Modern.az

Qərblə Rusiya Qarabağda rəqabətə girişib: Qazanan Azərbaycandır - TƏHLİL

Qərblə Rusiya Qarabağda rəqabətə girişib: Qazanan Azərbaycandır - TƏHLİL

Analitika

5 İyul 2021, 11:22

Azərbaycanın yürütdüyü xarici siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin verilməsi ilə bağlı təşəbbüslərdə rəqabət mühiti yaranır.

Bir müddət öncə Ermənistan Qərbin - ABŞ və Böyük Britaniyanın, həmçinin xarici siyasətini Qərbin əqrəbləri ilə tutuşduran Gürcüstanın vasitəçiliyi ilə Ağdamda basdırılmış 97 min minanın xəritəsini Azərbaycana təqdim etmişdi. Onda rəsmi Bakı humanitar prinsipləri rəhbər tutaraq 15 erməni hərbçini ölkəsinə təhvil vermişdi.

Qərbin təşəbbüslərinin artması Moskvada qısqanclıq yaratmaya bilməzdi və Kreml analoji addım atmağın zərurətini dərk etdi.

İyulun 3-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaydı ki, Rusiyanın təşəbbüsü ilə Ermənistan Füzuli və Zəngilanda basdırılmış 92 min minanın yerləşdiyi ərazinin xəritəsini Bakıya təqdim edib.

Bu sahədə Qərblə Rusiyanın arasında rəqabət yaranması yaxşı haldır və Bakıya faydalıdır. Çünki nəticədə qazanan Bakıdır və mina xəritələrinin verilməsi bərpa işlərinin sürətlənməsi üçün meyardır.

Bundan əlavə xəritələrin əldə edilməsi insan itkisinin qarşısının alınmasında da əhəmiyyətlidir.

Moskvanın addımı başadüşüləndir, təsadüfi deyil ki, Moskva Zəngəzur dəhlizindən qazanacağı əlavə iqtisadi dividentləri nəzərə alır, Füzuli və Zəngilan isə layihənin reallaşmasında açar rola malikdir.

Zəngəzur dəhlizinin əsas elementi Horadiz-Ağbənd dəmir yoludur. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək.

Yol-nəqliyyat infrastrukturunun Füzulidən keçməsi bu rayonun strateji əhəmiyyətini artırır, Zəngilan isə ikinci qapıdır.

Zəngilanı indi Naxçıvanla cəmi 40 kilometrlik Zəngəzur dəhlizi ayırır və Prezident İlham Əliyev bundan əvvəlki çıxışlarında həmin dəhlizin açılacağını bəyan edib.

Ümumilikdə mina xəritələri və məhbusların mübadiləsi praqmatik, müsbət və vacib bir prosesdir.

Bu, işğaldan azad edilmiş ərazilərdə investisiyanı da təşviq edir – istər yerli, istərsə də xarici sərmayələrə qapı açır.

Prosesin davamlı olacağı şübhəsizdir, bundan sonra yəqin ki, Ermənistan başqa ərazilərin mina xəritələrini də təqdim etmək məcburiyyətində qalacaq.

Aqşin Kərimov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır