Modern.az

Şəhid olandan sonra doğulan qızına Şuşa adı qoyuldu - Kapitan Elçin Ağayev FOTOLARDA

Şəhid olandan sonra doğulan qızına Şuşa adı qoyuldu - Kapitan Elçin Ağayev FOTOLARDA

Reportaj

7 İyul 2021, 09:04

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2906 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 30 iyun  2021-ci il tarixində dəyişib. Həmin siyahıda 8 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə dünyaya gələcək sonbeşiklərini görmədən bu dünyadan köçdülər.

 

Körpəsinin üzünü görmədən həlak olan şəhidlərimizdən biri də kapitan Elçin Ağayevdir.

 

Arayış: Elçin Ağayev 1993-cü il iyulun 7- də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 2010-cu ildə Heydər Əliyev adına Ali məkətəbə daxil olub. 2015-ci ildə təhsilini başa vurub və peşəkar hərbçi kimi fəaliyyətə başlayıb. Öz xahişi ilə  vəzifəsini cəbhə bölgəsində davam etdirib. 4 il bölmə komandiri vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun kapitanı olan Elçin Ağayev ötən il Vətən müharibəsinin gedişində - oktyabrın 6-da Suqovuşanın azadlığı uğrundan döyüşlərdə şəhid olub. Doğulduğu kəntdə torpağa tapşırılıb.

 
Şəhidimizin atası Zakir Ağayev oğlu haqqında Modern.az-a danışıb.


Şəhid atası deyib ki, Elçin yaralı hərbçiləri döyüş bölgəsindən çıxardığı üçün dostları ona “xilaskar kapitan” deyirmişlər:


“2020-ci il sentyabrın 26-da həyat yoldaşının doğum günü idi, gəlib ona hədiyyə verib, uşaqları ilə görüşüb, sonra döyüşə yollanıb. Ancaq döyüşə getdiyini ailəsinə söyləməyib. Elçin Vətən müharibəsi zamanı Talış kəndinin, Suqovuşanın və  Laçının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.   
Döyüş bölgəsindən xeyli yaralı çıxarıb. Dostları ona öz aralarında “xilaskar kapitan” deyirmişlər.
2020-ci il oktyabrın 6-da Suqovuşanın azadlığı uğrunda gedən döyüş zamanı şəhid olub. Ölümündən sonra cənab Prezident tərəfindən “İgidliyə görə”, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib”.

 
Z.Ağayev oğlunun Şuşa eşqi ilə yaşadığını söyləyib. Elə buna görə də 2021-ci il yanvarın 24-də dünyaya gələn qızına ad verilərkən şəhid zabitin arzusunu gerçəkləşdiriblər:


“Oğlumla qürur duyuram. Şəhidlik zirvəsi hər adama qismət olmur. Bu ad mənim oğluma qismət olub. O, düşmənin üzərində qələbə çalmağımızı və murdar düşmənin torpaqlarımızdan qovulmasını arzulayırdı. Ən böyük arzusu Şuşa idi. Deyirdi ki, Şuşaya getməliyəm, oranı görməliyəm. Qismət olmadı.

Özü dünyadan köçdü  3 körpəsi - 5 yaşlıoğlu Zakir, 4 yaşlı qızı Nigar və  üzünü görmədiyi körpə balası Şuşa bizlərə əmanət qaldı. Hər ata kimi onun da övladları ilə bağlı arzuları çox idi. Sonuncu dəfə evdən çıxanda mənim adımı daşıyan övladına - oğluna sarılaraq deyib ki, evin kişisi sənsən artıq. Ən böyük arzusu Şuşanı görmək idi, Şuşa eşqi ilə yaşayardı hər zaman. Bizdə oğlum şəhid olandan 58 gün sonra dünaya gələn gələn qızına Şuşa adını verdik”.


Humay İsgəndərova

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?