Modern.az

"Kartof və soğan biznesi” diaspor təşkilatlarını parçalayır

"Kartof və soğan biznesi” diaspor təşkilatlarını parçalayır

Təhsil

6 Oktyabr 2012, 12:50

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərir. Ancaq diasporun fəaliyyətinə cəmiyyətdə fikirlər birmənalı deyil. Belə ki, qeyd edilir ki, diaspor təşkilatları milli maraqları təbliğ etmək əvəzinə, keçirilən qurultaylarda bir-biri ilə “kartof və soğan biznesi” uğrunda mübarizə edirlər.

Bəs bu barədə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı nə düşünür?

“Azərbaycanla bağlı həqiqətlərinin dünyada tanıdılmasında, diaspor təşkilatlarının fəaliyyətində problemlərimiz var. Amma bunun Diasporla İş üzrə Dövlət Komitəsinə heç bir aidiyyatı yoxdur”, – deyə Sabir Rüstəmxanlı bildirib. O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi yaranmazdan əvvəl bütün azərbaycanlıların bir araya toplanmasını təsəvvür etmək olmazdı.

“Azərbaycan və türk dünyası diaspor təşkilatlarının bir yerə yığılması-hamısı komitə yaranandan sonra mövcud olub. Komitə ardıcıl çalışır ki, diaspor təşkilatları daimi işləsin. O ayrı məsələ ki, ümumiyyətlə bizim diasporumuzun fəaliyyəti qaneedici deyil”.

S. Rüstəmxanlının sözlərinə görə azərbaycanlılar təəssüf ki, ənənəvi olaraq bir yerə yığışa bilmirlər, bir-birilə dil tapmırlar. “Bir şəhərdə 5-6 dərnəyə bölünürlər. Bu diaspor komitəsi ilə bağlı iş deyil. Xaricdə yaşayan azərbaycanlıların olduğu yerlərdə onların daxilində olan problemdir və təəssüf ki, bu cəhətdən bizim diasporumuzun qüsurları həddindən artıq çoxdur. Bunu hamısının Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəsi yoxdur. Komitə daha yaxşı işləyə bilər məsələsi isə ayrı məsələ”.

Diaspor təşkilatlarının fəaliyyətinin qaneedici olmamasının səbəbini Sabir Rüstəmxanlı milli şüurun zəif olması, azərbaycanlıların milli maraqlar ətrafında birləşə bilməmələrində görür. “Hərənin xırda qrup maraqları ortaya çıxır. Məktəb düşüncəsi ilə dərnəklər yaranır. Bunlar faciədir. Onlar milli şüurun yüksəldilməsində, Azərbaycan həqiqətlərini necə dünya ictimaiyyətinə çatdırılması barədə düşünməlidirlər. Xırda qruplar şəkilində partiya maraqlarını irəli sürmək yox. Vətənin taleyini düşünməkdənsə ayrı-ayrı qrupların taleyini düşünürlər. Bu bizim ümumi dərdimizdir və bu dərdi aradan qaldırmaq üçün bütövlükdə çox çalışmalıyıq”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!