“Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin region mərkəzinin əməkdaşları Sabiarabadda zorakılığa məruz qalmış vətəndaşı ziyarət edib, onun sosial-psixoloji vəziyyəti araşdırılıb”.
Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, iyulun 6-da qurum tərəfindən Daxili İşlər Nazirliyinə, yerli İcra Hakimiyyətinin Qəyyumluq Komissiyasına müraciət məktubu göndərilib:
“Ailədə olan uşağın da sosial-psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda faktla bağlı cinayət işi açılıb. Qanunsuz əməli törədən iki nəfər müvəqqəti olaraq azadlıqdan məhrum ediliblər. Hazırda cinayət işi üzrə istintaq tədbiləri həyata keçirilir”.
E.Səfərov deyib ki, Dövlət Komitəsi hesab edir ki, qadının təhdid və tənqid edilməsi yolverilməzdir:
“Bu təhdidlər davam etdiyi halda, qanunvericiliyə uyğun şəkildə onların da məsuliyyətə cəlb edilmələri mümkündür. Zorakılığı törədən şəxslər qanunun ali prisipləri çərçivəsində cəzalandırılmalıdır. Mütəmadi olaraq, sosioloq, psixoloq və hüquqşünas ailə ilə mütəmadi işləyəcək. Dövlət Komitəsi, Yerli İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin dəstəyilə ailəyə lazımi dəstək həyata keçiriləcək”.
12 iyun 2021-ci il saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü Nazilə Məmmədovanın yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə müvafiq ekspertizalar təyin olunub və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.