Modern.az

Açıq-saçıqlıq... - Geyim əxlaq ölüçüsü sayıla bilər?

Açıq-saçıqlıq... - Geyim əxlaq ölüçüsü sayıla bilər?

13 İyul 2021, 15:51

Bir neçə gündür açıq-saçıq geyimli qadınlarla bağlı məsələ az qala mətbuata gündəm olub. Mövzunu gündəm edən isə özünü “Pantural” adlandıran şəxsin sosial şəbəkədə açıq-saçıq geyimıli qadınlara qarşı seksual xarakterli zorakılığa çağırması oldu. Və məsələyə polis də qarışmalı oldu.

İndi sosial şəbəkələrdə “geyim əxlaqı”na dair müzakirələr açılıb. Bu müzakirələrdə açıq-saçıq geyimli qadınları asıb-kəsənlərlə yanaşı, onları müdafiə edənlər “qırğına çıxıb”.

Doğrudanmı geyim əxlaq ölüçüsü sayıla bilər?


Mövzuya münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a deyib ki, geyim insanların əxlaq ölüçüsüdür:


“Nizaminin poemasında bir səhnə var. Qıpçaq çöllərində qadınlar kişilərlə vuruşur. Qadınların əyinlərində paltar olmur. Kişilər isə onları paltar geyinmədikləri üçün cəzalandırır. Qadınlar da kişilərə sual verir ki, “bəs siz niyə o qadınlara baxırsınız?”.

Yəni problem bu günün yox, neçə əsrlər öncənin məsələsidir. Belə məsələlər Nizaminin vaxtında da müzakirə olunub.

İnsanların mənəviyyatı elə olmalıdır ki, geyim o mənəviyyatla tənzimlənsin. Məsələn, uzun illərdir ki, çimərliyə gedirsən, orada insanlar yarıçılpaq şəkildədir. Bu qəbulolunmuş haldır.

Digər tərəfdən, həm kişilər, həm qadınlar elə geyinməlidir ki, ətrafda gərginlik yaratmasın. Cəmiyyətimizi nəzərə alaraq “qıcıq” yaratmamaq üçün geyimimizə fikir verməliyik”.


Ə.Qəşəmoğlunun sözlərinə görə, hər bir cəmiyyətin özünə uyğun tələbləri var:


“Mən sərbəstəm, mən azadam, mən belə geyinirəm” fikri yalnışdır. Biz həm də sosial varlığıq, cəmiyyətin bir hissəsiyik. Ona görə də cəmiyyətin tələblərini nəzərə almalıyıq. Buna misal olaraq belə deyə bilərəm. Məsələn, bir ailə Bakıda çimərliyə gedib, istədiyi geyimdə, tərzdə geyinib ailəsi ilə vaxt keçirə bilər. Amma həmin ailə Azərbaycanın hansısa rayonuna gedib göldə, çayın qırağında çimsə, bəlkə də o kənddən onları qovarlar. Bu onu göstərir ki, Bakı cəmiyyətinin tələbləri, kənd cəmiyyətinin tələblərindən ayrıdır.

Cəmiyyətdə gərginlik yaradan geyim olmaz. Deyə bilərəm ki, geyim əxlaq ölçüsü sayıla bilər. Heç kimin haqqı yoxdur ki, cəmiyyət içinə lüt və ya yarımçılpaq şəkildə çıxsın. Yalnız qadınlar yox. Kişisi tərbiyəli olan cəmiyyətdə, qadınlar da tərbiyəli olur!”.


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Mehriban Zeynalova bildirib ki, geyim əxlaq məsələsi deyil, insanın özünü təqdimat formasıdı:


“Geyim zövq məsələsidir. Hər bir, məkanın, şənliyin, mərasimin öz geyimi var. Amma bəzi hallarda bu geyimlər qarışır. Burada əsas problem bədən fiqurasına uyğun geyinməməkdədir. Bu da xoşagəlməyən assosiasiya yaradır.

Mən hesab edirəm ki, geyim əxlaq məsələsi deyil, insanın özünü təqdimat formasıdır. İnsanın özünü təqdimatı ətrafdakılarda kifayət qədər rəy formalaşdırır. Amma kiminsə qarşısındakını geyiminə, seçiminə, zövqünə görə təhqir etmə və ya onu zorlama haqqı da yoxdur”.

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir