Modern.az

Sabiq deputatlara ev əvəzinə söz verirlər - QALMAQAL

Sabiq deputatlara ev əvəzinə söz verirlər - QALMAQAL

Parlament

11 Oktyabr 2012, 13:16

Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdir ala bilmir. Onlar 10 ildən çoxdur mənzil növbəsində dayanıblar. Eks-millət vəkillərinin sözlərinə görə, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb.

 O zaman bir neçə deputata mənzil verilsə də, bəziləri hələ də mənzil ala bilmirlər. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev yenidən Modern.az-a danışıb. Eks-deputat bildirib ki, binanın tikintisinə cavabdeh olan KAT LTD şirkəti yenidən onlara söz verib.

“Bizim çoxsaylı iradlarımızdan sonra artıq binanın tikintisinə başlanılıb. Sözün açığı onlar yenə söz veriblər ki, binanı tikib bizlərə verəcəklər. Hətta məndə olan məlumata görə, binanın tikintisi ilə məşğul olan iş icraçısı da dəyişdirilib, yeni ciddi bir iş icraçısı təyin olunub. Mən özüm şirkət rəhbəri ilə əlaqə saxlamamışam. Bildiriblər ki, narahat olmasınlar tikinti başlanılıb, mənzillər tikilib təhvil veriləcək. Yenə də onlar söz veriblər, yəqin ki, yerinə yetirərlər. Bununla bağlı başqa heç bir yenilik yoxdur. Gözləyirik yəqin ki ,bu dəfə verdikləri sözlərin üstündə durarlar”, - deyə Ə.Nuriyev bildirib.

Modern.az  məsələyə KAT LTD şirkətindən rəsmi münasibət öyrənməyə çalışsa da, bu cəhdimiz baş tutmayıb.  

Anar RÜSTƏMOV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar