Modern.az

Abituriyentlərlə bağlı maraqlı statistika - Ən çox seçilən İXTİSASLAR

Abituriyentlərlə bağlı maraqlı statistika - Ən çox seçilən İXTİSASLAR

Təhsil

23 İyun 2021, 16:06

Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 84512 abituriyent ərizə vermişdi. Onların 2950-si orta ixtisas, 253-ü ali (2-ci ixtisas kimi), qalanları isə tam orta təhsillidir.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. Jurnalda bildirilib ki, sənəd verənlərin sayı ötən ildəkindən 12673 nəfər çoxdur:

Yalnız orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) sənəd verənləri də (7305 nəfər) nəzərə alsaq, o zaman ərizə verənlərin sayı bütövlükdə 91817-yə bərabər olacaq. Qeyd edək ki, abituriyentlərə, eyni zamanda həm I–IV qruplardan hər hansı birinin ixtisasları üzrə, həm də V qrupun ixtisasları (xüsusi qabiliyyət tələb edən musiqi, incəsənət və idman ixtisasları) üzrə müsabiqədə iştirak etmək imkanı yaradılıb. Nəticədə, 46491 nəfər abituriyent (50.63%) bu imkandan yararlanıb.

Ümumiyyətlə, 16948 abituriyent (18.46%) yalnız I–IV qruplardan birinə, 11527 abituriyent (12.55%) yalnız V qrupa və 9546 abituriyent (10.40%) həm orta ixtisas təhsili müəssisələrinə, həm də I–IV qruplardan birinə daxil olan ixtisaslara qəbul olmaq üçün ərizə verib. Ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 53.51%-ni (45221 nəfər) oğlanlar, 46.49%-ni (39291 nəfər) isə qızlar təşkil edib. Göründüyü kimi, qəbul imtahanlarında iştirak edənlərin cinsi tərkibi əhalinin 15–19 yaş kateqoriyasındakı tərkibinə uyğundur.

Bölmələr üzrə ayrı-ayrılıqda ali təhsil müəssisələrinə ərizə verən abituriyentlərin cinsi tərkibinə nəzər saldıqda mənzərənin bir qədər fərqli olduğunu müşahidə edirik. Belə ki, Azərbaycan bölməsində oğlan abituriyentlərin (53.85%), rus bölməsində isə qız abituriyentlərin (50.33%) sayı daha çoxdur.

Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində Dövlət İmtahan Mərkəzində gənclər haqqında çoxşaxəli informasiya bazası formalaşdırılıb. DİM hər il qəbul imtahanlarının nəticələri əsasında “Qəbul imtahanlarının nəticələrinin gender aspektləri”, “Neft-qaz profilli ixtisaslar statistikada” və “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada” adlı təhlili materiallar da hazırlayaraq “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edir. Cari ildə 17493 subbakalavr qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq üçün ərizə verib.

Qeyd edək ki, bu il qəbul kampaniyasında iştirak etmiş subbakalavrlara öz istəklərindən asılı olaraq, həm imtahanda topladıqları bal ilə ümumi qaydada, həm də qəbul imtahanlarında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdikləri ixtisaslara uyğun ali təhsil pilləsinin ixtisasları üzrə keçirilən müsabiqədə (subbakalavr kimi) iştirak etmək imkanı verilib. Ərizə verən subbakalavrlardan 13907-si (79.50%) ixtisas seçimində yalnız subbakalavr kimi, 570-i (3.26%) yalnız abituriyent kimi, 642-si (3.67%) isə həm abituriyent, həm də subbakalavr kimi iştirak etmişdir. 2374 (13.57%) subbakalavr isə ixtisas seçimində iştirak etməyib.

Jurnalda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları da qeyd edilib.

Belə ki, ötən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə (tədris ingilis dilində) ”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisaslarını seçib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır