Modern.az

Rubinyan Ermənistanın baş diplomatı olsa, onda Allah Ceyhun Bayramova səbr verməsin...

Rubinyan Ermənistanın baş diplomatı olsa, onda Allah Ceyhun Bayramova səbr verməsin...

5 İyul 2021, 08:47

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Azərbaycan tərəfindən Ermənistana qarşı hansı humanist addımın atılmasına baxmayaraq, görünür qarşı tərəf öz çirkin niyyətindən dönməyəcək.      

Çünki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun iki ölkə arasında sülh müqaviləsini nəzərdə tutaraq Bakının İrəvana beynəlxalq hüququn norma və prinsiplərinə arxalanaraq sərhədlərin toxunulmazlığı, həmçinin ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşması prosesinə başlamağı təklif etdiyindən dərhal sonra, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri, Paşinyanın partiyasından XİN-i vəzifəsinə namizəd Ruben Rubinyanın “Bakı Qarabağ xalqının iradəsinə əsaslanan Dağlıq Qarabağın statusunu tanıyacağı təqdirdə Ermənistan məmnuniyyətlə Azərbaycanla bu sənədi imzalayacaq”, - deməsi, hər şeyi sübut edir. Bu azmış kimi üstəlik, 2 gün əvvəl Ermənistan Prezidentinin müşaviri Tevan Poqosyanın “Xankəndini, İrəvan kimi, erməni paytaxtına çevirmək lazımdır”, - deməsi də, hayların öz “tutduqlarını” asanlıqla buraxmaq niyyətində olmadıqlarını göstərir.

       

Görünür Ermənistan XİN-i vəzifəsinə namizəd Ruben Rubinyan bu postda beynəlxalq hüquqa məhəl qoymayan əvvəlki baş diplomatlardan - Vardan Oskanyan, Edvard Naldbanyan, Zöhrab Mnasakanyan və Ara Ayvazyandan heç nə ilə fərqlənməyəcək.

        

O, hələ bir qədər öncə “Zəngəzur dəhlizi” ilə bağlı da Ermənistanın heç bir niyyətinin olmadığını dilə gətirərək, “Dünyada Azərbaycan və hərdən  Türkiyədən başqa “Zəngəzur dəhlizi” barədə danışan heç bir ölkə yoxdur. 9 noyabr üçtərəfli açıqlamasında dəhlizdən bəhs edilmir. Bəyanatda da imzası olan Rusiya da heç vaxt Ermənistan üzərindən keçəcək bir dəhlizdən danışmadı. Eyni şey digər güc mərkəzləri haqqında da söylənilə bilər” demişdi.

      

Bu yerdə istər-istəməz adam az qalır 10 noyabr üçtərəfli bəyanatı büküb Rubenin gözünə soxsun. Çünki, o, görünür adı çəkilən sənəddən, xüsusən də onun 9-cu bəndindən tamamilə bixəbərdir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

 

 

Rubinyanın, Azərbaycan və Türkiyədən başqa heç bir ölkənin “Zəngəzur dəhlizi”ndən danışmadığını deməsi də ağ yalandır. Çünki Rusiya nümayəndələri dəfələrlə kommunikasiyaların açılmasının vacibliyindən bəhs ediblər və elə bir müddət öncə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun “Rossiyskaya Gazeta”-ya verdiyi müsahibədə israrla Cənubi Qafqaz ölkələrini Rusiyanın, Avarasiya İqtisadi İttifaqı ölkələrinin və Ermənistanın özünün marağında olan bu kommunikasiya xətlərinin açılmasını təxirə salmamağa çağırmışdı.

 

Bundan başqa, ötən günlərdə Nazir Mikayıl Cabbarovla görüşdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Guo Minun “Zəngəzur dəhlizi”nin “Bir kəmər, bir yol” nəqliyyat layihəsinə töhfə verəcəyini qeyd etməsi də unudulmamalıdır. Ancaq, erməni mediası bu xəbəri “kitayski” hesab edib, tez Çinin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Fan Yongun dili ilə düzəldərək, guya, Çin tərəfinin “Zəngəzur dəhlizi” fikrini ifadə etmədiyini yazdı.

 

İndi bundan sonra gəl, Paşinyanın “Mənim addımım” partiyasından olan bu bisavad, həm də həyasız Rubenlə sülh müqaviləsi istiqamətində addımla görüm, necə addımlayırsan. Başqa sözlə desək, əgər Ruben Rubinyan həqiqətən də Ermənistanın baş diplomatı olsa, onda gərək Allah Ceyhun Bayramova səbr verməsin. Çünki bu səbrin sonu ən azı növbəti 30 ilə qədər uzana bilər.

 

Doğrudur, Azərbaycan Prezidenti Ermənistanın yeganə çıxış yolunun öz qonşuları ilə normal münasibətlər qurmaqda və ərazi iddialarından əl çəkməkdə, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməkdə, artıq Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığına əmin olmaqda, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqda, sülh müqaviləsinə hazırlıq işləri görməkdə olduğunu göstərsə də, ancaq görünən odur ki, bütün bunlar Rubenlər üçün kifayət etmir. 

 

Əlbəttə, hayların arasında əsl reallığı anlayanlar da var. Separatçı rejimin “deputatı” Metakse Akopyanın “İndi Ermənistan hakimiyyəti sadəcə teatr tamaşası göstərir. Şübhəsiz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi səviyyədə tanıyacaq. Bizim başqa yolumuz da yoxdur”, - deməsi Xankəndidəki separatçılar üçün psixoloji olaraq hər şeyin bitdiyini göstərir.  

 

Ancaq, hazırda Xankəndidəki separatçılar özlərini iynə üstündə oturmuş kimi hiss etsələr də, bu arada, ermənilərə “zəhər” verməsi ilə fərqlənən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulinin “Rusiya Dağlıq Qarabağı tərk etməyəcək. Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb” və ya Rusiya Elmlər Akademiyasının şərqşünaslıq institutunun direktor müavini Aleksandr Skakovun, “Dağlıq Qarabağ məsələsi həll olunmayıb: Dağlıq Qarabağ ya ermənilərin olacaq, ya da o ümumiyyətlə olmayacaq”, deyə Kremlin təlimatı ilə çərənləməsi Azərbaycan tərəfindən məhz Moskvaya qarşı ciddi addımlar atılmasını tələb edir.

 

Diqqət edin, Rusiya Prezidenti hansı haqla 44 günlük savaş zamanı açıq-aşkar erməniləri dəstəkləyən fransız həmkarı Makronla telefon danışığında, Qarabağda hərbi əməliyyatlardan “əziyyət” çəkmiş rayonların əhalisinin humanitar problemlərinin həllində avropalı tərədaşların, xüsusən də Fransanın daha sıx iştirakının zəruri olduğunu deyib, onu ermənilərə hərtəfli yardım etməyə dəvət edir? Bu iki Prezident hansı üzlə 30 il Azərbaycanı aldadan ATƏT-in Minsk qrupu ilə yenidən münaqişənin tənzimlənməsinin müxtəlif aspektlərini əlaqələndirməyə hazır olduqlarını ifadə edirlər? Məgər, Xankəndi və ətraf rayonlarda rus “sülhməramlılarının” Azərbaycana qarşı “fəaliyyəti” fonunda Rusiya baş diplomatı Sergey Lavrovun BMT-nin Qaçqınlar üzrə nümayəndəsi ilə rəsmi Bakıya aid olan məsələni müzakirəyə çıxarması Azərbaycanın milli suverenliyinə müdaxilə etməsi demək deyilmi? Maraqlıdır, o BMT bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycanı ötən 32 ildə niyə yada salmırdı?

 

Əslində suallar çoxdur, amma sonda rəsmi Bakı, Ermənistana, onun böyük qardaşı  Rusiyaya və “bacısı” Fransaya qəti şəkildə şərt qoymalıdır: Qarabağ Azərbaycanın daxili işidir, ona kimsənin kənardan müdaxilə etməsi, Bakının antiterror əməliyyatlarına başlamasına səbəb olacaq! Bu üzdən də qoy burada yuva salmış separatçılar ya, qısa bir vaxtda tutulub Azərbaycana təhvil verilsin, ya da oradan rədd olsunlar! Sülh şəraitində yaşamaq istəyən sadə ermənilər isə ya, Azərbaycan vətəndaşlığını qəbul edib qalıb yaşasınlar, ya da bu yerləri öz xoşları ilə tərk etsinlər. Əks təqdirdə Azərbaycan, iqtisadiyyatı çökən Rusiyaya daha çox lazım olan “Zəngəzur dəhlizi”nin açılmasından ümumiyyətlə imtina etsin. İndiyədək özünü blokadaya salmış Ermənistan isə qoy əvvəlki kimi, əlini ona-buna açıb acından qarnını qaşısın. Yəqin ki, bu şərtlərdən sonra Ruben Rubinyan və digər “yanlar” bir də qələt edər Azərbaycana qarşı hansısa “status” barədə şərt irəli sürərlər...

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir