“Daşlı adasındakı palçıq vulkanı demək olar ki, sönüb. Onun yenidən aktivləşmə ehtimalı yoxdur”.
Bunu Modern.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də partlayışla müşahidə edilən vulkan püskürməsi barədə son məlumatları verərkən bildirib.
Q.Yetirmişli deyib ki, hava şəraiti imkan verdiyi təqdirdə İşçi Qrup gəmi ilə sahəyə yaxınlaşacaq:
“Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu vulkanın Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərinin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq. Oradan nümunələr götürüləcək. Bu nümunələr sırf elmi araşdırmalar üçün vacibdir. Onun tərkibində hansı elementlər, hansı qazlar var, ağır metallar var, yoxdur, ümumiyyətlə hansı miqdardadır və s. bunlar öyrəniləcək”.
Seysmoloq deyib ki, 76 il sonra püskürən vulkanı aktiv saymaq olmaz:
“Vulkan var ildə 2-3 dəfə, 3 ildə 15 dəfə püskürür. Bu səbəbdən də aktiv vulkan hesab edilir”.
Qeyd edək ki, Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib. Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub. Vulkan sonuncu dəfə 1945-ci ildə bu cür püskürüb.