Modern.az

Qlobal karbohidrogen ehtiyatları: Nə, harada, nə zaman? – TƏHLİL

Qlobal karbohidrogen ehtiyatları: Nə, harada, nə zaman? – TƏHLİL

29 İyun 2021, 18:47

Məlum olduğu kimi, dünya əhalisinin artımı və iqtisadiyyatın inkişaf tempi enerjiyə tələbatın daim artması ilə nəticələnir. Dünyada istehlak edilən enerjinin böyük hissəsi karbohidrogen yanacaqlarının hesabına qarşılanır. İqtisadiyyatda müşahidə edilən inkişaf dinamikası nəticəsində artan enerji tələbatı bir çox hallarda karbohidrogen ehtiyatlarının tükənmə riski məsələsini gündəmə gətirir.

Dünyada olan karbohidrogen ehtiyatlarının tükənəcəyi ilə bağlı məsələyə birmənalı olaraq cavab tapmaq olduqca mürəkkəbdir. Belə ki, ehtiyatları "təsdiq edilmiş"dən "texniki cəhətdən çıxarıla bilən"ə qədər kateqoriyalara ayırmağın bir sıra müxtəlif yolları var. Lakin bu kateqoriyaların hamısı belə yerin təkində ehtiyatın nə qədər olmasının dəqiq müəyyənləşdirilməsi məsələsini tam həll etmir.

Karbohidrogen ehtiyatlarının həcmi barədə fikir yürüdülərkən əsasən təsdiq edilmiş ehtiyatlar mövzusuna diqqət yetirilir. Qeyd etmək lazımdır ki, təsdiq edilmiş ehtiyatlar yalnız müəyyən bir bölgənin planlaşdırılan və ya hazırlanan infrastrukturuna əsasən nəzəri olaraq çıxarıla biləcək ehtiyat göstəricisini ifadə edir və texnologiyanın bu məsələyə böyük təsiri var.

 

 

Belə ki, zaman keçdikcə və texnologiyalar inkişaf etdikcə bir çox mötəbər enerji təşkilatları "texniki cəhətdən çıxarıla bilən" və ya mövcud metodlar və texnologiyalardan istifadə edərək çıxarıla bilən, lakin iqtisadi cəhətdən səmərəli olmayan ehtiyatlar barədə proqnozlarını dəyişirlər. Bunun nəticəsində isə texniki cəhətdən çıxarıla bilən neft ehtiyatlarının həcmi bəzi yerlərdə təsdiq edilmiş ehtiyatları üstələyir. Məsələn, ABŞ-ın Enerji İnformasiyası İdarəsinin 2021-ci ilin fevral ayında nəşr etdiyi hesabata əsasən ABŞ-ın 47,1 mlrd. barel həcmində təsdiq edilmiş ehtiyatla müqayisədə 350,6 mlrd. barel texniki cəhətdən çıxarıla bilən ehtiyatı var.

Neft və qaz bərpa olunmayan mənbələr olduğu üçün sual yaranır – qlobal karbohidrogen ehtiyatları nə zaman tükənə bilər? Bununla bağlı bir çox proqnozlar verilib, lakin biz Azərbaycanda neft və qaz layihələrində geniş təmsil olunan Böyük Britaniyanın BP şirkətinin hər il yayımladığı məlumatlara nəzər yetirə bilərik.

BP şirkətinin 2020-ci ildə dərc etdiyi Dünya Enerji Statistik İcmalına əsasən aparılmış hesablama nəticəsində belə qənaətə gəlmək olar ki, neft və qaz ehtiyatları bundan sonrakı dövrdə artmazsa və istehlak səviyyəsi 2019-cu il səviyyəsində qalarsa, onlar müvafiq olaraq 48 və 50 ildən sonra tükənə bilərlər.

 

 

Ümumilikdə, dünyada karbohidrogen ehtiyatlarının hansı zamanda tükənəcəyinə bir sıra faktorlardan asılıdır. Bu sırada yeni yataqların kəşf olunması imkanları, istehlak səviyyəsi, enerji keçidi prosesi, neft-qaz sahəsinə qoyulacaq investisiyalar və bu sahədə texnologiyanın inkişaf səviyyəsi, iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərin siyasəti, dünya iqtisadiyyatının artım tempi və digər faktorlar yer alıb.

 

 

Enerjiyə olan tələbat artımı karbohidrogen mənşəli yanacaq növlərindən istifadəni də artırıb. Bu enerji növlərindən geniş istifadə paralel olaraq atmosferə atılan karbon qazının artması, iqlimin daha da istiləşməsi və s. ilə nəticələnib. Bu kimi səbəblər dünya ölkələrini enerjidə keçid etməyi, bərpa olunan az karbonlu yaşıl enerji mənbələrindən istifadəni artırmağı, karbohidrogen mənşəli enerji mənbələrindən istifadəni azaltmağı tələb edən bir sıra qərarlar qəbul etməyə məcbur etmişdir. Lakin 2020-ci ildə qlobal iqtisadiyyatın hər bir sahəsinə öz təsirini göstərən COVID-19 pandemiyası enerji keçidi üçün də proqnozlarda və qoyulan hədəflərə çatmaqda qeyri-müəyyənliklər yaradıb. Pandemiyanın qarşısının alınması ssenarilərindən, böhran sonrası mövcud olacaq davranış, kommersiya və siyasi dəyişikliklərdən, eləcə də bərpa olunan enerji mənbələrinə ediləcək investisiyalarda gözlənilən dəyişkənlik dinamikasından asılı olaraq enerji keçidi sürətlənə və ya yavaşlaya bilər.

 

 

Neft sənayesində uzunmüddətli tələbat proqnozlaşdırılarkən iki ssenari əsas götürülür – "istinad" və "enerji keçidinin sürətlənməsi" variantı. "İstinad" variantı hazırda məlum olan enerji siyasətinə və təmiz enerji texnologiyalarının öyrənilməsinə əsaslandığı halda, "enerji keçidinin sürətlənməsi" variantı sosial və enerji siyasətinin, həm də texnoloji dəyişimin yeni növ təmiz enerji sahələrinin xeyrinə dəyişdiyi vəziyyətə əsaslanır. Lakin qısamüddətli dövrdə COVID-19 pandemiyası neft sənayesi üçün də qeyri-müəyyənliklər yaradıb. Növbəti illərə baxdıqda, COVID-19 pandemiyasının qarşısının alınması üçün mövcud olan ssenarilər qısa və uzunmüddətli dövr üçün neft tələbatının istinad və sürətləndirilmiş enerji keçidi proqnozlarına da öz növbəsində təsir göstərib.

COVID-19 öncəsi proqnozlara görə, daha təmiz yanacaq növlərinə və elektrik enerjisinə davamlı keçid nəticəsində neft tələbatının 2030-cu illərədək pik həddə çatacağı ehtimal olunur. "İstinad" variantında neftə tələbatın pik hədd olaraq gündəlik 106-108 mln. barelə çatacağı proqnozlaşdırılır. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) proqnozlarına görə, neftin ilkin enerji tələbatında payı 2045-ci ildə 2019-cu illə müqayisədə 31%-dən 28%-ə enəcək.

BP-nin məlumatlarına əsasən, 2019-cu ilin sonuna dünyanın təsdiq edilmiş neft ehtiyatları 1 733,9 mlrd. barel (1 000,1 mlrd. barel) təşkil edib. 2019-cu ildə isə illik neft istehlakı təxminən 35,9 mlrd. barel olub. Beləliklə, hesablama nəticəsində belə qənaətə gəlmək olar ki, neft ehtiyatları bundan sonrakı dövrdə artmasa və istehlak səviyyəsi 2019-cu ilin səviyyəsində qalsa, dünyanın neft ehtiyatları 48 ilə tükənə bilər.

 

 

Onu da qeyd etmək lazımdır ki, enerji keçidi sürətlənsə belə, qaz tələbatının artacağı və illik 4 trln. kubmetrdən yuxarı səviyyələrə qədər çatacağı gözlənilir. Təbii qaza olan tələbat istinad və sürətləndirilmiş keçid variantlarında dayanıqlı olaraq artır. 2050-ci ildə qaz tələbatının təxminən ildə 5,9 trln. kubmetrə çatacağı gözlənilir. Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatına əsasən, dünyanın enerji tələbatında təbii qazın payı hazırkı 23% səviyyəsindən 2050-ci ildə 28%-ə yüksələcək.

BP şirkətinin 2020-ci il üzrə yayımladığı Dünya Enerji Statistik İcmalına əsasən, 2019-cu ilin sonuna dünyanın təsdiq edilmiş qaz ehtiyatları 198,8 trln. kubmetr (1991-ci ildə 119,5 trln. kubmetr) təşkil edir. 2019-cu ildə isə illik təbii qaz istehlakı təxminən 3,9 trln. kubmetr olub, bu da o deməkdir ki, sözügedən ehtiyatlar ancaq 50 ilə bəs edəcək.

 

 

Lakin bunların hamısı yalnız gözləntilərdir. Proqnozlar öz yerində, lakin onu da unutmaq olmaz ki, texnologiyalar bir yerdə dayanmır, daimi inkişaf edir və onlar nə qədər çox inkişaf edirsə, bir o qədər ucuzlaşır, əlçatan olur. Bu, o deməkdir ki, texnologiya və biliklərin inkişafı çıxarılması mümkün olmayan və ya çətin çıxarılan ehtiyatlar tezliklə əlçatan və iqtisadi cəhətdən səmərəli ola bilər. Hazırda alternativ enerji mənbələrinin fəal inkişaf etməsinə baxmayaq və ənənəvi enerji mənbələri uzun müddət enerji istehsalı prosesində lider mənbələr olaraq qalacaq və zaman ötdükcə, yeni texnologiyalardan istifadə edilməklə mövcud sahələrdə hasilatın və yeni layihələrin inkişaf etdirilməsi ilə qlobal ehtiyatların artması gözlənilə bilər.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi