Modern.az

Azad olunmuş ərazilər üzrə Dövlət Proqramında nələr var? - Deputatlar: “İşlər xeyli zaman alacaq”

Azad olunmuş ərazilər üzrə Dövlət Proqramında nələr var? - Deputatlar: “İşlər xeyli zaman alacaq”

Parlament

3 İyul 2021, 07:43

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
Layihə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun iclasında müzakirə edilib..

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan layihədə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınıb. 

Artıq işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici ekspertlərlə əməkdaşlığa start verilib.

İşğaldan azad edilmiş rayonların deputatları qayıdış məsələlərilə bağlı Modern.az-ın suallarını cavablandırıblar.


124 saylı Şuşa-Ağdam-Xocavənd-Xocalı seçki dairəsinin deputatı Elman Məmmədovun sözlərinə görə, öncə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik məsələləri tam həll olunmalıdır:


“Bu məsələ ilə bağlı dəqiq, rəsmi təklifləri cənab prezidentimiz bəyan edir. Öncə işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizlik məsələləri tam həll olunmalıdır. Ərazilər düşməndən təmizlənsə də, onların basdırdığı patlamamış minalar hələ də qalmaqda davam edir. Su hövzələri, torpaqlar yoxlanılmalıdır.

Qayıdış üçün ilk növbədə əhalinin təhlükəsizliyi tam həll olmalıdır. Bu səbəbdən də dövlətimiz ilk gündən həmin istiqamətdə çox ciddi və sürətli işlər görür. Ərazilərimiz hələ də minalardan təmizlənir. Minalardan təmizlənmədən sonra da infrastruktur, yəni əhalinin yaşaması üçün şərait yaradılmalıdır. Bunlar hamısı Dövlət Proqramında öz əksini tapır.


Bu işlər özbaşınalığa yol verilmədən paralel aparılır. Cənab prezidentin dediyi kimi, qayıdış zamanı insanlarımız yüksək səviyyədə şərait yaradılmış kəndlərdə, qəsəbələrdə, şəhərlərdə yaşayacaqlar. Təklifləri hamımızdan öncə dövlətimizin başçısı müəyyən edib, qarşıya müvafiq tələblər qoyulur. Daha sonra isə onun nəzarəti ilə icra olunur.


Həmin dövlət proqramında sahibkarların işğaldan azad olunmuş torpaqlara aparılması ilə bağlı təkliflər də var. Təbii ki, yaşayış olan yerdə sahibkarlıq da olacaq, onlara geniş meydan veriləcək. Artıq imkanı, sərmayəsi olan sahibkarlar müraciətlər edirlər. Onlara şərait yaradılır. Həmin ərazilərə bəzi sahibkarlar hətta indidən cəlb olunublar. Bu, özəl sektorun inkişafı deməkdir və ona geniş yer veriləcək. Düşünürəm ki, onlar quruculuq və bərpa işlərində çox yaxından iştirak edəcəklər”.


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov deyib ki, azad olunmuş ərazilər haqqında planlar bu sahədə çalışan insanların rəyi nəzərə alınaraq hazırlanır:


“Dpvlət proqramı ayrı-ayrı rəsmi qurumların, eləcə də bu sahədə çalışan insanların rəyi və tövsiyələri nəzərə alınaraq hazırlanıb. Burada bir çox məsələlər öz əksini tapıb. Çoxları gözləyirdi ki, bərpa prosesi və digr tədbirlər daha uzun müddətdən sonra həyata keçiriləcək. Lakin görürük ki, 7 ay keçəndən sonra artıq müvafiq proqraqmlar icra olunmağa başlayıb. Dövlət proqramına paralel olaraq iz Ağdamda, Zəngilanda, Qubadlıda digər yerlərdə artıq layihələrin icrasına başlanıldığına şahidlik etdik. Proqram əslində bir plan üzrə işlərin daha dəqiq, daha konkret istiqamətdə getməsini əhatə edir və atılan addımlar onu deməyə əsas verir ki, cənab prezidentin əvvəldən bu məsələ ilə bağlı konkret yanaşmaları, planları mövcud olub. Bu planlar hazırda icra olunur. Burada əsas istiqamət olaraq infranstrukturun yaradılması məsələsidir.

Bəzən vətəndaşlar tez qayıtmaq istədiklərini bildirirlər. Lakin burada bir çox məsələlər var. Bu da ondan ibarətdir ki, kompleks yanaşma olmalıdır. Yəni vətəndaş köçürsə, o, bütünlüklə təmin olunmalıdır. Yaşayış binası, məktəb, bağça, iş yerləri, səhiyyə müəssisələri olmalıdır. Dövlət proqramında bütün bu məsələlər nəzərə alınıb. Onu deyə bilərəm ki, bütün adımlar planlar üzrə gedir”.


C.Məmmədov hesab edir ki, bu prosesdə iştirak etmək özü də müqəddəs bir vəzifədir:


“Bu ərazilər 30 ilə yaxındır ki, işğal altında olub. 30 ildə insanlar ayrı-ayrı ərazilərə pərən olublar. 30 il əzrində dünyaya gələn gənclərimiz var. Onlar həmin mühitdə və bölgədə yox, fərqli yerlərdə böyüyüblər. Onların adaptasiyası və uyğunlaşması üçün də bütün məsələlər nəzərdə tutulub. Hesab edirəm ki, insanlarımızən ora köçməsi üçün işləri uğurla başa vurmuş olacağıq.

Artıq sahibkarlarımız həmin ərazilərdə iş görmək üçün müraciət ediblər. Hesab edirəm ki, bu prosesdə iştirak etmək özü də müqəddəs bir vəzifədir. Dövlət bizim sahibkarlarımıza şərait yaradacaq. Özləri də aktivlik göstərməlidirlər. Bu qayıdışda hər kəs aktiv şəkildə iştirak etməlidirlər.
Bu gün elə sahibkarlar var ki, qayıdış prosesində iştiraka hazırdılar. Elə sahibkarlar var ki, orada təkcə biznes sahəsinə yatırım barədə yox, hansısa məktəblərin, bağçanın inşasına hazırdılar. Bunlar da dövlət qurumları tərəfindən analiz, təhlil olunduqdan sonra nəzərdən keçirilə bilər. Ona görə də burada təkcə dövlət yox, özəl sahələr də dövlətin yanında olmalı, dəstəyini tam göstərməlidir. Həmin torpaqlarda görüləcək işlər çoxdur”.

 

123 saylı Kəlbəcər seçki idarəsinin deputatı Aqil Məmmədov bildirib ki, azad olunmuş ərazilərdə işlər bir az zaman alacaq:


“İşğaldan azad olunmuş torpaqlarımızda tikinti işlərinə artıq start verilib. Həmin  ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün öncə minlardan təmizlənmə işləri başa çatdırılmalıdır. Bu işlər davam etdirilir. Lakin ərazilər böyük olduğuna, qarşı tərəf minalanmış bütün ərazilərin xəritələrini bizə təqdim etmədiklərinə görə müəyyən zaman tələb olunur.
Ağdam rayonu üzrə mina xəritələri təqdim olunub. Bu istiqamətdə işlər uzun müddət vaxt aparacaq. Buna baxmayaraq təhlükəsiz ərazilərdə artıq quruculuq işlərinə start verilib.

Minalar təmizləndikdən sonra aidiyyatı qurumlar işğal zamanı dəymiş ziyan müəyyənləşdirməli və orada baş vermiş hadisələrə qiymət verilməlidir. Dağıntılar, vurulmuş ziyanlar, yeraltı və yerüstü sərvətlərin talanı, milli-mənəvi dəyərlərimizə vurulan zərbələr, dini-mədəni abidələrimizin dağıdılması, özünküləşdirilməsi və s. təhlil edilməlidir. Beynəlxalq qurumlar ora cəlb olunmalıdır ki, hər kəs erməni vandallığının şahidi olsun.

Düşünürəm ki, bu işlər yüksək səviyyədə aparılacaq. Bu, eyni zamanda təzminat ödənilməsi baxımından da bizə lazım dır”.


Deputatın sözlərinə görə, hər şey hazır olduqdan sonra vətəndaşların qayıdış məsələsinə keçmək lazımdır:


“Bundan sonra vətəndaşların qayıdış məsələsinə keçmək lazımdır. Bununla yanaşı, enerji, elektrik təminatı məsələlərinə nəzərdə tutmalıdır. Xüsusilə də yaşıl enerji mənbələrindən səmərəli istifadə olunmasına  xüsusi önəm veriləcək. Daha sonra nəqliyyat infranstrukturunun inkişafını təkmilləşdimək lazımdır. Çünki yol önəmlidir. Yenilənməsə, orada hər hansı tikinti-quruculuq, bərpa işlərindən təbii ki, danışmağa dəyməz.

İnfranstrukturun inkişafı üçün uzunmüddətli planlar lazımdır. Bu planların da həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır”.


Depitat insanların təhlükəsiz ərazilərə gedişatının təmin olunmasını məqsədəuyğun sayır:


“İnsanlar 30 ilə yaxındır ki, o torpaqları görmək arzusu ilə yaşırlar. Təbii ki, bu iş planlı, mərhələli şəkildə, mərkəzləşdirilmiş qaydada, yerli icra hakimiyyəti ilə aidiyyatı qurumların birgə razılığı əsasında həyata keçiriləcək. Düşünürəm ki, insanların mərhələli şəkildə 10-15 nəfərdən ibarət olmaqla tam təhlükəsiz hesab olunan ərazilərə gedişatını təmin etsək, daha yaxşı olardı”.



Nəzrin Vahid

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı