Modern.az

Deputatın mandatdan məhrum edilməsinə dair prosedura baxılacaq

Deputatın mandatdan məhrum edilməsinə dair prosedura baxılacaq

Parlament

2 İyul 2021, 19:05

Milli Məclisinin İntizam komissiyasının səlahiyyətləri məlum olub.

 

Modern.az-ın məlumatına görə, bu, parlamentin iyulun 6-da keçiriləcək iclasının gündəliyinə çıxarılacaq Milli Məclisinin İntizam komissiyasının Əsasnamənə dair layihədə əksini tapıb.

 

İntizam komissiyası deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.

 

İntizam komissiyasının səlahiyyətləri aşağıdakılardır:

 

- “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;

- etik davranış qaydaları barədə deputatları məlumatlandırmaq;

- deputatın həyata keçirdiyi və həyata keçirməyi nəzərdə tutduğu fəaliyyətin “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunun tələblərinə uyğunluğu barədə qənaətə gələ bilmədiyi məsələyə dair rəy vermək;

- deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi məsələ barədə rəy vermək;

- deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallar barəsində verilən məlumata dair rəy vermək;

- Daxili Nizamnamənin əsasən, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

- Daxili Nizamnamənin əsasən, Milli Məclis sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək, yaxud deputatın səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsinə dair rəy qəbul edib Milli Məclisin müzakirəsinə təqdim etmək;

- Deputatın toxunulmazlığına xitam verilməsi haqqında Baş Prokurorun təqdimatına Milli Məclisin sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin müzakirəsinə təqdim etmək;

- Konstitusiyanın 89-cu maddəsinin 1-ci hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən hallar baş verdikdə Milli Məclisin sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputatın mandatından məhrum edilməsinə dair rəy qəbul edib Milli Məclisin sədrinə təqdim etmək;

- Daxili Nizamnamənin əsasən, Milli Məclisin iclasının stenoqrammı rəsmi dərc olunanadək deputatın öz çıxışının mətni ilə tanış olması ilə bağlı yarana bilən mübahisələri və həmin mətnə dair fikir ayrılıqlarını həll etmək;

- deputat barəsində intizam icraatı başlamaq və ona xitam vermək;

- görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Milli Məclisin sədrinə məlumat vermək;

- Daxili Nizamnamədə və bu Əsasnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək;


İntizam Komissiyası ondan asılı olmayan səbəblərdən deputata maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verilməsi barədə deputatın məlumatına əsasən “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələrin Milli Məclisin Aparatına akt üzrə təhvil verilməsinə nəzarət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı