Modern.az

Bakı ilə Yerevan arasında sülh sazişi nə vaxt imzalanacaq?

Bakı ilə Yerevan arasında sülh sazişi nə vaxt imzalanacaq?

30 İyun 2021, 15:30

Bu gün postmüharibə dövrünü nəzərdən keçirərkən müzakirə edilən mövzular sırasında ilk yerlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması dayanır.

Dünyanın bir çox dövlətləri arasında olduğu kimi Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir. 

Bəs Azərbaycan və Erəmnistan arasındakı indiki real vəziyyət sülh müqaviləsinin bağlanmasına imkan verirmi?

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı Azərbaycan tərəfinin sülh müqaviləsində şərtlərinə, Ermənistanla hansı məsələlərdə razılaşa biləcəyinə aydınlıq gətirib:

 

“Artıq müharibə bitib və bunun bir sıra nəticələri də aradan qaldırılmalıdır. Azərbaycanın bir sıra kəndləri hələ də Ermənistanın əlindədir. Onlarda azad edildikdən sonra sülh müqaviləsi bağlana bilər. Əslində sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistanın bu bölgədə normal həyat sürməsi üçün Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Bu sülh müqaviləsi geniş bir bölməni əhatə edir. Burda həmçinin siyasi, diplomatik, iqtisadi münasibətlər öz əksini tapacaq. Şərtlərdə isə əsas məsələ Zəngəzur dəhlizinin açılması, Azərbaycanda yaşayan erməni kökənli vətəndaşların Ermənistana gedib-gəlməsi nəzərə alına bilər. Dövləti maraqlandıran bir çox məsəllər var ki, onlar orda qeyd olunacaq.

Sülh müqaviləsinin vaxtına gəldik də isə, bunun üçün Ermənistan dövlətinin vəziyyəti real qiymətləndirməsi lazımdır. Onlar məsələnin ciddiliyini görüb, öz gələcəklərini düşünürlərsə, bu proses tez olacaq”.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələkomitəsinin üzvü Nigar Arpadarai bildirib ki, indiki dövrdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, ilk növbədə Ermənistan daxilindəki dinamika ilə əlaqəlidir:

 “Bəzi ekspertlər və Paşinyanın özü də hesab edir ki, Paşinyan seçkiləri qazandıqdan sonra “mandata” sahib olduğunu söyləyir.

O öz mandatını çox gülməli adlandırır – Polad mandat. Biz belə başa düşürük ki, o bir mənada İlham Əliyevin “Dəmir yumruğuna” cavab verməyə çalışır və həmişə olduğu kimi bu onda çox gülməli çıxır.

Nikol Paşinyan real olan geniş miqyaslı sülh danışıqlarına getmək üçün üçün siyasi resurslara sahib deyil. Bu, son 2-3 ildə Ermənistanın bir dövlət olaraq ciddi şəkildə zəifləməsi ilə əlaqədardır. Bu zəifləmədə səhvdən sonra səhv edən, qonşularla münasibətləri korlayan, populist siyasəti ilə tanınan, populist və spekulyant Paşinyan böyük rol oynadı. Bütün bunlar seçkilərin sabitləşmə amili kimi görünməsinə baxmayaraq, hazırda Ermənistanın çox qeyri-sabit vəziyyətdə olmasına gətirib çıxardı”.

 

 Sülh sazişinin ilkin şərti ondan ibarətdir ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı açıq və rəsmi bir bəyanat verməlidir:

 “Bu, böyük bir sülh müqaviləsinin təməlini qoyacaq. Paşinyan buna qadirdir? Bu barədə ciddi şübhələrim var, çünki yenə də Paşinyan “küçə siyasətçisidir”. Strateq deyil, 10 il öncəsini düşünmür.  Bu, onun ağıllı qərarlar verməyəcəyini göstərir. Bir müddətdən sonra Ermənistanda növbəti bir siyasi böhranın yetişməsinə səbəb olacaq. Paşinyan problemləri həll etmədiyini, sadəcə qışqıraraq insanları real problemlərdən yayındırdığını ardıcıl olaraq sübut etdi.

 Bu mənada dövlət başçımızın bu münaqişənin bitdiyinin söyləməsi, Azərbaycanın sözdə sülh razılaşmasına ehtiyac duymadığı anlamına gəlir, çünki Azərbaycanın onsuz da riayət etdiyi bir çərçivə var. Bu da üçtərəfli bəyanatdır. Azərbaycan bu bəyanatda göstərilən bütün məqamlara riayət və hörmət edir, çünki Azərbaycan bütün tərəfdaşları üçün beynəlxalq hüquqa hörmət edən etibarlı bir tərəfdaşdır”.

 

Milli Məclis deputatı Asim Mollazadə isə bildirib ki, iki ölkə arasında müqavilənin bağlanması üçün Ermənistanda vahid dövlətin olması vacibdir:

“Azərbaycan və Ermənistan arasnda sülh müqaviləsinin aparılması üçün yeni hökümət yoxdur, Xarici İşlər nazirliyi iflic vəziyyətdədir. Burada həmçinin beynəlxalq təşkilatlar da fəal şəkildə işlər görməlidir. ATƏT-in Minsk qrupu və s Qarabağın status ilə bağlı danışmaqdansa, bu məsələ ilə bağlı işləməlidilər. Əslində Ermənistanın ağılı olarsa, üçüncü tərəfə ehtiyac olmadan da bu məsələni həll edə bilərik. Hələlik isə bununla bağlı bir layihə yoxdur və danışıqlıqlar aparılmır. İki ölkə arasında sülh müqaviləsi bağlanarsa, qarşılıqlı əlaqələr əsas tutulacaq. Amma əvvəlcə Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməlidir. Nəzərə alsaq ki, Ermənistan qonşu dövlətdir əvvəl axır belə bir sənədin imzalanması gözlənilir”.

 

Aysel Məhərrəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı