Modern.az

Prezident: “Mən Hacıbala Abutalıbova tapşırdım ki...”

Prezident: “Mən Hacıbala Abutalıbova tapşırdım ki...”

Ölkə

11 Oktyabr 2012, 10:10


Oktyabrın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İlham Əliyev iclasa yekun vurarkən bildirib ki, o, bu il iki dəfə Zaqatala bölgəsində - zəlzələ zonasında olub.

“Həm məktəblər qısa müddət ərzində tikilmişdir, həm evlər tikilir, bərpa edilir. Bu məqsədlər üçün həm Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən kifayət qədər böyük məbləğlər - 300 milyon manatdan çox vəsait ayrılmışdır. Çalışmalıyıq ki, qalan vəsait də təşkil edilsin ki, qısa müddət ərzində biz bu məsələni də tam şəkildə həll edək. Ancaq bu, çox böyük iş həcmi deməkdir. Minlərlə ev dağıldı, yararsız vəziyyətə düşdü və Azərbaycan dövləti bu maliyyə yükünü yenə də öz üzərinə götürmüşdür. Mən bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Daşqın, zəlzələ zamanı biz çalışmalıyıq ki, bu sahədə də mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək”.

Prezident məcburi köçkünlərin yerləşdirilməsi prosesinin də getdiyini qeyd edib.
“Bu il bu məqsədlər üçün Neft Fondundan rekord məbləğ – 300 milyon manat nəzərdə tutulmuşdur. Bu vəsaitlə yeni qəsəbələr salınır. Mən bu qəsəbələrin açılışlarında iştirak edirəm və görürəm ki, doğrudan da biz insanlara sevinc bəxş edirik, onları ağır vəziyyətdən çıxarıb normal şəraitlə təmin edirik. Hesab edirəm ki, biz gələn il də ən azı bu səviyyədə vəsait ayırmalıyıq. 300 milyon manat böyük məbləğdir və gələn il də köçkünlərin yerləşdirilməsi, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük tədbirlər görüləcəkdir. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlər vardır. Əlbəttə, “çadır şəhərciyi” anlayışı artıq 5 ildir ki, silinibdir. Ancaq uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda kifayət qədər çox köçkün yaşayır. Biz həm onların vəziyyətini yüngülləşdirəcəyik, eyni zamanda, uşaq bağçaları ilə də bağlı bizim böyük planlarımız vardır”.

Ölkə başçısı deyib ki, infrastruktur layihələri arasında qazlaşdırma, kənd yolları, içməli su, əlbəttə, kanalizasiya məsələləri prioritet təşkil edir. Elektrik xətlərinin çəkilişi məsələləri də prioritet olmalıdır.

Ölkə başçısının sözlərinə görə, əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir.
“Biz buna yaxınıq, bəzi mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq. Bölgələrdə yaradılan yeni müəssisələr, emal müəssisələri, südçülük fabrikləri, heyvandarlıq fermaları, çörək zavodları, quşçuluq fabrikləri bizə imkan verir ki, yaxın illərdə hər bir mövqe üzrə daxili tələbatı yüz faiz öz gücümüzə arxalanaraq təmin edək”.

İlham Əliyev deyib ki, gələn ilin büdcəsi artıq formalaşıb, təqdim edilib. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olacaq. Büdcə xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir və bu, kifayət qədər böyük məbləğdir. İcmal büdcə ondan da böyük olacaq.
“İcmal büdcə 30 milyard dollardan da böyük ola bilər. Yəni, bu böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, bizim gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə istifadə etməliyik. İldən-ilə artan dövlət büdcəmiz, əlbəttə ki, mövcud problemlərin həlli üçün də çox vacibdir. Amma eyni zamanda, bu, böyük məsuliyyətdir. Elə etməliyik ki, bu məsələ ilə bağlı bütün hədəflər nəzərə alınsın. Xüsusilə İnvestisiya Proqramı tərtib edilsin. Başqa yerlərdən fərqli olaraq biz Dövlət İnvestisiya Proqramını yəqin ki, bu ilin sonunda qəbul etməliyik. Çünki adətən hər ilin əvvəlində Dövlət İnvestisiya Proqramını qəbul edirik, təxminən yanvar ayında, ondan sonra vaxt keçir, razılaşmalar aparılır. Təxminən fevralın sonuna yaxın artıq investisiyalar verilməyə başlayır. Yəni, vaxt itirməmək üçün biz Dövlət İnvestisiya Proqramını bu ilin sonuna qədər qəbul etməliyik”.

Enerji təhlükəsizliyi ilə bağlı danışan İlham Əliyevin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən kəşf edilın “Ümid” yatağında hazırda qazın hasilatı gedir, sahilə ötürülür, kondensat hasil edilir.

“Bu yatağın çox böyük əhəmiyyəti vardır. Bu, bizim enerji təhlükəsizliyimizi daha da möhkəmləndirəcəkdir. Eyni zamanda, bizim ixrac potensialımızı da genişləndirəcəkdir.
Adətən Azərbaycanın qaz resursları haqqında söhbət aparanda bəzi mütəxəssislər ancaq “Şahdəniz” yatağı haqqında danışırlar. Əlbəttə, “Şahdəniz” yatağı bizim ən böyük yatağımızdır. Ən azı bir trilyon 200 milyard qaz ehtiyatları vardır. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, bəlkə də birincisidir. Ancaq bizim qaz resurslarımız təkcə “Şahdəniz” ilə məhdudlaşmır. Biz gələcək ixrac imkanlarımızı ancaq “Şahdəniz”də olan hasilatla məhdudlaşdırmamalıyıq.
“Ümid” yatağımız Dövlət Neft Şirkəti tərəfindən aşkarlanıb. Orada ən azı 300 milyard kubmetr qaz vardır. “Total” və “Gaz de France” şirkətləri tərəfindən “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkarlanıb. Orada da ən azı 300 milyard kubmetr qaz vardır. Yəni, biz öz ixrac strategiyamızı planlaşdırdıqda bu amili mütləq nəzərə alırıq və məhz bunun nəticəsidir ki, Azərbaycan “TANAP” layihəsinin təşəbbüskarı olmuşdur. Çünki bizə elə qaz infrastrukturu lazımdır ki, istənilən həcmi istənilən istiqamət üzrə dünya bazarlarına çıxara bilək. Bizə kiçik ölçülü qaz kəməri lazım deyildir ki, təkcə hansısa bir yatağın işlənməsinə xidmət göstərsin. Bizə böyük həcmli qaz infrastrukturu lazımdır. “TANAP” layihəsinin bizim tərəfimizdən irəli sürülməsinin səbəblərindən biri də məhz bundan ibarətdir”.

Prezident deyib ki, Bakı şəhəri və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. İlk növbədə, su-kanalizasiya layihələri icra edilir. Ondan sonra yollar tikilməyə başlanacaq. Paralel olaraq qazlaşdırma, məktəblərin, xəstəxanaların, poliklinikaların tikintisi, iş yerlərinin yaradılması prosesi gedir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinin iqtisadi inkişafına yönəlmiş layihələr icra edilir. Gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinin inkişafı proqramı tam şəkildə yekunlaşmalıdır.

Ölkə başçısı deyib ki, Bakıda böyük parkinqlər tikilir və bu məsələ çox vacibdir.
“Çünki Bakı küçələrində kifayət qədər çox maşın dayanır. Əlbəttə ki, bu, yolverilməzdir. Digər tərəfdən, biz başa düşməliyik ki, əgər parkinq yoxdursa, maşın sahibi onu haradasa saxlamalıdır?! Ona görə biz bu sahədə hesab edirəm ki, ədalətli mövqe nümayiş etdiririk. Parkinqlər tikilənə qədər bu məsələyə bir qədər göz yummaq mümkündür. Amma parkinqlər tikilib istifadəyə verildikdən sonra küçədə bir dənə də olsun maşın qanunsuz olaraq parkinq etməməlidir. Bütün maşınlar parkinqlərdə saxlanılmalıdır. Biz böyük parkinqlər tikirik. Heydər Əliyev Sarayının arxasında bir kilometr uzunluğunda, yüz əlli metr enində ikimərtəbəli parkinq tikilir ki, orada dörd min maşın saxlamaq mümkündür. Azadlıq meydanının altında böyük parkinq tikilir. Orada ən azı iki min maşın saxlamaq mümkün olacaqdır. Mən Hacıbala Abutalıbova tapşırdım ki, şəhərdə digər yerlər müəyyən edilsin. Boş yerlər çoxdur. O yerlərin altında parkinq, üstündə yaşıllıq zonaları və istirahət parkları tikilməlidir. Ona görə biz bu məsələlərlə bağlı da çox ciddi məşğuluq”.

 İlham Əliyev deyib ki, Azərbaycanın hər bir qələbəsi Ermənistanın faciəsidir.

“Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı