Modern.az

6 il əvvəl törədilmiş qətlin üstü AÇILDI

6 il əvvəl törədilmiş qətlin üstü AÇILDI

6 İyul 2021, 12:17

6 iyul 2015-ci ildə 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyiti aşkar edilib.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Modern.az-a daxil olan birgə məlumata görə, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.


Prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, 1963-cü il təvəllüdlü Ağsu rayon sakini Gözəlov Vahid Qəmbər oğlu 18 iyun 2015-ci il, saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun torpaq sahəsinin giriş qapısının bir qədər aralı olmasından şübhələnib oradan içəri daxil olub ağacın altında Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gəlib.


Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxıb, sonuncunun başının daş hasara dəyməsini, yerdə oturaq və huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, qərar verdiyi cinayətkar niyyətini reallaşdırmaq üçün yaxınlıqda olan sintetik ipi götürərək Sahib Babayevin boğaz nahiyəsinə keçirib boğub öldürüb. Sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoyub.


Vahid Gözəlov istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı dindirilərkən törətdiyi cinayət əməlini səmimi etiraf edib.


İyulun 5-də Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə