Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən, struktur vahidləri/vəzifələr, müəyyən vəzifələr üzrə əlavələrin məbləği artırılıb. Yerləşmə ərazisinə görə tibb müəssisələrinin bəzi struktur vahidlərinin əməkdaşları üzrə aylıq sabit həvəsləndirici əlavələrin məbləğində optimallaşma aparılıb.
Modern.az-ın məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Qaydaya görə, qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Yeni Qaydaya görə bir sıra ixtisaslar/vəzifələr üzrə aylıq həvəsləndirici əlavələrin məbləği tibb müəssisəsinin qrup və kateqoriyasından asılı olaraq dəyişdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünür, öz növbəsində 1-ci qrup A, B, C, 2-ci və 3-cü qruplar isə A, B, C və D kateqoriyalarına ayrılır.
Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib. Əvvəlki Qaydaya görə 12 vəzifə üzrə tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə aylıq həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib (Qaydanın 16-4-cü bəndi).
Bununla yanaşı, Qaydaya “Elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğləri” adlı yeni bənd daxil edilib. Belə ki, səhiyyə işçiləri bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 40 manat məbləğində əlavələr hesablanacaqdır. Qaydaya edilən bu dəyişiklik 1 iyul 2021-ci ildən qüvvəyə minir.
Qaydada edilən digər dəyişikliklər 1 aprel 2021-ci ildən qüvvəyə minir.