Modern.az

Ermənistanın niyyəti Azərbaycanla sərhədə rus hərbçilərini gətirməkdir - Eks-nazir

Ermənistanın niyyəti Azərbaycanla sərhədə rus hərbçilərini gətirməkdir - Eks-nazir

29 İyun 2021, 12:19

Vətən müharibəsinin yekununda kapituliyasiyaya məcbur edilən Ermənistan imzaladığı “10 Noyabr” bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri pozmaqda davam edir. Belə ki, müharibə bitəndən bəri mütəmadi sərhəddə atəşkəsi pozan ermənilər sonuncu dəfə Tovuz istiqamətində təxribata cəhd etdilər. İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutdular. Azərbaycan Ordusunun şəxsi heyəti arasında şəhid və yaralanan olmadan bölmələrimizin nəzarəti ələ aldılar.


Bəs ermənilərin Qarabağ bölgəsindən kənarda, Tovuz sərhədində tez-tez təxribata əl atmasının səbəbi nədir? Azərbaycan qarşısında məğlub olan düşmən yenə müharibə istəyir? 


Bununla bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov təxribatları məğlub Ermənistanın siyasi niyyəti ilə əlaqələndirib:


“Hesab edirəm ki, Ermənilərin Tovuz istiqamətində atəşkəsi pozması, bu ölkədə keçirilən parlament seçkilərinin nəticəsidir. Çünki ordu cəmiyyətin bir hissədir və Ermənistan ordusunda “Qarabağ klanı”nın nümayəndələri daha çox təmsil olunur. Onlar seçkidə də məğlub olduqlarına görə, vəziyyəti gərginləşdirmək üçün sərhəddə belə cəhdlər edirlər”.


Ermənilərin Azərbaycan tərəfdən cavab almaq istədiyini vurğulayan Tofiq Zülfüqarov onların səs-küy qaldırmaq niyyətində olduğunu istisna etməyib:


“İstəyirlər ki, Azərbaycanla sərhədə vasitəçi və müşahidəçilər cəlb etsinlər. Hiss olunur ki, Azərbaycan üçün çox vacib olan bölgələri təxribat hədəfi seçirlər. Keçən il hər şeyin başlanğıcı Tovuz döyüşləri oldu. Onlar bilirlər ki, həmin ərazilər enerji borularına, qaz və neft kəmərlərinə yaxındır. Azərbaycanın cavab atəşini almaq üçün hədəf olaraq həmin yerləri seçirlər. Seçkilərdən bir müddət keçəndən sonra onların məqsədi və niyyəti bəlli olacaq”.


Tofiq Zülfüqarov onu da əlavə edib ki, ermənilər özlərini qorumaq üçün hərbi imkanlarının çox aşağı olduğunu dərk edirlər:


“Vaxtilə ermənilər üçün xüsusi termin icad edildi: “MDB-nin xarici sərhədləri”. Bu əsasla Ermənistanın Türkiyə və İranla sərhədində rus sərhədçiləri durmuşdu. Ermənilər indi istəyirlər ki, Azərbaycan-Ermənistan sərhədinə də bu müdafiə tətbiq edilsin. Ermənilərin hərbi imkanları çox aşağıdır və bunu artıq özləri də başa düşürlər. Ona görə, istəyirlər ki, hansısa xarici vasitəçi bura cəlb olunsun”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar