Modern.az

Muğam müsabiqəsinin qalibi: “Elmar Məmmədyarov telefon nömrəmi yazıb götürdü” - MÜSAHİBƏ

Muğam müsabiqəsinin qalibi: “Elmar Məmmədyarov telefon nömrəmi yazıb götürdü” - MÜSAHİBƏ

12 Oktyabr 2012, 12:36

Modern.az-ın müsahibi “Muğam-2005” telemüsabiqəsinin ilk qaliblərindən biri, 14 yaşından prezident təqaüdünə layiq görülmüş Pərvaz İbrahimlidir. Hazırda 19 yaşı olan bu şirindil, hazırcavab oğlan suallarımızı böyük həvəslə cavablandırıb.

– Pərvaz, gözəl səsin var, bilmək olarmı ki, musiqi istedadın haradan qaynaqlanır?

– Dirijor-bəstəkar Çingiz Ağayev mənim babam olub. Mənə elə gəlir ki, bu, babamdan mənə ötürülmüş irsi bir istedaddır. Mən hətta babamın “Gözəl Bərdə”adlı mahnısını ilk dəfə solo oxuyanlardan biri olmuşam və o zaman 4 yaşım olardı. Bu, həm mənə, həm də mahnıya çox böyük uğur gətirib. “Bərdənin Uzeyiri” sayılan bir şəxsin nəvəsi olasan və səsin olmaya, – yox, bu, günah olardı.

– Ümumiyyətlə, neçə yaşından oxumağa başlamısan ?

–3 yaşımdan oxuyuram .Hələ kiçik yaşlarımdan tədbirlərdə çıxış edirdim. Bir dəfə hərbi hissədə hərbçilər qarşısında “Gözəl Bərdə” mahnısını ifa edəndə, boyum çatmadığına görə stolun üstünə çıxmışdım.

– Deyəsən, prezidentin də sənin ifandan xoşu gəlib...

– Elədir. Bir dəfə Bakıda səhnədə çıxış edirdim. Bir də gördüm ki, prezident İlham Əliyev əli ilə kimisə çağırır. Əvvəlcə çaşdım və arxaya baxdım ki, bəlkə məndən arxada kimsə dayanıb, onu çağırır. Amma sonra başa düşdüm ki, məni çağırır və ona yaxınlaşdım. İlham Əliyev mənə dedi ki, çox gözəl oxuyursan. Xarici işlər naziri Elmar Məmmədyarov isə telefon nömrəmi kağız parçasına qeyd eləyib götürdü. Sonralar prezidentin sərəncamı ilə adım “Gənc İstedadların Qızıl Kitabı”na salındı.

– Müsabiqəyə qatılanda kiçik yaşlarda olardın. Və demək olar ki, günün çox hissəsini musiqi fəaliyyətinə həsr etmişdin. Bu sənin uşaqlığını əlindən almadı ki?

– Təbii ki, aldı. Hərdən anama deyirdim ki, mən uşaqlıq yaşamamışam. Çünki o qədər Mənsum İbrahimov və başqa müəllimlərin yanında olmuşdum ki, artıq düşüncələrim də böyümüş idi. Eyni zamanda müsabiqədə iştirak edənlər də məndən yaşlı idi. Onun da öz təsiri olurdu. Amma indi hərdən onun əvəzini çıxmaq üçün futbola gedirəm, Bərdəyə gedəndə də velosiped sürürəm. Atam baxıb gülür, deyir, ay bala, sənin maşın sürən vaxtındır, velosiped sürən vaxtın deyil.

– İndi harada oxuyursan, musiqi təhsilini davam elətdirirsənmi?

– İndi Konservatoriyada tələbəyəm. Mənsum İbrahimovdan, Samir Cəfərovdan və başqa müəllimlərimdən təhsil alıram.

– “Biz qayıdacağıq” adlı filimdə baş rolda oynadın. Niyə məhz sən seçildin bu filmə?  

– Məndən əvvəl artıq bir neçə uşağı sınaqdan keçirmişdilər. Amma mən bu filmə çəkilmək üçün daha həvəsli idim. Ona görə də bir az biclik işlətdim. Belə ki, həyətdə maşının silinməsi səhnəsini məşq edərkən tez-tez yuxarı baxdım. Rejissor Elxan Qasımov bunu tutdu və mənə dedi ki, niyə yuxarı baxırsan ? Dedim, guya işıqfora baxıram ki, birdən yaşıl işıq yanar, maşın gedər, sürücü pulumu verməz. Elxan Qasımov bunu bəyəndi və ondan sonra filmə məni çəkdi .

– Amma deyəsən, sonradan bu biclik sənə baha başa gəlib?

– Filmə çəkiləndə 11 yaşım olardı. Elə bilirdim ki, birsaatlıq filmi elə bir saata çəkib qurtarırlar. Nə bilim ki, bir saatlıq film 4 aya çəkiləcək. Çəkilişin bu qədər uzanması məni çox yormuşdu. Hətta film çəkilişləri zamanı əməlli-başlı xəstələndim də. Eyni zamanda, “Biz qayıdacağıq”ın bir səhnəsində uşaqlar məni döyməli idi. Sən demə, Elxan Qasımov işarə edib ki, doğurdan döyün ki, təbii alınsın. Həm də məni döyənlərdən biri də dostum idi. Çəkilişi saxlatdırıb şikayət edirdim ki, Elxan müəllim, doğurdan döyürlər e məni.

– Müsabiqədən xeyli zaman keçib. Maraqlıdır, cəmiyyət arasına çıxanda səni hələ də tanıyırlarmı?

– Deyə bilmərəm ki, hamı məni tanıyır. Amma tanıyanlar da olur. Məni ən çox əsəbiləşdirən isə odur ki, metroya minəndə elə baxırlar ki, bəzən insan bu diqqətli baxışdan qıcıqlanır. Elə olur ki, dözə bilmirəm, əlimi çənəmin altına qoyub qəzəbli baxışlarla həmin insana baxıram. Deyirəm, bəlkə, başa düşərlər ki, insanı bu qədər baxışların basqısı altında saxlamaq olmaz.

– Bəlkə, özünə şəxsi maşın alasan ?

– Yox, şəxsi maşın almağı düşünmürəm. Sadəcə, gərək xasiyyətimi dəyişəm. Çünki mən bu peşəni seçmişəmsə, lazımdır ki, təmkinli, səbirli olum. Bəlkə də bu qıcıqlanma mən də yaş dövrü ilə əlaqədardır.

– Bir sıra xarici ölkələrdə səfərdə olmusan. Ən çox yadında hansı xatirə qalıb?

– Mən rus və ingilis dillərini öyrənməkdə necə deyərlər vaxtı ilə cığallıq etmişəm. Ona görə də yaxşı bilmirəm . Bu da xarici ölkələrə gedəndə mənə problem yaradıb. Yadımdadır, bir dəfə Amerikada olanda mənə ütü lazım idi. Nə qədər etsəm də bizim dildə amerikalı qıza başa sala bilmədim ki, mənə ütü lazımdır. Əlacım kəsildi, əlimi ütü formasında tutaraq paltarımın üstündə gəzdirdim ki, guya ütüləyirəm. Xeyli çək-çevirdən sonra anlada bildim.

Bir dəfə də Mərakeşdə səfərdəydik. Orada ailəmlə danışmaq üçün telefon kartı almağa getdim. Amma evdən heç kim cavab verməyəndə məyus halda geri qayıdarkən yadıma düşdü ki, çantamı götürməmişəm. Tez bazara qayıtdım və gördüm ki, iki ərəb qadın gedir və əlində iki çanta var. Onun əlində ki, çantalardan biri mənim idi. Dili bilmədiyimdən qadına başa sala bilmirdim ki, çanta mənimdir. Axır dedim, yox e bunlar mənə əşyamı verən deyil. Tutdum çantamı, özümə tərəf dartışdırdım. Bu yolla başa düşdülər və onu mənə qaytardılar.

Bu iki hadisə həmişə mənim xatirəmdə qalır.

– Nə qədər təqaüd alırsan?

– 300 manat.

– Kirayə qalan tələbə kimi bu təqaüdü qənaətlə xərcləyə bilirsənmi?

– Bir az da evdən göndərirlər, bəs edir .

- Bəs evdə biş-düş məsələsini necə həll edirsən?

– Müasir texnologiya köməyimə çatır. Paltar yumaq istəyirsən – maşın, qab yumaq istəyirsən – maşın. Həm də bacımın ailəsi Bakıdadır. Elə olur ki, onlar yemək göndərir, elə də olur ki, restorandan sifariş edirəm. Çünki evdəkilər deyib ki, nəyə də qənaət etsən də, yeməyində qənaət etmə.

– Bu yaxınlarda klip çəkdirmisən. Bəs sponsorluğu kim etdi ?

– Təbii ki, atam. O mənim ən yaxşı sponsorumdur.

– Toylara necə, gedirsənmi ?

– Xeyr.

– Bizim musiqiçilərdən kimi dinləyirsən?

– Flora Kərimova, İlhamə Quliyeva, Röya Ayxan mənim sevdiyim müğənnilərdir. 

– “Biz qayıdacağıq” filmində daim ətrafında dolandığın bir qız var idi. Bəs həyatda necə?

– Yox həyatda belə bir qız yoxdur. Sevdiyim yeganə xanım anamdır.


Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir