Modern.az

“Qızların gəlin deyil, qız olması uğrunda əlimizdən gələni əsirgəməyək” - Çağırış

“Qızların gəlin deyil, qız olması uğrunda əlimizdən gələni əsirgəməyək” - Çağırış

Dünya

11 Oktyabr 2012, 11:31

11 oktyabr BEYNƏLXALQ QIZ ÖVLADI GÜNÜdür. Modern.az-ın məlumatına görə, BMT Baş katibi Pan Gi Mun bununla bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
Müraciətdə qeyd edilib ki, Yer üzərində hər gün qızlar ayrı-seçkilik, zorakılıq və  sui-istifadə ilə üzləşirlər. Bu həyəcan doğuran gerçəklik qızlara daha çox səlahiyyətlərin verilməsinin və onların insan haqlarının təmin olunmasının vacibliyini vurğulamaq məqsədi daşıyan yeni qlobal Beynəlxalq Qız Övladı gününə əsas yaradır.

“Bu gün BMT  diqqəti erkən nikah məsələsinə yönəldir. Dünyada 20-24 yaş arası hər üç qadından biri – təxminən 70 milyon gənc qadın 18 yaşına çatmamış ailə qurub. Son 30 ildə azyaşlı gəlinlərin ümumi sayının azalmasına baxmayaraq, bu çətin vəziyyət xüsusən də kənd yerlərində və ən yoxsul şəraitdə yaşayan insanlar arasında hələ də davam etməkdədir. 
Erkən nikah qızları imkanlardan məhrum edir. Bu onların sağlamlığını təhlükəyə atır, zorakılıq və sui-istifadəyə imkan yaradır, erkən və arzuolunmayan hamiməliklə - bir sözlə,  həyat üçün təhlükəli risklərlə nəticələnir. Əgər ananın yaşı 18-dən azdırsa, onun körpəsinin 1 yaşına çatmamış tələf olması ehtimalı yaşı 19-dan yuxarı olan anaların körpələri ilə müqayisədə 60 faiz daha çoxdur”-deyə Pan Gi Mun bildirib.

BMT baş katibi qeyd edib ki, qızların təhsil alması onların erkən nikahdan qorunması üçün ən yaxşı strategiyalardan biridir.

“Qızlar məktəbdə öz təhsillərinə davam etdikləri və erkən yaşlarında ailə qurmadıqları zaman, onlar özləri və həm də ailələri üçün daha yaxşı həyatın təməlini qoya bilərlər. Əgər onlar artıq erkən yaşlarında ailə qurmuşlarsa, təhsil əldə etmək, iqtisadi imkanlar və İİV-in qarşısının alınması, seksual və reproduktiv sağlamlıq daxil olmaqla səhiyyə xidmətləri onların həyatlarını zənginləşdirməyə və gələcəklərini möhkəmləndirməyə yardım edəcək. Mən hökumətləri, icma və din xadimlərini, vətəndaş cəmiyyətini, özəl sektor və ailələri – xüsusən də kişi və oğlanları qızların hüquqlarını, aidiyyatı olan Konvensiyalar, Pekin Bəyənnaməsi və Fəaliyyət Platforması, Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı da daxil olmaqla müxtəlif vasitələrlə təbliğ etməyə səsləyirəm. Gəlin bu ilki Beynəlxalq Qız  Övladı gününün mövzusu olan “mənim həyatım, mənim haqqım, erkən nigaha son” fikrini əsas tutaraq qızların gəlin deyil, qız olması uğrunda əlimizdən gələni əsirgəməyək”.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər