Modern.az

“Şadlıq evlərində 30 manatdan baha menyular qadağan olunsun!” - Deputatdan sərt TƏKLİF

“Şadlıq evlərində 30 manatdan baha menyular qadağan olunsun!” - Deputatdan sərt TƏKLİF

Parlament

7 İyul 2021, 13:54

İyul ayının 1-dən toyların keçirilməsinə icazə verilib. Lakin ortada müəyyən problemlər var. Məsələn, restoranların qiymətləri qaldırması... İndi şadlıq evlərində yerpulu adambaşına 50 manatdan aşağı deyil.

Müşahidələr göstərir ki, şadlıq evlərinin sahibləri pandemiya dövründə itirdikləri qazancı qısa müddətdə müştərilərdən çıxarmağı hədəfləyiblər..


Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Əziz Ələkbərli toylar haqqında fikirlərini Modern.az-la bölüşüb. O, Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı verdiyi icazənin xalq tərəfindən böyük sevinclə qarşılandığını və bunun təsadüf olmadığını bildirib:

“Azərbaycan xalqının çox qədim toy ənənələri olub, hamı övladına təmtəraqlı toy etmək arzusunda idi. Amma bəzi işbazların bundan istifadə etməsi, qiymətləri qaldırması xoşagələn hal deyil. Bu məsələdə mənim mövqeyim fərqlidir. Toy biznesinin başında duranları qınamıram, onların işi budur. Bu problemin yaranmasında ən böyük günah vətəndaşlardadır. Artıq xeyli vaxtdır ki, insanlar toy ənənələrimizi çox xoşagəlməz bir vasitəyə çeviriblər. Toylar olub soyğunçuluq vasitəsi. Belə bir misal var: Azərbaycan xalqı şadlıq evlərinə işləyir.
Yəni bu gün toy sahibi qonaqlardan fantastik məbləğdə pulu yığıb verir şadlıq evinə, sabah eyni işi o biri toy sahibi edir və bu proses zəncirvari qaydada davam edir. Təsəvvür edin, bir dəfə toy edib, şadlıq evi ilə başa-baş çıxan toy sahibi 20-30 il toya çağırdığı adamların toyuna getməklə borcunu qaytarır. Heç kəsin də bu soyğunçuluq “karuselini” durdurmağa gücü çatmır. Sonunda COVID-19 bu karuseli dayandırmışdı. İndi yenidən bu “karusel” fırlanmağa başlayır. “Toy biznesmenləri” son ilyarımda itirdikləri məbləği geri qaytarmaq üçün bu “karuseli” daha sürətlə fırlatmaq istəyirlər”.


Ə.Ələkbərli problemdən çıxış yolu haqqında da danışıb:

“Bu günə qədər olan toy ənənəsindən qurtarmaq lazımdır. Birincisi, toylarda adam sayı məsələsinə 100 nəfər həcmində ciddi məhdudiyyət qoyulmalıdır.
İkinci ciddi məsələ israfçılıqdır. Masa üzərinə qoyulan yeməklərin 80 faizi elə masa üzərində də qalır, sonradan onları soyuduculara yığıb növbəti toylarda qonaqlara təqdim edirlər. Bununla da  yeni toy sahibinin aldadılmasına və dəfələrlə müşahidə edilən qida zəhərlənməsinə səbəb olurlar.
Buna görə də mən təklif edərdim ki, şadlıq evlərində toy menyularının yuxarı həddi  30 manat olmaqla müəyyənləşdirilsin. Yəni 30 manatdan baha menyulara məhdudiyyət qoyulsun. Toyda ağırlıq qarın otarmağa yox, musiqiyə, rəqsə, digər milli adətlərə verilsin. Doyunca yeyib-içəndən sonra ortaya düşüb oynayan insanları təsəvvür edin, belə toylarda hansı estetikadan danışmaq olar. Beş-üç adamın qazanmağı xatirinə toyları bu qədər eybəcərləşdirmək olmaz.
Mənim təklifim dövlətin bu gün yeritdiyi sosialyönümlü siyasətin də mühüm tərkib hissəsi ola bilər və hesab edirəm əhalinin sosial müdafiəsi baxımından da çox böyük əhəmiyyət daşıyır”.

 

Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!