Modern.az

“Bakı yaşayış üçün yararsız şəhərə çevrilməkdədir” - Ekoloq

“Bakı yaşayış üçün yararsız şəhərə çevrilməkdədir” - Ekoloq

9 Oktyabr 2012, 10:12

Modern.az-ın məlumatına görə, son illər Bakıda yaşıllıqların ümumi sahəsi 2 dəfədən çox azalıb. Şəhərin yaşıllıq massivlərinin bir çoxu tamamilə yarasız vəziyyətə salınıb. Bakıda adambaşına düşən yaşıllıq sahələri də 3-4 dəfə azalıb. Hətta adambaşına düşən yaşıllıq zolağının azalmasına görə, ekoloqlar həyəcan təbili çalır.

  Onu da qeyd edək ki, 160 il əvvəl Bakıda yaşıllıq ümumiyyətlə olmayıb. Təkcə 1920-ci ildə Bakıda 3 hektar yaşıllıq sahəsi olub. Yaşıllıq zonalarının məhv edilməsinin əsas səbəblərindən biri bu ərazilərdə torpaq sahələrinin özəlləşdirilməsi və tikinti sahələri kimi istifadə edilməsidir.   Son illər  yaşıllıq zolağının məhv edilməsi və havaya atılan tullantıların miqdarının artması adambaşına düşən yaşıllıq zolağının azalmasına səbəb olub. Qeyd edək ki, Bakıda 1991-ci ildə adambaşına 21,1 kvadratmetr yaşıllıq düşdüyü halda, 16 il sonra- 2007-ci ildə bu rəqəmin 6-7 kvadratmetrə qədər endiyi aşkarlanıb. Bakıda 1920-ci ildən cəmi 3 hektar sahə ilə başlayan yaşıllıq 1991-ci ildə ən yüksək həddə çatıb. 1992-ci ildən yaşıllığın həcmi azalmağa başlayıb, 2000-ci ildən isə bütün Bakı şəhərində yaşıllıqların kütləvi şəkildə məhv olunması prosesi vüsət alıb.  

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov
deyir ki, xarici ölkələrdə adambaşına düşən yaşıllıq zolağı 50 kvadratmetrdirsə, bu rəqəm Rusiyada 25 kvadratmetrdir.
Azərbaycanda əvvəllər adambaşına düşən yaşıllıq sahəsi 7 kvadratmetr idisə, indi bu rəqəm heç 1 kvadratmetr də deyil. Ona görə də paytaxtın havası ən çirkli hava hesab olunur. Ekoloqun sözlərinə görə, paytaxtda havanın çirklənmə səviyyəsi bütün normalar üzrə 2-3, hətta 10 dəfə artıqdır. Ümumiyyətlə şəhərin 3-də bir hissəsi yaşıllıq zolağı olmalıdır. Amma paytaxtın heç bir faizi də yaşıllıq deyil. Dünya ölkələrinin meqapolislərində standartlar gözlənilir. Standartlara görə, hər adambaşına 25 kvadratmetr yaşıllıq zolağı düşməlidir:

“Biz dəfələrlə təklif etmişik ki, min hektarlarla meşə zolağı salınsın. Bu bizi heç də xilas etməyəcək. Yaxşı olardı ki, hər evin qarşısında heç olmazsa bir-iki dənə ağac olsun. Belə olan halda hər kəs həm bu ağaclara qulluq etmiş olur, həm də bu ağaclar oranı oksigenlə təmin etmiş olar, havanı təmizləyər. Məsələn, paytaxtın “Beşmərtəbə” deyilən ərazisində yaşıllıq zolağı olduğundan orada oksigen digər yerlərə nisbətən normaldır. Amma hamının “Sovetski” kimi tanıdığı ərazidə oksigenin miqdarı demək olar ki, normalara cavab vermir. Ona görə də həmin ərazidə hava ən çirkli havalardan biridir. Odur ki, Bakı yaşayış üçün yararsız şəhərə çevrilməkdədir”.       

Gültəkin Ələsgər
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir