Modern.az

“Şuşa alınanda o qədər ağladım ki...” - APA və ARB TV-nin savaş müxbiri ilə MÜSAHİBƏ

“Şuşa alınanda o qədər ağladım ki...” - APA və ARB TV-nin savaş müxbiri ilə MÜSAHİBƏ

Müsahibə

30 İyun 2021, 11:08

Habil Aslanoğlu: “Çəkiliş vaxtı ermənilərin mühasirəsinə düşmüş, atəşə məruz qalmışam, amma heç biri  məni Gəncə, Bərdə terroru qədər ağrıtmamışdı”

Bir var tarixi yaradanlar, bir də var bu tarixi yazanlar. Ötən ilin 44 günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusu tariximizin ən şanlı səhifələrini yaratdılar.  Ordunun bu qəhrəmanlığını yazıya və görüntüyə alanlar isə jurnalistlər oldu.

Milli Mətbuat günü ərəfəsində Azərbaycanın 44 günlük şərəf tarixini yazanlar, savaş jurnalistləri ilə bağlı layihəmiz davam edir.

Modern.az-da növbəti həmsöhbətimiz APA İnformasiya Agentliyi və ARB Televiziyasının Qarabağ üzrə  bölgə müxbiri, savaş günlərində ən qaynar nöqtələrdə çəkilişlər aparmış Habil Aslanoğludur.   


- Habil müəllim, müharibə ərəfəsi günləri necə xatırlayırsınız? Bölgədə ciddi qarşıdurma ab-havası hiss olunurdumu? Sizin üçün gözlənilən idimi müharibənin başlayacağı? 


- Uzun illərdir Qarabağ  bölgəsində fəaliyyət göstərirəm və burada yaşayıram. Bu səbəbdən bölgədə, xüsusilə də cəbhə xəttində hər hansı ciddi qarşıdurma ehtimalını müşahidə edə bilirəm. Gedişat onu göstərirdi ki, bölgədə hərarətin yüksəlməsi an məsələsidir. Atəşkəsin pozulması intensivliyi artmışdı. Ağır artilleriyadan atılan hər hansı atəşdən sonra cəbhə bölgəsində çox ciddi dəyişikliyin baş verəcəyini əvvəldən hiss edirdik. 

 

- Aktiv hərbi əməliyyatlar günlərində xəbərləri toplamaq və göndərmənin də öz çətinlikləri vardı. Ya İnternet kəsilir, ya işıqlar olmur. Ən çox nədə çətinlik çəkirdiniz?

 

- Açığını deyim biz heç bir şeydən əziyyət çəkmədik. Çünki bu bölgədə yaşadığımız, bu bölgədə fəaliyyət göstərdiyimiz, uzun illər təcrübəmiz olduğu üçün heç bir çətinliyimiz olmadı. Hərbi jurnalist olmasaq da ən azından müharibə  bölgəsində yaşayan mülki vətəndaşlarıq. Ərazisinin 77 faizi işğal altında olan Ağdam rayonunda yaşayıb çalışırdım. İllərdir o çətinlikləri görürdüm. Həm burada yaşadığım, həm də jurnalistika sahəsində çalışdığım üçün uzun illər dinc əhalinin, yaşayış məntəqələrinin atəşə tutulması, yerli sakinlərin, uşaqların, qadınların hədəfə alınmasına şahidlik etmişəm. Bu baxımdan sadəcə olaraq qadınların, uşaqların əziyyət çəkəcəyini düşünüb haradasa üzülə bilərdim. Bundan başqa heç bir çətinliyim yox idi. Aprel hadisələrində biz fəaliyyət göstərəndə mənimlə əməkdaşlıq edən həmkarlarımla bəzən çəkilişimizi dayandırır, operatorumuzdan biri çəkilişləri davam edirdi. Yerdə qalanlar mülki əhalinin çıxarılmasında, maşını olmayan, yaxud da yanında kişi xeylağı olmayan qadınları, uşaqları, öz şəxsi avtomobilimizlə arazidən çıxarırdıq. Yəni,  biz müharibə içində böyüyən müharibə adamları idik.



- Müharibə sırasında  hamımızı sarsıdan dəhşətli terror hadisələri də baş verdi.  Biz bu dəhşətləri bir neçə yüz kilometrdən izlədiyimiz halda, siz hadisələrin episentrində idiniz. Nələr yaşadığınızı təsəvvür etmək çətin deyil. Bəs belə bir vəziyyətdə peşə öhdəlikləriniz hisslərinizə necə qalib gələ bilirdi?


- Mən dinc əhalinin atəşə tutulduğunu, Qarayusiflidə Aysunun öldüyünü, Gəncə terrorunun dəhşətlərini gördüm. Azyaşlı uşaqların ölümü dəhşət idi, dəhşət. Mən bu dəhşətli anları heç vaxt unutmayacam.  Zaman-zaman özüm də çəkiliş vaxtı ermənilərin mühasirəsinə düşmüş, atəşə məruz qalmışam.  Amma gördüyüm qanlar, Gəncə, Bərdə terroru başıma gələnlərdən daha  qorxunc,  daha dəhşətli idi. Amma bütün bu faciələrin qarşısında soyuqqanlılığımızı qorumağa çalışırdıq. İlk növbədə işimizi ən yüksək səviyyədə görüb paytaxta xəbərləri çatdırmalı idik. Oradan da xəbərlərimiz dünyaya yayılırdı. Hərbi əməliyyatlarda iştirak etməsək də informasiya savaşında azacıq da payımızın olması yeganə təsəllimiz idi.

 

- Müharibə dönəmində hər gün ayrı-ayrı kəndlərin, qəsəbələrin alınması xəbərini  alırdıq. Təbii ki, bu xəbərləri siz bizdən tez eşidirdiniz.  Ən çox hansı xəbərə sevindiniz? 


- Düzünü deyəcəm: hər bir kəndin, hər bir torpağın alınma xəbəri ilə sonsuz sevinc yaşayırdım. Çünki mən bu əraziləri tanıyıram, təbiətinə, coğrafiyasına bələdəm. Mən bilirdim ki, bu ərazilər asanlıqla, rahatlıqla alınmır. Bunun hər bir qarışında əziyyət var, hər bir qarışında qan tökülür. Bunu anlayırdım, anladığım üçün daha çox sevinirdim. Amma açığını deyim ki, Şuşa şəhəri alınanda daha çox sevindim. Çünki, həm gəncliyim Şuşada keçmişdi, həm də Şuşa bizim əlçatmazımız idi. Bizim ordumuz, ərənlərimiz, igidlərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında aldılar Şuşanı. Ona görə də, Şuşaya daha çox sevindim. Açığını da deyim ki, bu xəbərə ürəyim istəyən qədər də ağladım. Çünki, böyük xoşbəxtlik idi. O anı heç vaxt unutmayacam. Həyatım boyu ən xoş anlarımdan biri idi. Mən artıq atayam, babayam, amma Şuşanın alınması  övladımın olma xəbərindən belə sevindirici bir xəbər idi. Yəni, o dərəcədə - məni ağladacaq dərəcədə. Çünki mən heç övladlarım dünyaya gələndə ağlamamışdım, amma Şuşanın alınmağına çox sevindim və ağladım sevincimdən. Mənim həyat yoldaşım da şuşalıdır. Həm də  tələbə yoldaşımdır. Biz Şuşa pedoqoji texnikumunun məzunlarıyıq. Bu baxımdan  Şuşanın bizim ailədə yeri daha fərqlidir. Mən Ağdamlı, o Şuşalıdır. Tanışlığımızın tarixçəsi də Şuşanın adıyla bağlıdır. Demək, Şuşanın işğalından bir gün sonra, mayın 9-da dəhlizdə bir qızın ağladığını görmüşdüm. Yanımda otaq yoldaşım vardı, ondan soruşdum ki, görəsən o qız niyə ağlayır.  O da dedi ki, o qız mənim orta məktəbdən sinif yoldaşımdır, Şuşadandır, Şuşa alınıb deyə ağlayır. Dedim, o qıza de ağlamasın, onu mən alacam. Dostum mənə bir şillə vurdu... Və mən o qızla evləndim və hazırda mənim uşaqlarımın anasıdır. İki övladım, bir nəvəm var.



- Maraqlı evlilik tarixçəniz varmış...  44 gün boyunca heç yorulduğunuz, ruhdan düşdüyünüz, çəkilişlərə ara vermək istədiyiniz məqamlar oldumu ?


- Xeyr, heç vaxt. Çünki buna mənim mənəvi haqqım yox idi. Günlərlə yuxusuz qaldım, günlərlə ac qaldım. Tək mən yox, burada fəaliyyət göstərən bütün həmkarlarımız, yatmadıq, yemədik, içmədik, o çəkilişləri apardıq. Nəinki çəkilişlərə ara vermək fikrim olmadı, əksinə irəli atılmaq, irəlidə gedən döyüşləri çəkməyi çox istəyirdim. Təbii ki, təhlükəli olduğu üçün bizi öndə gedən döyüşlərə buraxmadılar. Amma, yenə də Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi istiqamətlərində fəaliyyətimizi davam etdirirdik. Ən ağır hadisələr harada baş versə, daha doğrusu mülki əhali arasında ən çox itki harda olsa biz ora getməyə çalışırdıq.


-  Qismətimizə şanlı Qələbə Gününü yaşamaq da yazıldı.  O günü necə xatırlayırsınız? 44 günlük həyəcan, stressdən sonra qələbəni lentə almaq necə hiss idi ?


-  Möhtəşəm hiss idi. O, yuxularımızda görsək belə inanmayacağımız dərəcədə fərqli bir hiss idi. Açığını deyim ki, həmən gün çəkilişə çıxmadım. Tam səmimi etiraf edirəm: rəhbərliyim də bu yazılarınızdan sonra biləcəklər bunu. Həmin gün heç nə edə bilmədim, ağlaya-ağlaya sadəcə olaraq evə getdim və çölə çıxmadım. Çünki Azərbaycan ordusu erməni işğalna, erməni terroruna nöqtəni qoymuşdu. Qarabağ Azərabycandır (nida)!  Ali Baş Komandanın dediyi kimi, o nida işarəsi qoyulmuşdu. Ona görə o xoşbəxtlik hissini  tək yaşamaq istədim. Bu münaqişə başlayanda, 1992-93-cü illərdə mən müharibədə dostlarımı, yaşıdlarımı, sinif yoldaşlarımı itirən bir gənc idim. Bu ağrıları, acıları uzun illər idi yaşayırdım. Və bu acılara birdəfəlik nida qoyulmuşdu. O nida günü evdən çölə çıxmadım, çünki bacarmazdım, mikrofon uzadanda bilirdim ki, ağlaycam.  Operatorumuza  tapşırdım ki, sən çək mənə göndər, mən işləyib Bakıya göndərərəm. Yadıma düşəndə indi də duyğulanıram.   44 günlük Vətən Müharibəsi dönəmində İlk dəfə həmən gecə evə getdim, ailəmin yanında qaldım. Bu bir ilk idi. Təbii ki, ondan əvvəl getmişdim. Səhər, günorta, axşam görüşmüşdük, bir gün sonra, iki gün, üç gün fərqlə evə getmişdim. Amma həmən gün hərşey bitdi, tam sərbəst evə, ailəmin yanına gedə bilərdim.

 

Azadə Balayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər