Modern.az

Rumıniyadakı 57 yaşlı səfirimiz haqqında nə bilirik?

Rumıniyadakı 57 yaşlı səfirimiz haqqında nə bilirik?

Aktual

10 Oktyabr 2012, 11:07

Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları - səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.

Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.

Bu dəfə Azərbaycanın Ruminiyadakı səfiri barədə...

Eldar Həsənovun geniş təqdimatına ehtiyac olmasa da, bu gün, 10 oktyabr tarixi onun ad günü olduğundan, səfirin həyat yoluna qısa nəzər salaq.

Eldar Hümbət oğlu Həsənov 1955-ci il 10 oktyabr tarixində Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində doğulub. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq elektronika mühəndisi ixtisası alıb.

1977-1990-cı illərdə cinayət axtarışı işləri üzrə baş inspektor işləyib. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. 1990-1992–ci illərdə Gəncə şəhəri Polis İdarəsinin rəisi, 1992-1993-cü illərdə Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri işləyib.
1993-cü ildə daxili işlər nazirinin birinci müavini, 1993-1995-ci ilərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Baş prokurorun  birinci müavini, 1995-2000 – ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru olub.
2001-ci ilin iyul ayında Azərbaycanın Ruminyadakı fövqaladə və səlahiyyətli səfiri postuna təyin olunub. 2010-cu ildə martın 25-də Azərbaycanın Serbiyadakı fövqaladə və səlahiyyətli səfiri, 2011-ci il 27 yanvarda Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqaladə və səlahiyyətli səfiri postları da Eldar Həsənova həvalə olunub. E.Həsənov eyni zamanda Azərbaycanın Monteneqrodakı səfiri postunu da tutur.
Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid 22 kitabın və 100-dən çox elmi əsərin müəllifidir. General-leytenant, professor, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviridir..Rus, türk, ingilis və rumun dillərini  bilir.
Ailəlidir, 3 övladı var.

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir