Modern.az

Xocavənd yürüşünün siyasi mesajı

Xocavənd yürüşünün siyasi mesajı

Dünya

1 Oktyabr 2012, 12:36

Evlərindən didərgin düşənlər üçün indi vacib olan ATƏT-in şirin vədləri deyil, öz obalarına qayıtmaq istəyidir


Dağlıq Qarabağın sonuncu bir parçası olan, təmas xəttində yerləşən “Nərgiztəpə” ərazisinə Xocavənd sakinlərinin etiraz yürüşü  son 20 ilin qanlı və soyuq tarixini bir daha yada saldı. Bu tarix işğal faktorunu təsdiq etməklə yanaşı  mənasız “sülh” axtarşına çıxanlar üçün də bir ibrətdir. 20 il əvvəl, oktyabrın 2-də erməni silahlı birləşmələrinin hucumu ilə öz evlərini itirmiş Xocavəndlilər Qarabağın işğal olunmuş digər rayonlarının eyni taleyini bölüşdü.  

 Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub.

Rayon Dağlıq Qarabağda 1991-ci ildən etibarən güclənən müharibənin əzabını və itkilərini ilk olaraq öz üərində hiss edən rayonlardandır. Azərbaycan özünün müstəqilliyini elan etdikdən 12 gün sonra, 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi erməni hərbi dəstələri tərəfindən işğal edilib. Rayon daha dəhşətli tarixini isə 1992-ci ildən yaşamağa başlayıb. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi açıqlamasına görə, özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.

Rayonunun Qırmızı bazar qəsəbəsində hünürlüyü 25 m olan bir ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan bir ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Bundan başqa rayonunun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib. Rayonun Kuropatkino adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.

Bu təkcə Xocavənddə törədilən erməni vəhşiliyi deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən əsas böyük 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir. Bu böyük ehtiyatlar Azərbaycanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edir və şübhəsiz ki, Ermənistanın təcavüzü olmasaydı, onların istismarına iri investorlar cəlb edilmişdi.

Ermənistan bu ehtiyatları necə gəldi talamağa girişib. Aparalan araşdırmalar göstərir ki, ermənilər işğal edilmiş ərazilərdən qiymətli təbii sərvətləri talamağa əsasən 90-cı illərin sonlarında-2000-ci illərin əvvəllərində başlayıblar. Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismar aparılıb və bu proses indi də davam edir. Sonradan Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsi başlayıb. Tanınmamış Dağlıq Qarabağ “hökuməti” də dağ filiz sənayesini ən çox gəlir gətirən perspektivli sahə hesab edir. 2002-ci ilin avqust ayında yaradılmış “Base Metals” MMC şirkəti artıq 4 ildir ki, Ağdərə rayonunun Qızılbulaq (Drambon) kəndindəki mis-qızıl mədənlərini işlədir. 

Məlumata görə, Qızılbulaq yatağında qızıl ehtiyatı 13,5 ton təşkil edir. Mədəndə hər ay 12 min ton filiz çıxarılır və saflaşdırma kombinatında emal edilir. Konsentrat Ermənistana aparılır, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. İşğal edilmiş ərazilərdə faydalı qazıntıların hasilatı ilə “Maneks və Valeks” adlı şirkət də məşğuldur.

1997-ci ilin sentyabr ayında Kəlbəcərdə filizçıxarma işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə Kanadanın “First Dynasty Mines” (“FDM”) şirkəti arasında müqavilə imzalanıb. “FDM”-in aktivləri “STERLİTE GOLD LTD” Şirkətinə məxsusdur. Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində, səhmləri isə Toronto fond birjasında hərraca çıxarılır. Erməni mənbələrində yer alan statistikaya əsasən, 2001-2003-cü illər ərzində qondarma “respublikanın” iqtisadiyyatının dirçəldilməsinə 35 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. Bu məbləğin 25 mln dolları xarici, 5 mln. dolları Ermənistanın və bu qədər də Qarabağda yaşayan iş adamlarının payına düşür. Həmin vəsait də əsasən mineral ehtiyatların istismarına yönəldilib. 

Son illər isə ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar daxil olmaqdadır. Bu investisiyaların bir qayda olaraq hamısı təbii sərvətlərin və faydalı qazıntıların talan edilməsinə sərf olunur. İşğal edilmiş bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələr hesab oluna bilər. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Ermənistan mətbuatından götürülmüş faktlara əsasən, bu talançılıqda inhisarçı mövqe düşmən ölkənin hakim siyasi elitasına aiddir. 

Belə ki, keçmiş prezident Robert Köçəryan Qarabağda ağac emalı, qızıl hasilatı və digər biznes sahələrinə nəzarət edir. İndiki prezident Serj Sərkisyan isə Dağlıq Qarabağda bütün üzüm emalı və mineral su istehsalını əlində cəmləyib. Ermənilər tərəfindən talan edilən daha bir xəzinəmiz Zəngilan rayonunnda yerləşən Vejnəli qızıl yatağıdır. Bu yataqda qızıl ehtiyatları 6,5 ton təşkil edir. Qara mis istehsalı ilə məşğul olan “Armenian Copper Proqramme” (ACP) QSC-i 2004-cü ildə 40 min ton konsentrat emal edərək 9,5 min ton qara mis əldə edib. 2003-cü ildə isə 24 min ton konsentratdan 6,3 min ton mis emal edilmişdi. Əldə edilmiş məhsul Avropanın mis əritmə zavodlarına göndərilib. Son məlumatlara görə, Qarabağda təbii ehtiyatların istismarına 30-a yaxın şirkət cəlb edilib. Bir neçə il əvvəl isə Dağlıq Qarabağdan MMC “GF” firması və Kuba şirkəti ilə Qarabağın qiymətli daşlarından istifadə etməklə kiçik suvenirlərin hazırlanması işlərinin başlanması üçün razılıq da əldə etmişdi və bu layihəyə 20 milyon dollar yatırmaq nəzərdə tutulmuşdu.

Rəsmi Bakı işğal edilmiş ərazilərdə xarici şirkətlərin fəaliyyəti ilə bağlı faktları toplayaraq diplomatik kanallarla onların fəaliyyətini dayandırmağa çalışır. Məsələn, 2007-ci ildə Azərbaycan XİN-in etirazından sonra Dağlıq Qarabağda təbii sərvətlərin istismarı ilə məşğul olan Rusiya şirkətlərinin fəaliyyətini dayandırmaq mümkün olub. Son vaxtlar isə Azərbaycan dövləti işğal edilmiş ərazilərdə qurulan oyuncaq rejimi iqtisadi baxımdan təcrid etmək üçün daha çevik iş aparmağa çalışır. Qarabağa gələn xarici vətəndaşlar və şirkətlər XİN-in xüsusi “qara siyahı ”sına daxil edilir.

...Xocavənd sakinlərinin, müharibə veteranlarının, məktəblilərin iştirak etdiyi iki min nəfərlik yürüş “Qarabağa doğru” adlanırdı. Bu yürüş öz mənəvi yükünü çəkməklə yanaşı eyni zamanda  mühüm siyasi mesajı ortaya qoyub: Beynəlxalq təşkilatların nəticəsiz vasitəçilik səyləri insanları getdikcə bezdirir. Evlərindən didərgin düşənlər üçün indi vacib olan şirin vədlər deyil, öz obalarına qayıtmaq istəyidir. Odur ki,bu yürüşü münaqişədən siyasi xal toplayan beynəlxalq güclərə azərbaycanlıların öz torpaqları uğrunda vuruşmağa hazır olduğunun nümayişi də saymaq olar.  

Xaqani İbadov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi