Modern.az

Eyni vaxtda bir neçə İctimai Şuraya üzv olmağa ÇALIŞANLAR... - Utanmasan seçilməyə nə var ki...

Eyni vaxtda bir neçə İctimai Şuraya üzv olmağa ÇALIŞANLAR... - Utanmasan seçilməyə nə var ki...

Hadisə

23 İyun 2021, 15:43

Dövlət orqanlarının işinin effektiv qurulması metodlarından biri kimi həmin qurumların işində vətəndaş cəmiyyətinin iştirakı və rolu, verilən qərarlara həlledici təsiri mühüm rol oyanaya bilər. Əgər məqsəd doğrudan da vətəndaş mövqeyini müdafiə etməkdirsə...

Çünki Azərbaycanda 2014-cü il 1 iyuldan qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanun bütün bunları özündə ehtiva edir. Hazırda müxtəlif nazirliklər, dövlət qurumları yanında yaradılmış İctimai şuralara üzvlər seçilməsi əsas gündəm məsələlələrindəndir. Amma nədənsə, maraqlı tərəf vətəndaşlar yox, müxtəlif QHT üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və s.dir. Hətta o dərəcədə ki, bir qurum yanında İctimai Şurada təmsil olunanlar profilinə uyğun olmayan digər qurumlarda da təmsilçilik hüququ qazanmaq uğrunda sözün əsl mənasında mübarizə aparırlar. Qanuna görə, İctimai Şura üzvləri maaş və qonorar ala bilməz. Praktika göstərir ki, heç üzvlərin hansısa nazirliyin, dövlət qurumunun fəaliyyətinə təsir edəcək qərar qəbul etməsi də müşahidə olunmayıb. Amma hamı bütün İctimai şuralarda təmsil olunmaq istəyir. Bəs maraq nədir?...

 

Əksəriyyətin İctimai şuralarda təmsil olumaq istəyi...

 

Modern.az-ın bu səpkidən olan suallarını “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə cavablandırıb.

 

C.Hüseynzadə bildirib ki, 2014-cü ildən 2020-ci ilədək “İctimai iştirakçılıq haqqında” Qanunun icrası tam həyata keçirilməyib:


“Bəzi qurumlar öz istədikləri kimi siyahı tutub kimlərisə bura dəvət ediblər. İctimai şuarların fəaliyyətinin genişləndirilməsi 2020-ci ildə Açıq Hökumətin Təşviqilə bağlı Milli Fəaliyyət Planında nəzərdə tutulmuşdu. Həmçinin, Prezidentin köməkçisi Hikmət Hacıyevin mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərilə görüşündə İctimai şuraların yaradılması qərara alındı.

Azərbaycanda 33 mərkəzi İcra hakimiyyəti orqanı var, 2020-ci ilə kimi 11 qurumda, indiyədək ümumilikdə 16 qurumda İctimai Şura yaradılıb. 2021-ci ilin 6 ayı ərzində 11 mərkəzi İcra hakimiyyəti orqanı seçkilər keçirib. Bunun nəticəsidir ki, hazırda bu sahədə informasiya bumu yaranıb və hamı orada təmsil olunmaq istəyir.

Hər kəsin təmsilçilik hüququ var, bu, başadüşləndir. Dünya praktikasına görə,  bəzi ölkələr ictimai iştirakçılıqda ixtisaslaşmanı əsas sayır. Digər ölkələrdə isə alternativ səslərin eşidilməsi praktikası əsas götürülür. Azərbaycan qanunvericiliyində ixtisaslaşma ön meyar kimi götürülür. Bizim mərkəzi İcra hakimiyyəti orqanlarında təmsil olunan vətəndaş cəmiyyəti institutları hökmən ixtisaslaşmış olmalıdır. Amma yerli İcra hakimiyyəti orqanlarında bu ixtisaslaşma tələb olunmur”.

 

“Bəzilərinin namizədliyi söz-söhbət olmasın deyə qeydə alınır”

 


Müsahibimiz müşahidələrinə əsasən deyib ki, bəzi şəxslərin namizədlikləri irəli sürülən sahə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur:


“Bəs niyə həmin insanların namizədliyi qeydə alınır? Çünki həmin mərkəzi İcra hakimiyyəti orqanlarının seçki komissiyaları üzvləri qanunvericiliyi bilmirlər, kim gəlirsə, onların naizədliyini qeydə alırlar ki, sonra söz-söhbət olmasın. Problemlərdən biri budur.

Şuralara seçki keçirilən qurumlarda 9 komissiya üzvündən 5-i vətəndaş cəmiyyəti institutunun nümayəndəsi, 4-ü isə həmin dövlət qurumunun nümayəndəsidir. Həm dövlət qurumunun, həm də orada təmsil olunan QHT-nin bilik və bacarıqları o səviyyədə deyil ki, sənədləri qanunauyğun araşdırıb, lazım gəldikdə imtina cavabı versin.

Məsələn, şəxs hüquq sahəsində çalışırsa, onun mədəniyyət sahəsində təmsil olunması düzgün deyil”.

 

“Hansısa nazirlə əlaqə qurmaq istəyənlər var”

 

İctimai Birlik sədri qeyd edib ki, hətta bəziləri vəzifəli şəxslərlə əlaqə qurmaq üçün təmsilçilik hüququ qazanmaq niyyəti güdür:


“O ki qaldı maraqlara, hamı istəyir ki, nazir səviyyəsində əlaqə qura biləcəyi bir qurumun İctimai Şurasında təmsil olunsun. Orada özünün, yaxud başqasının xahişlərini edir-etmir bunu deyə bilmərəm. Amma bütün bunlarla yanaşı, normal fəaliyyət göstərənlər də var. Məsələn, Ədliyyə Nazirliyi yanında İctimai Şurada təmsil olunanların istənilən cəzaçəkmə müəssisəsinə icazəsiz girmək hüququ var. Yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura üzvləri Rey Kərimoğlu, Sahib Məmmədov bu sahədəki problemlərlə bağlı kifayət qədər tənqidi fikirlərini bildirirlər. Bilirsiniz, İctimai Şura sırf tənqid məqsədilə də yaradılmayıb. İctimai Şura həm də dövlət qurumu ilə birbaşa təmasda olan platformadır və lazımi problemləri orada qaldırır. Şərt deyil ki, bütün problemlər mətbuatda qaldırılsın, bunun üçün mətbuat sonuncu vasitədir.  Doğrudur, yaxşı nümunələr çox azdır. Hətta mən bunu yaratdığım sayta məlumatları daxil etmək istəyəndə də görürəm. Ötən 6 ayda İctimai şuralarla bağlı hesabat tapa bilmirəm ki, orada yerləşdirim.

Sizinlə razıyam ki, İctimai şuraların fəaliyyətində çox ciddi problemlər var. Onların çoxu formalaşma mərhələsindədir. Ona görə də ciddi iş gözləmək olmaz. İctimai Şuranın fəaliyyət müddəti cəmi 2 ildir. Bunun 6 ayı bir-birini tanımağa, o biri 6 ayı yekunlaşmağa sərf olunur, ortada 1 il qalır. Bu müddətdə isə İctimai şuradan normal iş gözləmək olmaz.

İctimai şuraların fəaliyyət müddəti uzadılmalı, seçkilərin keçirilməsi vahid mərkəzdən idarə olunmalı, şura üzvləri resurslarla təmin edilməlidirlər. Heç bir qurumda İctimai Şura üzvlərinin otaqla təminatı yoxdur. Yəni nazirliklər nə vaxt çağırsa, onda yığışırlar. Bu o deməkdir ki, İctimai şuraların normal fəaliyyəti üçün ilkin şərtlər yoxdur. Sizinlə razıyam ki, ötən müddətdəki təcrübə heç də uğurlu deyil. Ona görə də biz tənqidlərdən nəticə çıxarıb daha uğurlu fəaliyyət göstərməlidirlər”.

 

Maraqlar toqquşanda...

C.Hüseynzadə bildirib ki, qanunvericiliyə görə, İctimai Şura üzvlərinin maaş, qonorarla təminatı qəti qadağandır:


“Hansısa məvacib maraqların toqquşmasına səbəb ola bilər. Ümumilikdə İctimai şuraların fəaliyyəti elə təşkil olunmaldır ki, orada hansısa şübhəyə, ehtimala, mülahizəyə yer qalmasın. İlk növbədə qanuna dəyişiklik edilməlidir ki, bir şəxs ikidən artıq İctimai Şurada təmsil oluna bilməsin. Lap indi qanun imkan verisə belə, insan özü bundan imtina etməlidir. Bəzən 3-5 yerdə təmsil olunanlar arqument kimi bu sahədə təcrübəli, bilikli insanların sayının az olduğunu əsas gətirilər. Bu isə tamamilə yanlışdır. Bir vətəndaş cəmiyyəti üzvünün bir neçə qurumda təmsil olunmasının əleyhinəyəm, sadəcə, hazırda qanunevricilik buna imkan verir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər