Modern.az

Xəzərin sahilindəki hasarlar sökülməlidir! - Deputatdan dövlət qurumlarına ÇAĞIRIŞ

Xəzərin sahilindəki hasarlar sökülməlidir! - Deputatdan dövlət qurumlarına ÇAĞIRIŞ

Parlament

30 İyun 2021, 11:51

“Xəzər dənizi ayrı-ayrı məmurların yox, xalqın sərvətidir. Məmurlar ondan pul qazanır, vətəndaş isə dəniz kənarında istirahət üçün ödəniş edir. Vətəndaşlar da bu sərvətdən çox sərbəst şəkildə istifadə imkanlarına malik olmalıdırlar”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

 

F.Ağamalı təəssüflə qeyd edib ki, Xəzər vaxtilə vəzifə səlahiyyətlərindən istifadə edənlərin, işbaz məmurların hesabına başda-başa hasarlanıb:


“İşbaz, vəzifə səlahiyyətlərindən istifadə edən məmurlar qanundakı boşluqlardan geninə-boluna yararlanıblar. Hər il bu məsələ qaldırılır. Hətta ötən il də məsələ aktuallaşanda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə mühüm addım atıldı. Xəzər dənizinin sahilində ictimai çimərliklər yaradıldı. Bu təşəbbüs hər kəs tərəfindən alqışlandı.

Amma hələ də Xəzər hasardan xilas ola bilməyib. Heç kimə sirr deyil ki, dəniz Bakının Qərb qapısından-Qaradağdan gələn hissəsindən başlayaraq, hasarlanıb. O yerlər hansısa qanunlarla, hansısa meyarlarla ayrı-ayrı adamlara satılır, icarəyə verilir. Məndə olan məlumata görə, ərazi özəlləşdirilməyib, maraqlı tərəflər qanunsuz olaraq kimlərinsə cibinə pul axıtmaqla məşğuldurlar. Bütün bunların təhqiqatı aparılmalıdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məsələləri dərindən araşdırmalıdır. Xidmətin son vaxtlar gördüyü işlər təqdirəlayiqdir. Amma çox yaxşı olardı ki, bu sahəyə də diqqət yetirsinlər. Azərbaycan qanunvericiliyində ictimai, dövlət əhəmiyyətli məqsədlər üçün istənilən hasarlar sökülə bilər. Bunun üçün qurumlar konkret addımlar atmalıdır”.

 


Deputat deyib ki, görülən işlər yetərli deyil:

“Çünki sona çatdırılmayıb. Ölkəmizdə həyata keçirilən məqsədli və davamlı tədbirlər, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, qanunsuz davranışların qarşısının alınması ilə bağlı ciddi mübarizə Xəzərin hasardan azad olunması üçün də addımların atılmasına imkan verir. Ona görə də müvafiq qurumlar konkret addımlar atmalıdırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi