keçməsi sayəsində Azərbaycan tarixi qələbəni qazandı. Məruzəsində Azərbaycan-Türkiyə qardaşlığına və dostluğuna geniş toxunan Ziyəddin Əliyev iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin birgə imzaladığı  dünyaya səs alan Şuşa bəyannaməsinin tarixiliyindən danışıb, bu dostluğu, qardaşlığı yenilməz və əbədi adlandırıb.

 

Quba İh başçısı Ziyəddin Əliyev qazanılan tarixi zəfərimizdə Qubanın 49 igid oğlunu şəhid verdiyini, 189 nəfərin yaralandığını qeyd edərək  "bu gün onların şərəfinə yığışmışıq, onların şəninə nə qədər danışsaq belə,azdır"- deyə söyləyib: "Quba birinci Qarabağ savaşında isə 230 şəhid verib, 198 nəfər  isə əlil olub. Şəhidlərimizin hər birinin xatirəsi bizə,xalqımıza əzizdir, şəhid ailələrinin ,yaralı qazilərimizin hər birinin yanında olmaq, qayğı və problemlərini həll etmək isə bizim borcumuzdur.Qubada bu qayğı və diqqəti hər bir qazimiz,şəhid ailəmiz  həmişə  hiss edir və edəcək"

 

Ziyəddin Əliyev Milli Ordu gününə həsr edilən tədbirə pandemiya səbəbindən məhdud sayda insan çağrıldığını söyləyib və bütün rayon əhalisini Milli Ordu günü münasibətilə ürəkdən təbrik edib.

 

Açıq səma altında keçirilən tədbirdə hər çıxışdan sonra dağlara həzin və eyni zamanda şaqraq musiqi sədaları yayılırdı. Rəsmi hissədən iştirakçılar və qonaqlar həm musiqi dinləyir, həm də piknik qaydalarına uyğun Qubanın dadlı təamlarından dadırdılar. Özü də saf dağ havasında. Qubanın tədbirlərinin istedadlı aparıcısı Ramiz Ramazanovun da qeyd etdiyi kimi, həm yerli, həm də Bakıdan gəlmiş müğənni və musiqiçilər mərasimə xoş ovqat qatırdılar. Bəşir Səfəroğlu adına Quba rayon mədəniyyət mərkəzinin "Gözəl Quba"instrumental  ansamblının üzvləri, xalq artisti, tarzən Möhlət Müslümov, xalq artisti Zabit Nəbizadə, əməkdar artist İlkin Əhmədov, müğənni Rəşad İlyasov və digərləri tamaşaçılara xoş ovqat bəxş etdilər. Şəxsən mən muğamlarımızın gözəl ifaçısı İlkin Əhmədovun ifasında  "Qarabağ şikəstə"sini dinləyəndə özümü Şuşada-Cıdır düzündə hiss etdim. Təkcə mən yox,deyərdim ki, bütün tədbir iştirakçıları.... Yuxarıda demişəm axı həm də ,mən Susay kəndinin dəniz səviyyəsindən 1400 metrə yaxın hündürlükdə yerləşən bu düzənliyini Cıdır düzünə bənzətmişdim görən kimi...

 

Bir maraqlı faktı da deyim. Qubanın Silahlı Qüvvələr günü tədbiri Operativ Qərargahın iyulun 1-dən toylara icazə verilməsi gününə -22 iyuna təsadüf edirdi. Deyərdim ki,bu icazəyə ilki elə Quba elədi. Dağlar qoynunda qazilərimizin, Ordumuzun şərəfinə bir ictimai şənlik, musiqili piknik etməklə. Elə dağlıq zonada yaşayan Susay kəndinin sakinləri, bu dağlar da toysuz, musiqisiz qəribsəmişdi, darıxmışdı. Susaylılar da aylar sonra musiqi səsi, çal-çağır eşitdilər,gördülər. Tədbirin təşkilatçıları da bu səbəbdən də savaba batdılar.

 

Azərbaycan Silahlı Qüvvələrinin 103 illiyi münasibətilə Qubada dağlarda düzənlənən bu tədbirə görə bütün təşkilatçılara minnətdaram. Hər birimizi təbrik edirəm. Həmişə ədgərinin yanında olan Ali Baş Komandanımız İlham Əliyevi təbrik edirəm. Hər bir qazimizi,əlilimizi, bütün hərbçilərimizi, Ordumuzu  təbrik edirəm, zəfərimizin naminə canından keçən hər bir şəhidimizə isə Allahdan rəhmət diləyirəm.Xalqımıza elə toy, şənlik yaraşır. Davamlı olsun. Bütün şənliklərimizdə isə şəhidlərimizi hörmətlə xatırlayacağıq təbii ki...Bu günümüzə, zəfərimizə, şənliyimizə görə onların ruhuna minnətdarıq!

 

Aytəkin ALXASLI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü