Modern.az

Harınlamış şəxslər qanunlara meydan oxuyurlar - Deputatdan və hüquqşünasdan ETİRAZ

Harınlamış şəxslər qanunlara meydan oxuyurlar - Deputatdan və hüquqşünasdan ETİRAZ

6 İyul 2021, 13:30

Uzun illərdir ki, Xəzər dənizi Abşeron yarımadası ərazisində sahilboyu hasarlarla əhatə olunub. Hündürlüyü 4-5 metr olan bu hasarlar bir çox ərazidə az qala kilometrlərlə uzanır. Abşeron yarımadasında  yerləşən Türkan, Hövsan, Buzovna, Bilgəh, Kürdəxanı, Pirşağı, Corat kəndlərinin və Qaradağ rayonun ərazilərində dəniz xalqın üzünə qapadılıb. Hər il bu məsələ gündəmə gətirilsə də, problem həllini tapa bilmir.


Bu problemin tamamilə həll edilməsi üçün hansı addımlar atılmalıdır?


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a bu həlli tapılmayan məsələni qətiyyətlə pisləyib:


“Azərbaycan xalqının sərvəti olan Xəzər dənizi insanların üzünə qapanmamalıdır. Milli Məclisdə də bu haqda məsələ gündəmə gətirilib. Təkcə insanların dənizə keçidi mümkünsüzləşməyib. Hətta hasarlar elə ucaldılıb ki, avtomobillə gedərkən dənizi görmək mümkün deyil. Bura misal olaraq Qaradağ rayonunun adını çəkmək olar.


İnsanlar pandemiya dövründən yavaş-yavaş çıxmaq istəyirlər və dənizə üz tuturlar. İstirahət hər bir insanın haqqıdır. Lakin harınlamış oliqarxlar, məmurlar tərəfindən ölkə qanunlarına arxa çevirildiyi üçün hər kəs pis vəziyyətdə qalır. Ölkədə bəzi məsələlərlə bağlı cəzasızlıq var və bu səbəbdən harınlamış şəxslər belə addımları atırlar. Hərə bir ərazini hasarlayıb, özəlləşdirib. İnsanları bahalı xərc müqabilində dənizə buraxırlar. Dəniz heç kimə məxsus deyil, dövlətə məxsusdur. Mən bütün bu prosesləri izləyirəm və hüquq müdafiəçisi olaraq qətiyyətlə pisləyirəm. Dəniz sahilindən müəyyən məsafədə tikintiyə icazə verilmir, bu qanun da pozulub. Bu günümüzdə harınlamış məmurlar ölkə qanunlarına meydan oxuyurlar.


Hər bir xırda məişət problemində son sözü cənab prezident deməlidir? İnsanlar artıq müəyyən qurumlardan ümidlərini üzüblər. Yalnız daha yüksək səviyyədə məsələnin həll olunmasını istəyirlər”.


Çingiz Qənizadə qanunların rəhbər tutulmalı olduğunu vurğulayıb:


“Dövlət bu məsələdə aktiv fəaliyyətə keçərək, özbaşınalıq edənləri həm cəzalandırmalı, həm də insanların dənizə çıxa bilməsi üçün ciddi tədbirlər görməlidir. Bu problemlər may ayında həll olunmalı idi. Artıq yayın ortasıdır və insanlar indi həyəcan təbili çalırlar ki, nə edək?


Dövlət qurumları bu suala cavab verməli, insanların dənizə çıxışını təmin etməlidirlər”.  


Millət Vəkili Vahid Əhmədov da problemlə bağlı fikirlərini bölüşüb:

“Məsələ ilə bağlı məsul şəxslər var və  onlar bu problemlərə göz yumurlar. Nəyə görə? Vəsait və rüşvət aldıqları üçün. Bu səbəbdən proses illərdi davam edir. Bununla bağlı göstərişlər, tənqidlər, Milli Məclisin çıxışları olsa da, ortada həllini tapan heç bir məsələ yoxdur. Yenə də hasarlar çəkilir, dəniz kənarları tutulur. Bu məsələ ilə bağlı qərar tərtib olunub Bakı Şəhər İcra Hakimiyyətinə verilməlidir. Hazırda dəniz kənarlarının əksəriyyəti tutulub, tutulmayanlar da pulludur. Hər insanın imkanı yoxdur getsin orada istirahət etsin. Bu məsələ tezliklə həllini tapmalıdır”.


Mehri Qurban

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi