Modern.az

Dünya mediası Azərbaycanla bağlı hələ bu qədər məlumat yaymamışdı - Diasporun daha bir İLKİ

Dünya mediası Azərbaycanla bağlı hələ bu qədər məlumat yaymamışdı - Diasporun daha bir İLKİ

Diaspor

5 İyul 2021, 12:54

Azərbaycan diasporu 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı özünün fəaliyyətində indiyəqədərki ən yüksək zirvəsinə çatdı.



Belə ki, həmin hadisələrə qədər diasporumuz xarici mediada Azerbaycan həqiqətlərinin işıqlandırılması üçün belə bir nəticəyə nail ola bilməmişdi.  Amma müharibə zamanı nümayiş etdirilən birlik çox şeyin mümkün ola biləcəyini göstərdi.



Hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi.



Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, həlak olan, evləri dağılan dinc sakinlərə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu.

 


Azərbaycan həqiqətlərini əks etdirən yüzlərlə video hazırlanaraq sosial şəbəkələr üzərindən yayımlandı. ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Polşa və digər ölkələrin bir sıra şəhərlərində Azərbaycan həqiqətlərini əks etdirən yüzlərlə afişa və posterlər yerləşdirildi. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlıq etdiyi jurnalist və ziyalılar qrupu tərəfindən Azərbaycana dost xalqların diaspor nümayəndələri vasitəsilə Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Ukrayna daxil olmaqla 14 ölkənin mediasında 45 məqalə yayımlandı, ümumilikdə isə Tovuz təxribatlarından sonra diaspor təşkilatları 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirdi.

 


Eyni zamanda xaricdəki soydaşlarımızın öz təşəbbüsü ilə yaşadıqları ölkələrin media orqanlarında yazılar dərc etdirdi, TV kanalları və radiolarda çıxış edərək Azərbaycan reallıqlarını yerli ictimaiyyətə çatdırmağa çalışdı. Bundan başqa, soydaşlarımızın ayrı-ayrı ölkələrdə keçirdiyi aksiyalara da yerli mediada geniş yer ayrıldığı üçün həmin ölkələrin ictimaiyyəti ölkəmizdə baş verənlərdən xəbər ala bildi.


Bir sözlə, Azərbaycanla bağlı dünya mediasında 2020-ci ildə olduğu qədər xəbər, məqalə, müsahibə, yazı yayılmamışdı.

 

Sözün əsl mənasında ötən il həqiqətən də bizim Zəfər ilimiz oldu.



Bakı Dövlət Universitetinin professoru, tanınmış media eksperti Qulu Məhərrəmli Modern.az-a Azərbaycan diasporunun xarici media ilə bu cür əməkdaşlığını yüksək qiymətləndirib. Onun sözlərinə görə, xaricdə diasporun gücü iki məqamda daha çoxdur:

“Ümumiyyətlə, xaricdə diasporun gücü əsasən biznes qurumları yaratmaq və mediadadır. Media da təsəvvür edəcəyiniz qədər sadə deyil. İkinci Qarabağ savaşında biz Diaspor Komitəsinin, onun strukturları və əlaqələrinin bu məsələdə necə böyük rol oynadığını aydın şəkildə gördük.
Nəzərə almaq lazımdır ki, son bir neçə ildə Azərbaycandan Avropaya köçən çoxlu sayda vətəndaşlarımız var. Onların bir çoxu elə media ətrafında olan insanlardır.


Müharibə dövründə sosial şəbəkələrdə fəallığın artmasına səbəb də məhz bu idi. İndi bizim əsas məqsədimiz diaspor mediasını sistemli bir hala gətirməkdir. Yəni ayrı-ayrı fərdlərin fəaliyyəti ilə yanaşı, sistem halında diaspor mediası olmalıdır.


Hesab edirəm ki, bunun ən yaxşı yolunu türk diasporu yaradıb. Biz bu yola inteqrasiya olaraq yenidən təkrar etməliyik. Çünki diasporun fəaliyyəti önəmli və vacibdir. Ona görə də bu məsələlərin bəlli bir səviyyəyə qaldırılması üçün diaspor təşkilatlarının iş mexanizmini sistemli hala salmalıyıq”.


Q.Məhərrəmli diaspor fəaliyyətinin güclənməsi üçün əlavə tədbirlərin düşünülməsinin vacibliyini qeyd edib:


“Diasporun gücü olarsa, onun mətbuatı, mediası və sosial şəbəkələrdə fəaliyyəti də güclü olar. Diaspor fəaliyyətinə impuls verən xüsusi bir element xaricdə yaşayan soydaşlarımızın say, kəmiyyət etibarı ilə çoxalmasıdır. Çünki onların sayı artdıqca, vətənə bağlılıqları və milli heysiyyatları da güclənər. Bununla Azərbaycançılıq ideologiyasının tərəfdarları artar və özünüdərk prosesləri daha da güclənər.


Bütün bunların hamısı nəticə etibarı ilə dediyimiz fəallığı üzə çıxarır. Ona görə bu enerjidən biz məqsədyönlü və ağıllı şəkildə istifadə etməliyik ki, soydaşlarımız arasında həmrəyliyi gücləndirə bilək. Siyasi mənsubiyyətindən, düşüncəsindən asılı olmayaraq ümumi bir həmrəylik yaradaraq, Azərbaycanın problemlərini Qərb ölkələrinə çatdıra bilərik. Bunların hər ikisini biz önəmli hesab etməliyik və bu istiqamətdə çalışmalıyıq”. 

 

Nəzrin Vahid

 

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə dərc olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir