“Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan aldığı daha 4 qatar tərkibi bu həftəsonuna qədər Bakıya gətiriləcək.
Bunu Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədovun sözlərinə görə, hazırda qatarlar Azərbaycan sərhədinə yaxınlaşmaq üzrədir:
“Bu həftənin sonuna qədər qatarların Bakıya daxil olacağı gözlənilir. Qatarlar Bakıya daxil olandan sonra “Nəriman Nərimanov” deposuna təhvil veriləcək. Depoda qatarlar iki həftə müddətində sazlanma prosesinə cəlb ediləcək və sınaq olunacaq. Daha sonra həmin qatarlar xəttə buraxılacaq. 4 yeni qatar istismar müddəti başa çatan qatarlarla əvəzlənəcək”
Qurum rəsmisi deyib ki, hazırda Bakı Metropolitenində 15 qatar tərkibindən ibarət 75 yeni vaqon istismardadır:
“Yeni gələn vaqonlarla birlikdə metropolitendəki yeni vaqonların sayı 95-ə çatdırılacaq. Razılaşmaya əsasən, gələn il daha 20 yeni vaqondan ibarət 4 qatar tərkibi Bakıya gətiriləcək”.