Modern.az

“Minsk qrupunun fəaliyyətinə tarix özü qiymət verdi” - Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri ilə MÜSAHİBƏ

“Minsk qrupunun fəaliyyətinə tarix özü qiymət verdi” - Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri ilə MÜSAHİBƏ

26 İyun 2021, 09:41

Sotan Məmmədov: “Fransa parlamentində Azərbaycanın haqlı mövqeyini müdafiə edən dostlarımız var”

 

Azərbaycanın xarici siyasətində Fransa ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Fransa da ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. İkitərəfli əlaqələr parlamentlərarası işçi qrupları arasında da özünü göstərir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu 7 mart 1997-ci il tarixindən fəaliyyət göstərir.


İşçi qrupun fəaliyyəti, görüləcək işlər barədə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Soltan Məmmədov Modern.az-a müsahibə verib.

 
- Hazırda Azərbaycan-Fransa münasibətlərini necə qiymətləndirirsiniz?

 
- Azərbaycan-Fransa münasibətlərinin tarixi iki ölkənin bir çox sahələrdə maraqlarının üst-üstə düşdüyünü təsdiqləyən faktlarla zəngindir. Bizim həm iqtisadi, həm siyasi, həm də humanitar-mədəni sahədə çox yaxşı əməkdaşlıq ənənələrimiz var. Bilirsiniz ki, Fransa səfiri Azərbaycanda rəsmi fəaliyyətə başlayan ikinci diplomat olub. 1993-cü ildə Prezident seçilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xaricə ilk rəsmi səfərini Fransaya edib. 2003-cü ildə Prezident seçilmiş İlham Əliyevin də ilk xarici və rəsmi səfəri Fransaya olub. Bu faktlar münasibətlərin tarixi və iki ölkənin bu münasibətlərə verdiyi önəmin mahiyyəti ilə bağlı çox şey deyir. İki ölkə arasında çox güclü iqtisadi əlaqələr mövcuddur. İqtisadiyyat nəinki iki dövlət arasında münasibətlərə, bütövlükdə beynəlxalq münasibətlər sistemin təsir edən çox ciddi faktordur. Azərbaycan-Fransa münasibətlərinə məhz qeyd etdiyim kontekstdə baxdıqda, iki ölkəni bir-birinə yaxınlaşdıran amillərin sayı kifayət qədərdir. Lakin Fransanın Vətən müharibəsi dövründə atdığı bəzi addımlar yumşaq desək, qarşılıqlı münasibətlərdə etimadı möhkəmləndirməyə xidmət etmədi.

 
- İşçi qrupu iki ölkənin parlamentlərarası əlaqələrinin gücləndirilməsi üçün hansı işləri görür?

- Fransa parlamentində Azərbaycanla münasibətlərin əhəmiyyətini düzgün qiymətləndirən dostlarımız var. Onlarla müntəzəm əlaqədəyik. Bizi narahat edən məqamlarla bağlı daim müzakirələr aparırıq. 2020-ci ildə Vətən mhüribəsinin davam etdiyi günlərdə Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupunun bir neçə üzvünün Azərbaycana səfəri barədə qərar qəbul olunmuşdu. Bu insanların məhz müharibə getdiyi günlərdə ölkəmizə səfər etmək niyyəti onların ikitərəfli münasibətlərə nə qədər önəm verdiyinin göstəricisi idi. Səfər Vətən müharibəsinin başa çatmasından bir neçə gün sonra baş tutdu. Səfər zamanı nümayəndə heyətinə Ermənistanın 27 sentyabrdan 10 noyabradək Azərbaycanın dinc sakinlərinə qarşı hücumları barədə məlumat verildi. Artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri haqqında müzakirələr apardıq. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransadan Azərbaycan dövlətinin gözləntilərini fransalı deputatların diqqətinə çatdırdıq. Bu ilin fevralında Milli Assambleya üzvlərinin növbəti qrupunun səfəri zamanı da çox əhəmiyyətli və səmərəli müzakirələrimiz, görüşlərimiz oldu. Sevindirici məqam ondan ibarətdir ki, Fransa parlamentində Azərbaycanın haqlı mövqeyini müdafiə edən, eyni zamanda, Fransanın bəzi vəzifəli şəxslərinin, parlament üzvlərinin mövqeyini bölüşməyən dostlarımız var. Onlar reallıqları düzgün qiymətləndirərək, Fransanın daha neytral, obyektiv mövqe tutmasının vacib olduğunu hər zaman vurğulayırlar. Fransa ictimaiyyətində Azərbaycan haqqında dolğun və ətraflı təsəvvür formalaşdırmağa çalışırlar.

 
- İki ölkə arasında səfərlər nəzərdə tutulurmu?

 
- Yaxın vaxtda Fransa Parlamentinin üzvlərindən ibarət növbəti nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Bizim yanaşmamız ondan ibarətdir ki, anlaşılmazlıqlara, narahatlıq doğuran məqamlara baxmayaraq, təmasların davam etdirilməsi vacibdir. Çünki iki ölkənin milli maraqları, xalqların mənafeləri bu təmasların zəruriliyini diktə edir. Biz bütün məsələləri müzakirə edə bilərik. Ümid edirəm ki, Azərbaycan-Fransa münasibətlərinin tarixində yeni bir səhifə aça bilərik. Bu, olduqca vacibdir. Dünyada çox ciddi proseslərin getdiyi, bütün bəşəriyyət üçün təhlükə yaradan problemlərin sayının artdığı bir mərhələdə əməkdaşlıq, qarşılıqlı etimadın möhkəmlənməsi, məsələlərin birgə müzakirəsi indi əvvəlki dövrlərlə müqayisədə daha vacib əhəmiyyət kəsb edir.

 
- Fransanın Azərbaycandakı səfiri ilə görüşləriniz olurmu?

 
- Biz cənab səfirlə bir neçə dəfə görüşmüşük. Cənab səfir ikitərəfli əlaqələrin, xüsusilə də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini dəqiq qiymətləndirməyi bacaran təcrübəli diplomatdır. Bütün imkanlardan maksimum istifadə edərək, qarşılıqlı etimadı zədələyən amilləri aradan qaldırmağa çalışmalıyıq. Münasibətlərimizin tarixi, eyni zamanda, iki ölkənin milli maraqları buna imkan verir. Sonuncu görüşümüzdə cənab Zaxari Qross gələn il Azərbaycan-Fransa münasibətlərinin 30 illiyinin qeyd olunacağını nəzərə alaraq, hər iki ölkədə birgə mədəni tədbirlərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış edib. Düşünürəm ki, bu, çox maraqlı bir təklifdir və münasibətlərin inkişafına töhfə verə bilər.

 
- Fransanın ATƏT Minsk qrupundakı fəaliyyətini necə qiymətləndirirsiniz?

 
- Zaman göstərdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamasına mane ola bilmədi. Bu baxımdan, fikrimcə, Minsk qrupunun fəaliyyətinə biz yox, tarix özü qiymət verdi. Azərbaycan öz gücünə, cənab Prezidentin müdrik siyasəti, xalqımızın həmrəyliyi və ordumuzun qəhrəmanlığı sayəsində ərazi bütövlüyünü bərpa etməyə nail oldu. İndiki mərhələdə isə ATƏT-in Minsk qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında davamlı və etibarlı sülhün əldə olunmasına xidmət edə bilər. Bu barədə Azərbaycan dövləti öz mövqeyini dəfələrlə ifadə edib. Regionda tamamilə fərqli bir reallıq yaranıb. Bu yeni reallıq həm də yeni vəzifələr meydana çıxarır. Bu vəzifələrin həllinə, o cümlədən, qeyd etdiyim kimi, sülhün əldə olunmasına Minsk qrupu öz töhfələrini verə bilər.

 

 

Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir